Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutunda yerləşən Nüvə Sınaqlarının Hərtərəfli Qadağan Olunması Haqqında Muqavilə Təşkilatının (CTBTO) Azərbaycan Milli Məlumat Mərkəzinin elmi-texniki bazası müasir tələblərə uyğunlaşdırılır. Bu barədə Lent.az-a AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Quruma ABŞ istehsalı olan "Lenovo Thinkstation" və “IBM” markalı avadanlıqlar sistemi alınıb. Yeni elektron sistemin mərkəzdə geofiziki məlumatların təhlili üçün imkanları genişləndirəcək, CTBTO-nun Avstriyanın Paytaxtı Vyanada yerləşən mərkəzi ofisi ilə əlaqəni texniki baxımdan daha da sürətləndirəcək.
2003-cü ildə təşkil olunmuş Azərbaycan Milli Məlumat Mərkəzinin rəhbəri AMEA-nın müxbir üzvü, professor Fəxrəddin Qədirovdur. Qurumun rəhbər müavini – geologiya-mineralogiya elmləri namizədi, dosent Qulam Babayev bildirir ki, yeni sistemin dəyəri 24 min avrodan çoxdur. Hazırda sistem CTBTO-nun mərkəzi ofisinin mütəxəssisi Dale Roblin tərəfindən quraşdırılır. Sistemin quraşdırılması mərhələ şəkilində həyata keçirilir, beynəlxalq şəbəkəyə bağlantısı yaxın ayda CTBTO-nun digər qrupu tərəfindən təmin ediləcək.
Mərkəzin əməkdaşları xarici ölkələrdə vaxtaşırı təşkil olunmuş təlim kurslarında iştirak edir, qurumun fəaliyyətinə dair xüsusi tədqiqat metodlarını mənimsəyirlər.