Yasamalda “qanuni oğru”nun yas çadırı qurulub, dəfninə hazırlıq gedir
“Qoca” ləqəbli azərbaycanlı “qanuni oğru” Əlibala Həmidovun Türkiyədəki qətlinin təfərrüatları üzə çıxıb. Lent.az-ın məlumatına görə, bu barədə xəbəri yayan “Ankara Haber”də 41 yaşlı Əlibala Həmidov biznesmen kimi təqdim olunub.
Yazıda Həmidovun Bakıda inşaat və toxuculuq işləri ilə məşğul olduğu bildirilir. Onun İstanbulun Başakşehir yaşayış məntəqəsində yerləşən lüks obyektlərin olduğu ərazidə yaşadığı göstərilib. Hadisə də elə həmin ərazidə baş verib. Hadisə vaxtı Həmidov 29 yaşlı rus rəfiqəsi Asiyat Alaşeva ilə hovuzda olub.
Bu zaman 34 BJ 4660 dövlət nömrə nişanlı mikroavtobus obyektin mühafizəçilərinə məhəl qoymadan içəri girib. Maşından enən 6 naməlum şəxs Həmidov və Alaşevanı silah gücünə hovuzdan çıxararaq, dəyənəklə döyməyə başlayıb. Onlar obyektin mühafizəçilərini silahla hədələdikdən sonra həmyerlimizlə rəfiqəsini atəşə tutublar. Bədəninin müxtəlif yerlərindən güllə yaraları alan Həmidov və Alaşeva xəstəxanaya çatdırılıb. Həmyerlimiz Esenyurt Dövlət Xəstəxanasında həyatını itirib. Rəfiqəsinin vəziyyəti isə ağırdır.
Cinayətkarlar mikroavtobusa minərək, hadisə yerindən qaçıblar. Polis avtomobilin icarəyə götürüldüyünü və H.G. adlı şübhəli şəxsin izinə düşdüklərini bildirib.
Qeyd edək ki, “Qoca”nın meyiti artıq İstanbuldan Bakıya gətirilib, Yasamal rayonu Şərifzadə küçəsində yas çadırı qurulub, dəfninə hazırlıq görülüb.