İstanbulda Dünya Türk Forumu çərçivəsində millət vəkili Qənirə Paşayeva və araşdırmaçı-yazar İmdat Avşarın hazırlayıb tərtib etdikləri “Qarabağ hekayələri” kitabının Türkiyə türkcəsində təqdimatı və imzalanma mərasimi olub. Lent.az-ın məlumatına görə, kitabda Elçin Əfəndiyev, Sabir Rüstəmxanlı, Qənirə Paşayeva, Əjdər Ol, Aqil Abbas, Günel Anarqızı, Novruz Nəcəfoğlu, Pərvin Nurəliyeva, Elçin Hüseynbəyli, Məqsəd Nur, Aydın Tağıyev, Aslan Quliyev, Yaşar Əliyev, Eyvaz Zeynalov, Afaq Şıxlı, Narıngül Nadirqızı, Kamran Nəzirli, Əkbər Qoşalı, Akif Əli, İmdat Avşar, Mahir Qabiloğlu kimi ədiblərin Qarabağ mövzusunda ağrı, nisgil dolu hekayələri yer alıb.
Bu əsərlər iyirminci yüzildə dünyanın gözləri önündə ən qanlı, ən ağır soyqırıma, qətliamlara məruz qalan, ata yurdlarından didərgin salınan Azərbaycan türklərinin ağrı-acılarını əks etdirir. Millət vəkili Qənirə Paşayeva və araşdırmaçı yazar İmdat Avşar kitabda əsas məqsədin Türkiyədə və Türkiyədən kənarda yaşayan türk diaspor təşkilatlarına Qarabağ həqiqətləri ilə bağlı daha geniş bilgi vermək olduğunu bildirib. “Kitabda yer alan bir-birindən dəyərli hekayələrin Azərbaycanın haqq səsini öncə qardaş Türkiyədə və türk dünyasında, sonra da bütün dünyada əks etdirəcəyinə inanırıq”.
Qeyd edək ki, Türkiyənin “Kun” kitab evində çıxan kitab Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB və Avrasiya Beynəlxalq Mətbuat Fondunun dəstəyi ilə işıq üzü görüb. Kitab mayın 5-də Malatyada keçiriləcək böyük kitab sərgisində də oxuculara geniş təqdim olunacaq. Sərgidə millət vəkili Qənirə Paşayeva və araşdırmaçı-yazar İmdat Avşar oxucularla görüşəcək, kitabla bağlı geniş məlumat veriləcək və imzalanma mərasimi keçiriləcək.