"Üzü günəşə dəfn etdik"- MARAQLI İNSANLAR
03 avqust 2013 13:00 (UTC +04:00)

"Üzü günəşə dəfn etdik"- MARAQLI İNSANLAR

Bu dəfəki qəhrəmanımız Asif Ata Ocağının təmsilçisi (Kərəm bəy) Düzgün Atalıdı. Onunla təsadüfən tanış oldum, xeyli söhbət elədikdən sonra qərara gəldim ki, Kərəm bəyin yadımda qalan fikirlərini oxuculara təqdim eləyim. Demək, Kərəm bəy 1988-ci ildən Atanın Ocağına gedib və təxminən bir ildən sonra Mütləqə İnamı qəbul edib.

 

- Düzgün bəy, demək, Asif Ata Ocağına lap gənckən getmisən?

 

- Bəli, cavan, millətini sevən idmançı oğlan idim. O vaxtlar Ataya hər tərəfdən təzyiqlər olurdu, məclislərimizə KQB tərəfindən öyrədilmiş dindar gənclər gəlir, aranı qatıb münaqişə yaratmaq istəyirdilər. Belə olanda Ata zala müraciət eləyər, onları zaldan çıxarın, deyərdi. Yəni, Ataya hörmətin yoxdusa burda sənin nə işin var? Belə təxribatçıları çox vaxt mən çölə ötürürdüm. Həə, bu heç, belə şeylər çox olub. Qaldı ki, mən özüm dindar ailədə böyümüşəm. İdealım isə Şah İsmail Xətai olub. Asif Atanın Ocağına gəldikdən sonra dinlər haqda təsəvvürüm dəyişdi.

 

- Necə düşünürsən, Ata peyğəmbər idimi?

 

- Yox, qətiyyən yox! Çünki, Atanın yaydığı din yox, qədim türk inanclarının, türk dünyagörüşünün toplusudu. Bizim Mütləqə İnam Zərdüştlüyə, Hürrəmliyə, sufiliyə, hürufiliyə qohum inancdı. Ata bütün ehkamçılığı rədd edirdi.

 

- Ehkamları qəbul eləmirdisə, bəs niyə inanclılar Atanın əlini öpürdü?

 

- Biz Atanın əlini qorxudan yox, sevgidən öpürdük. Bu bir könül işidi, burda məcburiyyət yoxdu. Adətən, qullar öz ağasının əlini qorxudan öpür, ancaq bizimki qorxu yox, Ataya məhəbbətdi. Ata fəlsəfə ilə inancı birləşdirən bir insandı.

 

- Mütləqə İnam nə deməkdi?

 

- Biz dünyanı olduğu kimi qəbul edirik,  Ata düşüncəsinə görə dünya öz mahiyyətindən yaranır. Bu fəlsəfəni başa düşmək üçün onu duymalısan. Atanın mərkəzi ideyası insanlaşmaq, insanlaşdırmaqdı. Yəni, insan əbədi deyil, əbədi olan insanlıqdı! Dinlər  insanı hansısa naməlum qüvvələrin qarşısında qul olmağa, köləliyə məcbur edir, bizim inancımız isə insanı azadlığa və kamilliyə səsləyir. Biz dini-mifik qorxularla insan ruhunun zədələnməsinin əleyhinəyik.

 

- Bəs Ata Ocağı spirtli içkilərə necə baxır?

 

- Mütləqə İnam hər cür süni fərəh yaradan maddəni rədd edir. Lakin heç nəyi qəti şəkildə qadağan etmir, heç nə ilə qorxutmur, heç bir cəza növü kəşf etmir. Bu yerdə, sadəcə, Dədə Qorqud qınağına söykənir.

 

-  İstərdinmi ki, Azərbaycanda Atanın tərtib etdiyi təqvimə keçilsin?

 

- Bəli, əslində Atanın bu təqvimi bütün türk dünyası üçün nəzərdə tutulub. Məsələn, bizdə yeni il Günəş ayının (martın) biridi. Yaxud, toya bizdə beşikbaşı deyilir. Yəni, evlənmənin əsasında dünyaya yeni insanın gəlməsi dayanır. Körpənin isə ilk evi beşikdi.    

 

-  Yaxşı, toy belə adlanır, bəs yas? Yeri gəlmişkən, Atanı necə dəfn etdiniz?

 

- Atanın ölümünün böyük bir tarixçəsi var. O vaxtlar hətta şaiyələr yaydılar ki, guya  Atanı dikinə basdırmışıq. Əslində necə idi. Ata vəsiyyət etmişdi ki, biz ayrıca bir torpaq sahəsi götürüb öz qəbristanlığımızı yaradaq. Sözsüz ki, hurafatçı kütlənin arasında bunu eləmək qeyri-mümkündü. Ancaq biz Atanı Beyləqan rayonunda bir qardaşın ayırdığı xüsusi məkanında öz inancımız üzrə dəfn etdik.

 

- Necə yəni?

 

- Biz onu mavi parçaya bürüyüb üzü Günəşə sarı torpağa tapşırdıq. Qəbrin üstünü isə altı dirəklə əhatələdik. Sonra həmin dirəklərin üstünü halə şəklində birləşdirdik. Bu altı dirək inancımızın altı sütunu deməkdi.

1.                Mütləqə İnam

2.                Kamil insan 

3.                Müstəqil Vətən

4.                Ruhani (insani) cəmiyyət

5.                Özümlü Şərq

6.                Ləyaqətli bəşər

Dirəklərin üstündəki lövhəyə isə Ataçılığın əsas prinsipini yazdıq: “İNSANLAŞIN, İNSANLAŞDIRIN! BƏŞƏRİN NİCATI İNSANLAŞMAQDADI!”

Bundan sonra... Sonra deyəndə ki, həmin günün sabahısı Molla Aydın adlı bir İran agenti ətrafdakı avam camaatı bizim üstümüzə qaldırdı. Camaata bəyan elədi ki, burada bir kafir basdırılıb, biz müsəlmanlar buna yol verə bilmərik! Çox gərgin bir vəziyyət yaranmışdı, adamlar qəbrin açılmasını tələb edirdilər. İş o həddə çatdı ki, Atanın qohumları məcbur olub qəbri açdılar və onun nəşini doğulduğu Ağstafa rayonuna apardılar. Biz Atanı Ağstafada dəfn edərkən yalnız öz inancımız üzrə qəbirüstü çıxışlar edə bildik. İnancımıza dəxli olmayan adamlar isə onu yenə əlimizdən alıb molla qaydası ilə basdırdılar.

 

- Düzdü, bir söhbətlə bu işlər çözüləsi deyil, sağlıq olsun, görüşərik!

 

- Sağlıq olsun! Yükümüzdən böyük şərəfimiz yoxdu!     

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2304
avatar

Murad Köhnəqala

Oxşar yazılar