“Sağ əliniz ateistlərin başına ”- MARAQLI ADAMLAR
26 sentyabr 2013 11:23 (UTC +04:00)

“Sağ əliniz ateistlərin başına ”- MARAQLI ADAMLAR

Bakıda taksi lazım oldu. Niyə “Bakıda” deyirəm? Çünki indi kəndimizdəyəm. Hə, əl elədim, xudmani bir taksi dayandı. Qapısını açıb oturandan sonra dedim: ““Qarayev”ə apararsınızmı?” Taksi sürücüsü nurani, xoş səsli, orta yaşlı bir kişi idi. Dedi ki, niyə aparmıram, işimiz bu deyilmi? Maşını: “Allah, Məhəmməd, ya Əli! ”- deyib, yerindən tərpətdi. Bu uzun yolu qısaltmaq üçün onunla söhbətə girişdim.

 

 

- Ağsaqqal, baxıram, inanclı adama oxşayırsınız.

 

 

- İnanclı adam nə deməkdi, qardaşım?

 

 

- Yəni dindarsınızmı?

 

 

- Dindar deyəndə ki, allahımı tanıyıram, ibadətimi eləyirəm, orucumu tuturam, namazımı qılıram.

 

 

 

- Məni bağışlayın daa, bir az içkiliyəm.

 

 

- Allah bağışlasın, narahat olmayın. Hərənin öz həyatı var, hərə bir cür tale yaşayır. Sizə heç nə deyə bilmərəm. Ancaq ola bilər ki, nə vaxtsa siz də haqq yoluna gələsiz.

 

 

- Haqq yolu deyəndə nəyi nəzərdə tutursunuz?

 

 

- Yəni vaxt olar siz də içkini tərgizib ibadətlə məşğul olarsınız, inşallah.

 

 

- Yox, heç vaxt namaz qılmaq haqda düşünmürəm, çünki mənim dünyagörüşüm tamam başqadı. Yəni mən nəinki islam dinini, ümumiyyətlə, heç bir dini qəbul eləmirəm. Mən yalnız elmə inanıram. Mənim kimisinə aqnostik deyirlər.

 

 

- Bəli, elm gözəl şeydi, ancaq bil ki, peyğəmbərimiz də elmə həmişə üstünlük verib. Məsələn, peyğəmbərimiz deyib, bir alim yüz nəfər gözüyumulu ibadət eləyən mömindən üstündü.

 

 

- Di gəl, bu sözü indiki namaz qılanlara başa sal görüm, necə salacaqsan? Bir kəlmə elmdən danışmaq istəyəndə üstünə elə tökülüşürlər ki! Hamısı dərhal deyir ki, bunların hamısı Quranda yazılıb. Mən bilmirəm Quranda hansı elm haqda yazılıb? Hamısı xorla deyir ki, Quranda iki okean suyunun qarışmamağı haqda məlumat verilib. Deyirəm ki, əzizim, duzlu su ilə şirin suyun bir-birinə qarışmaması haqda ibtidai sinif şagirdinin də məlumatı var. Axı, bu, çox primitiv elmdi! Dərhal adama hücum eləyirlər, ki, sənin dünyadan xəbərin yoxdu, sən kafərsən, sənin başını kəsmək lazımdı.

 

 

- Bilirsiz, əziz yazarımız, müsəlmanlar elmdən qaçdıqlarına görə bu günlərə qalıblar. Halbuki, həmişə bu sözləri eşitmişəm, deyirlər ki, peyğəmbərimiz buyurub: “Elm Çində də olsa arxasınca  getmək lazımdı”. Bu, nə deməkdi? Bu, kəlamı bəzi nadanlar belə yozur ki, yəni elm uzaqda olsa belə arxasınca get. Halbuki, sözün mənası ondadır ki, elm kafərdə olsa belə, gedib ondan öyrənmək lazımdı. Çünki, peyğəmbərin zamanında yalnız bütpərəstlər kafər sayılırdı. İndi hərdən eşidirəm ki, bəzi dindarlar kompüteri, müasir texnikanı haram buyururlar, adamın başının tükü ayağa durur. Adicə qadınları daşqalaq eləmək ayinləri! Mən dindar adamam, çoxlu dini kitab oxumuşam, lakin  daşqalaq haqda bir kəlməyə də rast gəlməmişəm. Bunların hamısı vəhşi tayfalardan qalma adətlərdi, indi də öz cinayətlərinə islam donu geyindirirlər.

 

 

- Bax, ağsaqqal, mən heç bir dini təfəkkürə önəm vermirəm, bayaq dediyim kimi, heç bir dini bilgini qəbul eləmirəm. Məsələn, qədim semit nağılı olan Adəm-Həvva nağılına qəti inanmıram. Bu əhvalata mifik bir süjet kimi hörmət edə bilərəm. Yəni bu süjet qədim insanın təfəkkürüdü, nağıllar, dastanlar kimi hörmətə layiq əhvalatlardı, hansısa qiymətli beynin məhsuludu. Ola bilsin, bu əhvalat nə vaxtsa insanları saf olmağa səsləyib. Lakin mən insanın yaranmasında Təkamül Nəzəriyyəsinə üstünlük verirəm. Çünki elmi araşdırmalar qədim insanın indiki vəziyyətə gəlməsini təkamüllə sübut edir. Arxeoloji qazıntılar insan kafasını yan-yana düzür və sübut edir ki, insan milyon illər keçərək indiki vəziyyətə gəlib çıxıb.

 

 

- Mən sizin fikrinizə hörmətlə yanaşıram, yəni sizin fikrinizə görə sizə hücum eləmək fikrim yoxdu. Ancaq siz də bizim inancımıza hörmət etməlisiniz. Hər halda mən dindar ailədə böyümüşəm, babam da, atam da bu söhbətlərə sidq-ürəklə inanıb, mən də inanıram.

 

 

- Bilirsiz, dünyada minlərlə inanclar var. Elə dinlər var ki,  insanın, dünyanın yaranması ilə qəti maraqlanmır. Ona görə istənilən inanclı insana hörmət edirəm, bir şərtlə.

 

 

- Hansı şərtdi o?

 

 

- Yəni onlar da məni öz inanclarına sürükləməkdə israrlı olmasınlar. İslamda çoxlu qollar var ki, adamın təfəkkürünü zorlamaqla məşğuldu. Deyirəm ki, qardaş, sənin dediyinlə getməsəm cəhənnəmə düşəcəm, düzdümü? Deyir ki, hə! Deyirəm ki, icazə ver, öz cəhənnəmimə rahat gedim dəə!

 

 

- Ha-ha-ha! Yaxşı deyirsiniz! Doğrudan da, belələri çoxdu. Onlara mən də deyirəm ki, a kişi, sənin nəyinə gərək, bir insan dünya, ölüm haqda necə düşünür. Demirsən ki, o dünyada cəzası veriləcək? Qoy, ölsün bu adam, sonra özü bilər, o dünyada hərə özünə cavabdehdi!

 

 

- Əla, qardaş! Sizin kimi möminlə danışmağa nə var! Yoxsa, eləsi olur, deyir ki, yox, səni cəhənnəmə də qoymayacağıq. Yəni, əlində çomaq cəhənnəmin də qapısının ağzını kəsdirənlər çoxdu. 

 

 

- Elədi, düzdü!

 

 

- Bir sualım da var sizə, əziz qardaşım.

 

 

- Buyurun!

 

 

- Ziyarətə, yəni, Məşhədə, Kərbəlaya getmisiniz?

 

 

- Bilirsinizmi, mənə Məşədi Vaqif deyirlər. Halbuki hələ  heç bir ziyarətə getməmişəm.  İmkanım daxilində kasıb ailələrə yardım edir, əl tuturam. Ona görə hamı məni “Məşədi”  çağırır. Sağlıq olsun, mən də ziyarətə gedərəm, inşaallah!

 

Söhbətin bu yerində gəlib mənzil başına çatırıq. Gecənin qaranlığında yoldan keçən bir nəfərdən bizim şəklimizi çəkməyi xahiş edirəm. Sağ olsun, o da əlindən gələni eləyir. Məşədi Vaqiflə sağollaşıram.

 

 

- Qardaşım, çox sağ olun, sizinlə söhbət çox xoş idi, sağ əliniz o biri inanclıların başına!

 

 

- Sağ olun, sizin də sağ əliniz o biri ateistlərin başına! Təsadüf olar, inşallah, bir də görüşərik!

 

- Hələlik, salamat qalın!

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2137
avatar

Murad Köhnəqala

Oxşar yazılar