<b>Ömrü boyu pişik rəsmi çəkən dahinin</b> <span style="color:red;">İNANILMAZ HEKAYƏTİ
16 noyabr 2015 12:16 (UTC +04:00)

Ömrü boyu pişik rəsmi çəkən dahinin İNANILMAZ HEKAYƏTİ

Tarixən qeyri-adi istedada malik yaradıcı insanlara anormal kimi baxılmış, onları yarıgerçək, yarıyanlış dəli adlandırmışlar. Gerçəkdən də belə insanlar psixoloji tədqiqatların obyekti olmuşlar.  Lent.az-ın yeni layihəsi də məhz buna görə belə adlanır: “Dəli dahilər”.
Layihənin ilk qəhrəmanı isə həyatı boyu pişik rəsmləri çəkən və ömrünü psixiatrik xəstəxanada başa vuran ingilis rəssamı Luis Uendi.
Luis Vilyam Uen 5 avqust 1860-cı ildə Londonun Klerkenvell vilayətində, yoxsul ailədə dünyaya gəlib. Beş bacının bir qardaşı olan Luis ailənin böyük uşağı idi. Bacılar ömürlərinin axırına qədər ailə qurmamış, Luis və anaları ilə birgə yaşamışlar.
Gənc Luis məktəbi bitirdikdən sonra Londonun qərbində yerləşən incəsənət kollecinə daxil olur. İyirmi yaşında ikən atasını itirən gənc anasını və bacılarını dolandırmaq üçün rəssamlıq fəaliyyətinə başlayır. Cüzi məvaciblə “İllustrated sporting and dramatic News”, “İllustrated London News” kimi jurnallarla əməkdaşlıq edir. Rəsmlərinin mövzusu əsasən kənd həyatı ilə bağlı olur. O, xırda qonorar üçün kənd təsərrüfatı sərgilərində tələb olunan müxtəlif rəsmlər çəkib nümayiş etdirirdi. Luis bir müddət sonra yalnız it rəsmləri çəkməyə girişdi və həmin rəsmləri sataraq ailəni dolandırmağa başladı. 
Ailədəkilərin kəskin narazılığına baxmayan iyirmi üç yaşlı Luis bacılarının mürəbbiyəsi Emili Riçardsonla evlənir. Emili Luisdən on yaş böyük olsa da, yaş fərqi heç zaman onların böyük məhəbbətinə mane olmur.


Emili onun ailəsinə köçdükdən sonra Luisin həyatında və sənət karyerasında dönüş başlayır. Bu dönüş heç də xoşbəxt hadisədən ilham almamışdı. Belə ki, rəssamın həyat yoldaşı xərçəng xəstəliyinə tutulur. Luis bu xəbərdən sarsılsa da, hislərini büruzə vermir, yatağa düşən xanımının ömrünü uzatmaq, onu əyləndirmək üçün müxtəlif vasitələrə əl atır. O, ağ-qara zolaqlı pişiyi ilə Emilinin qarşısında oynayır, pişiyin daha da məzəli olması üçün ona müxtəlif təlimlər keçir. Eynəkli, qalstuklu, kitab oxuyan zolaqlı pişik eskizləri həmin günlərin yadigarıdı. Luisin çəkdiyi insanabənzər pişik rəsmlərinin sorağı qısa zamanda hər yerə yayılır. Mətbəələrdən ona sifarişlər gəlməyə başlayır. İnsani mimika və jestlərlə təsvir olunan pişik rəsmləri Luisə böyük şöhrət gətirir.
İlkin pişik rəsmləri dördayaqlı adi pişiyi təsvir etsə də, rəssam getdikcə, pişiklərini “insaniləşdirir”. Yəni Luisin pişikləri rəsmlərdə “təkamül”  keçərək iki ayağı üstə dayanıb kart oynayır, balıq tutur, operaya qulaq asır, hətta müxtəlif musiqi alətlərində ifa edirlər.
Sonralar rəssam öz xatirələrində yazırdı:
“Böyük Pyotr Alekseyeviçin şəninə adlandırdığım zolaqlı pişiyim Piter karyeramın başlanğıcı oldu.” 
Lakin pişiklərlə qazandığı şöhrət Luisin faciəsinin üstünü örtə bilmir, onu heç cür ovundura bilmirdi.
Üç il birlikdə yaşadığı sevimli qadını öləndən sonra Luis tənhalığa qapılır, qaradinməz və əsəbi olur. Yaxınlarının dediyinə görə, o, saatlarla öz otağına çəkilir, qarşısındakı dəftərə anlaqsız yazılar yazırdı. O, bacıları ilə yola getmir, onların hər bir hərəkətinə əsəbiləşirdi. İnsanlardan qaçan Luis pişiklərlə danışır, yalnız onlarla oynayanda rahatlıq tapırdı. Adamlar onun qəribə hərəkətlərinə təəccüb edirdilər.
Bir vaxtlar insanlara inanan sadəlövh Luisin insanlardan uzaqlaşaraq pişiklərlə oynaması cürbəcür şayiələrin yaranmasına səbəb olur. İngiltərə mətbuatı onu “pişik adam” “pişik rəssam” adlandırır.

Bir dəfə avtomobil yolunda avtobusun balaca bir pişiyin düz üstünə gəldiyini görən Luis özünü avtobusun qabağına atır və pişiyin həyatını xilas edir. Hadisədə ağır xəsarət alan rəssamı huşsuz vəziyyətdə xəstəxanaya çatdırırlar. O, palatada özünə gəlib gözünü açan kimi ilk olaraq pişiyin vəziyyətini soruşur.
İldə altı yüzdən çox pişik portreti çəkən rəssamı, demək olar, bu sevimli heyvandan başqa heç nə maraqlandırmır. O, rəsmlərinin satışından əldə etdiyi gəlirin xeyli hissəsini itləri və pişikləri müdafiə təşkilatlarına göndərir.
Rəssamın bu hərəkətləri bacıları arasında narazılığa səbəb olur, onlar evdə skandal qaldırır, Luislə tez-tez dalaşırlar.
Hamıya özü kimi inanan sadəlövh rəssamı əməkdaşlıq etdiyi nəşriyyatlar asanlıqla aldadırdılar. Maliyyə fırıldaqlarından baş çıxarmayan Luis öz əsərlərini dəyərindən qat-qat ucuz qiymətə satmalı olurdu. Müəlliflik hüququ əldə etmədiyinə görə, o, öz rəsmlərini qeyri-qanuni yolla, çox cüzi məbləğə mətbəə və firmalara satırdı. Dövlətə külli miqdarda borcu yaranan Luis 1907-ci ildə məhkəməyə verilir. Rəssam məcburən ölkəni tərk edib, xaricə qaçır.
Bir neçə il ABŞ-da yaşayan Luis Nyu-Yorkda fərdi sərgisini nümayiş etdirmək imkanından yararlanır. Burada az-maz vəsait toplamağa nail olur. 1910-cu ildə anasının ölüm xəbərini alan Luis dərhal İngiltərəyə qayıdır.
Birinci dünya müharibəsi illərində Luisin maddi durumu acınacaqlı dərəcədə pisləşir. Rəssam acından ölmək təhlükəsi ilə üz-üzə qalır.
Bu ərəfədə onda həm də güclü ruhi sarsıntılar baş qaldırır. Luis bütün dünyadan, insanlardan üz döndərir. Psixi pozğunluq və hallisünasiyaları getdikcə şiddətlənir. Üstəlik, bacıları onu heç cür başa düşmür, tez-tez dava-dalaş salırlar.
Belə mübahisələrin birində həddən artıq əsəbi olan Luis, bacısının birini hündür pilləkəndən aşağı  itələyir. Bu qədər aqressiyanın faciələrə səbəb olacağını duyan yaxınları onu əyalətdəki ruhi dispanserə yerləşdirirlər.
Populyar rəssamının acı taleyi mətbuatın diqqətindən yayınmır. Qəzetlər Luis Uendən yazır, onun rəsmlərini təkrar-təkrar dərc edirlər.
Məsələ İngiltərənin məşhur elmi-fantastik yazıçısı Gerbert Uellsin diqqətini çəkir və o, rəssamın müalicə olunduğu əyalət xəstəxanasına gəlir. Bu görüşdən sonra Luisi yerli dispanserdən götürüb birbaşa Londona, Kral xəstəxanasına aparırlar. Burdakı gözəl təbiət və çoxlu pişiklər yaşayan bağça rəssamın səhhətinə yaxşı təsir edir. Onun yenidən çəkdiyi pişik rəsmləri tamam başqa stildə üzə çıxır. Rəssam bu dəfəki pişik rəsmlərini tovuzquşu və kəpənək qanadları arasına alaraq müxtəlif naxışlar içində çəkməyə başlayır. Luisin çəkdiyi bu rəsmlər onun yaradıcılığının pik nöqtəsi sayılır. Çəkdiyi pişik rəsmlərinin naxışları mürəkkəbləşdikcə,  rəssamın şizofreniya və hallüsinasiya xəstəlikləri getdikcə şiddətlənir.
Ömrünün son günlərində öz-özünə danışıb qışqırdığına və aqressiya göstərdiyinə görə, həkimlər onu çarpayıya bağlamalı olurlar.

Pişiklər kralı Luis Uen 1939-cu ilin 4 iyulunda elə həmin xəstəxanadaca vəfat edir. Rəssamın ölümündən dərhal sonra onun rəsmlərinin qiyməti inanılmaz dərəcədə qalxır. Psixatriya institutlarında Luisin çəkdiyi pişik rəsmlərinin xronologiyası əsasında insanın psixi durumunun dəyişmə ardıcıllığı bu gün də bir metod kimi öyrənilir. Möhtəkirlər indiyə qədər də Luis Uenin rəsmlərinin surətini köçürüb orijinal adına satmaqla məşğuldurlar.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 408
avatar

Murad Köhnəqala

Oxşar yazılar