[b]İctimai şüurun murdar əti[/b] - Murad Köhnəqala yazır...
13 yanvar 2017 10:39 (UTC +04:00)

[b]İctimai şüurun murdar əti[/b] - Murad Köhnəqala yazır...

Dəfələrlə demişik, bizim əhalidə nədənsə ictimai şüur  ibtidai formadan bu yana adlaya bilmir. Adama elə gəlir Bakı siqaret kötüyünü rahatca küçəyə atanların, telefonla qışqıra-qışqıra danışanların, maşın siqnalı verənlərin, villa tikdirib villaya gələn yolu unudanların, qırmızı işığı keçən piyadaların, özünü hər yerdə növbəsiz soxanların şəhəridi.

 

Dünən Daxili İşlər Nazirliyinin mətbuat xidməti xəbər yayıb ki, yanvarın 9-da Binəqədi rayonunun "28 May" qəsəbəsi ərazisində yerləşən "Azər ət" MMC-nin soyuducu anbarında mənşəyi və sağlamlığına dair sənədi olmayan 2 ton 115 kiloqram ət aşkar edilərək götürülüb. Ət Dövlət Baytarlıq Nəzarəti Xidmətinin laboratoriyasına təqdim edilib.
Məlum olub ki, Yevlax rayon sakini xəstə və ölmüş heyvanların ətini Bakıya gətirib xüsusi müəssisələrə təhvil verirmiş.

 

Bu xəbər kəndimizdə başıma gələn bir əhvalatı yadıma saldı. Orta məktəbdə oxuyan vaxtlarım idi. Yolum atam tərəfdən bizə qohum düşən, istədiyim vaxt ərklə qonaq getdiyim bir sinif yoldaşımın yaşadığı evin yanından düşdü. Gördüm, çəpərin o üzündə, həyətdə çoxlu adam yığılıb. Maraq məni bürüdü. Tez qapıdan girib adamların yanına gəldim. Sinif yoldaşım da onların arasında idi. Baxdım ki, iki kişi yerə uzatdıqları qara inəyin cəmdəyini soyur. “Bunu niyə kəsmisiniz?” - həmin inəyi həmişə özü otaran sinif yoldaşımdan təlaşla soruşdum. Dedi ki, inək oğrunca sovxozun yoncalığına girib, yonca yeyib köpmüşdü, bir çarə qıla bilmədik, axırda partlamaya düşüb öldü.

 

Burda bir haşiəyə çıxıb deməliyəm ki, yaşıl yoncanı, xüsusən də yağışdan sonra nəmlənmiş  yaşıl yoncanı yeyən heyvan köpüb ölür. Çünki yaşıl yonca həzm prosesində heyvanın mədəsində reaksiya zamanı zəhərli hava ixrac edir və həmin hava yığını onun ölümünə səbəb olur.

 

Soruşdum ki, bəs ölmüş heyvanı niyə soyurlar? Dedi, atam əti rayonda kolbasa sexinə verəcək.

 

O zaman məktəbimizin bufetində kolbasa da satılırdı, hərdən tənəffüs vaxtı alıb yeyirdik. Çox dadlı kolbasalar idi. Yadıma yediyim o kolbasalar düşdü və dərhal ürəyim bulandı. Özümü çox pis hiss elədim, adamların arasından inəyi soyanlara səsləndim: “A kişi, bu murdar olmuş əti kolbasa sexinə verəcəksiniz, ordan çıxan kolbasanı da biz yeyəcəyik?” Ordakı adamlar mənə tərəf boylandılar. İnəyi soyanlar bir anlığa əl saxladılar, onlardan biri qanlı bıçağını mən tərəfə yelləyərək, “o uşağı burdan çıxarın!” dedi.

Kişilər sinif yoldaşımla məni “siz nə qanırsınız, dünyada nə var-nə yox?!” intonasiyası ilə ordan qovdular.
 

Oxşar hadisələrdə həmişə məni daha çox olayın mənəvi tərəfi düşündürür. Normal düşüncəli bir adam öz millətini zəhərləyərmi? Pul qazanmağın sağlam yolu yoxdurmu?
Bir halda ki açıq bazar iqtisadiyyatı yolunu tutmuşuq, sənət, alver və təsərrüfatın müxtəlif sahələri ilə sərbəst surətdə məşğul olmaq imkanı var, bəs nədən insanlarımız qeyri sağlam metodlara əl atırlar?
 

İctimai şüurun olmaması bax budu! Adam heç bir vicdan ağrısı çəkmədən, xəstə və ölü heyvan ətini öz millətinin övladına yedirdib, onun həyatını təhlükəyə atmaqla, öz ətrafını zəhərləyir. Biri oğurlayıb gətirir, biri yolda ona kömək edir, biri işdən məlumatlı olsa da, heç kimə xəbər vermir, biri qazanc xatirinə əti qəbul eləyir, biri kolbasa basır... Prosesdə bu qədər adam iştirak etsə də, hər şey gizlin qalır, aralarında bir vicdanı oyanan tapılmır.

 

Başqa dövriyyələr də var: biri tərəzidə aldadır, digəri ölkəyə saxta dərmanlar gətirir, bir başqası küçədə maşını adamların üstünə sürür, həkim xəstə ayaq əvəzinə sağlam ayağı kəsir, məktəblərdə təhsil əvəzinə pul yığma eksperimentləri öyrədilir. Maddi və mənəvi ekologiyanın pozulduğuna görə insanlar əsəbi, doğulan uşaqlar xəstədi. Beləcə, xəstə  cəmiyyət getdikcə anormal, dözülməz forma almaqdadı.
 

Hamımıza məlumdu ki, tamah saldığımız, baxanda ağzımızın suyunu axıtdığımız bütün Avropa dövlətləri insanların beynində ictimai şüurun sağlamlaşdırılmasına görə inkişaf edib.
 

Necə ki, ictimai şüurumuz formalaşmayıb, mağazadan evə vaxtı keçmiş ərzaq, aptekdən saxta dərman, məktəbdən savadsızlıq, cəmiyyətdən əsəb və aqressiya daşıyacağıq. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 342
avatar

Oxşar yazılar