<span style="color:red;">Bakının <span style="color:red;"> “RUBL BAZARI”: <b> “”Başlı-başına buraxıblar”, “sərf eləmir”, “ölüb”...”</b>
19 noyabr 2014 11:20 (UTC +04:00)

Bakının “RUBL BAZARI”: “”Başlı-başına buraxıblar”, “sərf eləmir”, “ölüb”...”

 

...Səhər saatlarında Bakıda, Səməd Vurğun parkının yaxınlığında yerləşən bütün valyutadəyişmə məntəqələrinin qarşısında asılmış lövhələrdə 1 Rusiya rublunun alış və satışının qiymətləri təzə-təzə dəyişdirilirdi. Bir çox lövhələrə isə ümumiyyətlə əl gəzdirilməmişdi. Çünki valyutadəyişmə məntəqəsində çalışanlar lövhədə yazılmış qiymətdən daha aşağısını təklif edirdilər...

 

Lövhədə rəqəmlərin yerini sürüşdürən valyutadəyişmə məntəqəsinin Nağı adlı işçisi “RR-AZN” sözlərinin qarşısındakı 0.0165-i tez-tələsik 0.0163-ə çevirdi. Nağının dediyinə görə, Rusiya rublunun kəskin şəkildə aşağı düşməsi adıçəkilən valyutaya haqlı olaraq marağın azalmasına gətirib çıxarıb. Amma onlar yenə də Rusiya rublunun alış və satışını təşkil edirlər: 

 

- Bax, bu cərgədəki “obmen”lərin çoxunda alış və satış qiymətləri aşağı-yuxarı eynidir. Ancaq qəpik-quruş fərqi ola bilər. Biz qiymətləri əsasən dollar-rubl münasibətləri ilə tənzimləyirik. Ən böyük çətinliyimiz isə rublun satışı ilə bağlıdır. Nə edək, buraxıblar da bu yazıq rublu başlı-başına.

 

Həmin ərazidə ard-arda düzülmüş valyutadəyişmə məntəqələrində 1 Rusiya rublunun alış qiyməti 0.0163, satışı qiyməti isə 0.0170 manat təşkil edir. Yazılan rəqəmlər bu günün qiymətləridir. Rusiya rublunun tənəzzülü isə durmadan davam edir. Mərkəzi Bankın təyin etdiyi məzənnəyə görə hazırda 1 Rusiya rublunun dəyəri 0.0167 manatdır. Bu ayın əvvəlində bu rəqəm ortalama 0.0182, ötən ay isə 0.0191 manat olub.

 

Ərazidə yalnız “Kredobank”a məxsus valyutadəyişmə məntəqəsində Rusiya rublunun qəbulunu dayandırdıqlarını bildirdilər. Həm də “Kredobank”ın 1 Rusiya rublunun alış qiymətinə qoyduğu 0.0155 qiyməti istənilən vətəndaşı avtomatik olaraq yaxınlıqdakı başqa valyutadəyişmə məntəqəsinə yönləndirməyə hesablanmışdı sanki. “Kredobank”a məxsus valyutadəyişmə məntəqəsinin işçiləri hansı əsasla belə bir qərar qəbul etdiklərini isə açıqlamaqdan boyun qaçırdılar.

 

Müştəri qismində yaxınlaşdığımız iki valyuta dəyişmə məntəqəsində dəyişəcəyimiz rublun həcmi ilə maraqlandılar. Həmin valyuta dəyişmə məntəqəsinin işçiləri 10 min rubldan aşağı rus valyutasının dəyişdirilməsinə isti yanaşmadılar. Arqumentləri isə çox qısa oldu: “Sərf eləmir”.

 

Dəmiryol vağzalının qarşısındakı səyyar valyuta dəyişənlərin də 1 Rusiya rublunun alış və satışı ilə bağlı qiymətləri demək olar ki, valyutadəyişmə məntəqələrindəki rəqəmlərlə eynilik təşkil edir. Adını açıqlamaq istəməyən səyyar valyuta dəyişdirənin sözlərinə görə, onlar qiymətləri bir qayda olaraq birja vasitəsilə müəyyənləşdirirlər:

 

- Qardaş, vallah rublun bazarı ölüb. Təsadüfi hallarda rublu bizdə dəyişirlər. Bir də gecə saat 10-da, 11-də, bankların, “obmen”lərin bağlı vaxtı vətəndaşlar bizə yaxınlaşır. Allah dollara versin (gülür).

 

Rusiya rublunun dəyərdən düşməsinin siyasi məsələlərdən asılı olduğunu bildirən iqtisadçı, APA xəbər agentliyinin iqtisadiyyat şöbəsinin baş redaktoru İlkin Əhmədov rublun artıq öz dəyərini itirdiyini düşünür: “Konkret olaraq söhbət Ukrayna böhranına görə, Qərb ölkələrinin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalardan gedir. Məhz bundan sonra belə demək mümkündürsə, rublun “qara günləri” başladı. Əslində sanksiyalar Rusiya iqtisadiyyatının bütün sahələrinə təsir etdi, lakin mövzu bu deyil.

 

Rus rublu belə demək mümkündürsə, artıq həm dəyərini, həm də etibarını itirib. Artıq Bakıda fəaliyyət göstərən bir neçə valyuta dəyişmə məntəqələri rublu qəbul etmir. Düzdür bu da rəsmi olaraq təsdiqlənməyən informasiyadır. Əslində, burada qeyd-adi heç nə yoxdur. Valyutadəyişmə məntəqəsində çalışan adamlar ilk növbədə gəlirini düşünür. Məhz buna görə, dəyərdən düşən valyutanı almaqdan boyun qaçırmaları da təbii və başa düşüləndir. Mərkəzi Bankın bu günə olan rəsmi məzənnələrinə nəzər salsaq görərik ki, 1 rubl 0.0167 manatdır. Bu ayın əvvəlində bu rəqəm orta hesabla 0.0182 manat, ötən ay isə 0.0191 olub. Fərq açıq-aşkar ortadadır”.

 

“Rusiya rublunun dəyərsizləşməsinin Azərbaycana hər hansı bir təsiri olacaqmı?” sualına isə İlkin Əhmədovun cavabı belə oldu: “Rublun  kəskin sürətdə aşağı düşməsinin Azərbaycana təsirindən danışsaq, gərək ilk növbədə Azərbaycan Dövlət Neft Fondunun 2013-cü ildə “Bank VTB” ASC tərəfindən emissiya edilmiş 500 milyon ABŞ dolları həcmində səhmləri almasından danışaq. Xatırladım ki, səhmləri alaraq Neft Fondu bankın ümumi səhm kapitalında 2,99 faizlik paya sahib olub. Düzdür, Neft Fondu bunu investisiya siyasətinə uyğun olaraq, investisiya portfelinin diversifikasiyası və uzunmüddətli gəlirliliyinin artırılması məqsədilə edib. Lakin rublun sürətlə dəyərdən düşməsi Neft Fonduna ciddi ziyan vurur. Bəzi ekspertlərin hesablamalarına görə, ziyanın həcmi hətta 1 milyard manata çatıb. Lakin bu, rəsmi olaraq təsdiqini tapmır. Əksinə, Neft Fondu öz növbəsində iddia edir ki, ABŞ və Avropa İttifaqının Rusiyaya tətbiq etdiyi maliyyə sanksiyaları fondun qonşu ölkədəki investisiya portfelinin gəlirliliyinə ciddi təsir etmir. Fonddan bildiriblər ki, Neft Fondu suveren fond kimi beynəlxalq maliyyə bazarlarında həyata keçirdiyi investisiyaların qiymətləndirilməsində daim onların uzunmüddətli perspektivini əsas götürməkdədir. Yəni, hər hansı bir yeni investisiya qoyuluşunun qısamüddətli riskləri onun uzunmüddətli gəlirlilik parametrləri fonunda təhlil edilməkdədir. Neft Fondundan həmçinin onu da bildiriblər ki, hal-hazırda fondun Rusiyaya olan investisiyaları “VTB Bank”ın səhmləri və daşınmaz əmlak investisiyasından ibarətdir. Uzunmüddətli gəlirlilik məqsədi daşıyan bu tipli investisiyalar üçün qısamüddətli qiymət dəyişkənlikləri gözləniləndir. Digər tərəfdən, Neft Fondu ölkələr və aktivlər üzrə kifayət qədər diversifikasiya olunmuş investisiya portfelinə malikdir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1304
avatar

Oxşar yazılar