Lent.az İnformasiya Agentliyinin "Əsir düşərgəsi" layihəsinin materialları əsasında nəşr olunmuş "Cəhənnəmdə böyük çığırtı" adlı kitab bu dəfə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin gənc kursantlarına təqdim olunub.
Lent.az-ın məlumatına görə, təqdimat mərasimində çıxış edən hərbi liseyin şəxsi heyətlə iş üzrə rəis müavini Rəhim Səmədov “Cəhənnəmdə böyük çığırtı” kitabının Dağlıq Qarabağ münaqişəsi zamanı ermənilərin törətdiyi qəddarlıqların dünya ictimaiyyətinə çatdırılması baxımın olduqça əhəmiyyətli olduğuna diqqət çəkib. Filologiya üzrə fəlsəfə doktoru Aynur Nəcəfova isə gənc nəslin Qarabağ həqiqətlərini daha dərindən öyrənməsi üçün təqdim olunan kitabın çox önəmli dərs vəsaiti olduğunu qeyd edib: "Kİtab vaxtında yazılmış və təqdim olunmuş bir kitabdır. Çünki bu gün ermənilər dünyanın diqqətini heç bir tarixi fakta əsaslanmayan qondarma "erməni soyqırımı" hadisələrinə yönəltmək istəyir. Bu istiqamətdə bu formatlı kitabların yazılması, gənc nəslə təqdim olunması çox vacibdir. Bu gün bu kitabın məhz aprel ayında Azərbaycanın gələcək zabitlərinə təqdim olunması vətənpərvərlik hislərinin aşılanması baxımından da olduqca əhəmiyyətlidir".
Xocalı qətliamı zamanı əsir düşən Valeh Hüseynov kitabda insanların və insanlığın faciəsinin əksini tapdığını deyib: "Yaşadığım hadisələri ilk dəfə bu kitab vasitəsilə dünyaya duyurmuşam. Vüsalə Məmmədova bu tarixi faciəni o qədər incəliklə oxuculara anladıb ki, inanın, oxucular bu gün də mənə zəng etməkdə davam edir. Məndən soruşurlar ki, bunları necə yaşamısan, necə anlatmısan, indiyə kimi niyə bu qədər təfərrüatı ilə danışmamısan? Bütün müsibətləri mən Vüsalə xanımın qələmi əslində paylaşmağa çalışmışam. Çox təsirli əsərdir".
Çıxış edənlər Dağlıq Qarabağ münaqişəsi, onun doğurduğu fəsadlar və münaqişənin həlli istiqamətində aparılan danışıqlar prosesi haqqında məlumat veriblər.
Qeyd edək ki, “Cəhənnəmdə böyük çığırtı” kitabı “APA Holding”in dəstəyi ilə “TEAS Press” Nəşriyyat Evində çap olunub. Kitabın ideya müəllifi və redaktoru “Lent.az” İnformasiya Agentliyinin baş direktoru Qabil Abbasoğludur. Kitabda toplanmış 8 hekayətdə erməni girovluğunda olan azərbaycanlıların üzləşdiyi işgəncə və zorakılıqlardan, yaşadığı dəhşətlərdən bəs edilir. Kitabın məqsədi Qarabağ həqiqətlərinin araşdırılması, yeni nəslə, həmçinin dünyaya çatdırılmasında bir addım atmaqdan ibarətdir. Kitabdakı bir çox faktlar girovluqda olmuş insanların öz dilindən geniş ictimaiyyətə ilk dəfədir çatdırılır.