“Jurnalistka” ixtisası üzrə magistr olmaq istəyənlərin nəzərinə
03 aprel 2014 17:54 (UTC +04:00)

“Jurnalistka” ixtisası üzrə magistr olmaq istəyənlərin nəzərinə

 Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) “Jurnalistika” ixtisası üzrə magistr olmaq istəyən bakalavrlara müraciət edib. TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə,  2014/2015-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanının birinci mərhələsində 50 və daha çox bal toplayaraq müsabiqə şərtlərini ödəyən və imtahanın ikinci mərhələsinə buraxılan bütün bakalavrlar bitirdikləri bakalavr ixtisaslarından asılı olmayaraq, “Jurnalistika” ixtisası üzrə magistratura ixtisaslaşmalarına qəbul olunmaq istəyirlərsə, aprel ayının 4-dən 10-dək TQDK-nın internet saytında müvafiq səhifədə (http://eservices.tqdk.gov.az/erizemag/) jurnalistika üzrə ixtisaslaşmalara qəbul olunmaq istəyən bakalavrların qeydiyyatı üçün nəzərdə tutulmuş bölməyə daxil olaraq anket sorğusunu doldurmaqla qeydiyyatdan keçməlidirlər. Anket sorğusunun bütün bəndləri Azərbaycan dilində, yığcam şəkildə doldurulmalıdır. Anket sorğusunu doldurmaqla qeydiyyatdan keçən bakalavrlar TQDK tərəfindən elan edilən vaxtda “Bakalavrın qabiliyyət imtahanına buraxılış vərəqəsi”ni çap edərək qabiliyyət imtahanında iştirak etməlidirlər. Qabiliyyət imtahanından uğurla keçən bakalavrlar imtahanın ikinci mərhələsində 44 saylı jurnalistika proqramı üzrə imtahan verərək inşa (esse) yazırlar. Bu mərhələ üzrə və ümumi müsabiqə şərtini ödəyən bakalavrlar ixtisaslaşma seçimi zamanı jurnalistika üzrə ixtisaslaşmaları seçə bilərlər.

 

 

Bakalavr TQDK tərəfindən müəyyənləşdirilən vaxtda qabiliyyət imtahanına gələrkən özü ilə aşağıdakı sənədləri gətirməlidir:

1) şəxsiyyətini təsdiq edən sənədi;

2) “Bakalvrın qabiliyyət imtahanına buraxılış vərəqəsi”ni;

3) özünün dövri mətbuatda, radio və televiziyada, internet KİV-lərdə yayımlanmış jurnalistika üzrə yazılarını.

Bakalavr qabiliyyət imtahanına gələrkən dövri mətbuatda, radio və televiziyada, internet KİV-lərdə yayımlanmış jurnalistika üzrə yazılarını (radio və televiziyada yayımlanmış çıxışlarının disk yazılarını) da qovluqda Qabiliyyət imtahanı komissiyasına təqdim etməlidir. Dövri mətbuatda, radio və televiziyada, internet KİV‑lərdə yayımlanmış jurnalistika üzrə yazıları (çıxışları) olmayan bakalavrlar da anket sorğusunu dolduraraq qeydiyyatdan keçməklə qabiliyyət imtahanında iştirak edə bilərlər.

Qabiliyyət imtahanında hər bir bakalavra təxminən 30 dəqiqə vaxt ayrılır. Hər bir bakalavr bilet çəkməklə komissiya üzvlərinin qarşısında imtahan verir. Redaksiya tapşırığı yazılı formada yerinə yetirilir. Hər bir biletin quruluşu təxminən aşağıdakı kimi olur:

1. Bakalavrın dövri mətbuatda, radio və televiziyada, internet KİV-lərdə yayımlanmış jurnalistika üzrə yazılarına baxış və onların təhlili, aşağıda təqdim edilmiş ədəbiyyat (mənbələr) çərçivəsində şifahi müsahibə;

2. Bakalavrın ona imtahanda təqdim edilən mətbuat materialını təhlil etməsi;

3. İmtahanda verilmiş redaksiya tapşırığının bakalavr tərəfindən yerinə yetirilməsi.

İmtahanda hər bir bakalavrın cavabları müvafiq şəkildə protokollaşdırılır.

Qabiliyyət imtahanının qısa təsviri aşağıda verilir:

1. Bakalavrın dövri mətbuatda, radio və televiziyada, internet KİV-lərdə yayımlanmış jurnalistika üzrə yazılarına baxış və onların təhlili. Bu zaman, xüsusilə belə yazıları az olan və ya heç olmayan hər hansı bakalavr imtahan verərkən komissiya üzvləri onun ümumi dünyagörüş səviyyəsini, dünyada və ölkəmizdə cərəyan edən hadisələrdən və ictimai-siyasi proseslərdən xəbərdar olub-olmamasını, jurnalistikaya marağını, motivasiyasını, KİV-lərlə tanışlığını, jurnalistikanın cəmiyyətdə rolunu başa düşməsini, jurnalistin peşə etikası qaydalarına bələdliyini və s. müəyyənləşdirmək məqsədi ilə aşağıda təqdim edilmiş ədəbiyyat (mənbələr) çərçivəsində müvafiq suallar verə bilərlər.

2. Bakalavrın ona imtahanda təqdim edilən mətbuat materialını təhlil etməsi.

Qabiliyyət imtahanı zamanı təqdim edilən materialı təhlil edərkən bakalavr aşağıdakı suallara cavab verməyə çalışmalıdır:

  • Təqdim edilmiş materialın əsas ideyası nədir?
  • Mövzu nə dərəcədə açılmışdır?
  • Jurnalist material vasitəsi ilə oxucuya hansı fikri çatdırmaq istəyir?
  • Materialı hazırlayarkən müəllif hansı informasiya mənbələrindən istifadə etmişdir?
  • Materialın quruluşu və forması necədir?
  • Verilmiş material jurnalistikanın hansı janrına aiddir?
  • Verilmiş materialda hansı dəyişikliklər, düzəlişlər edərdiniz?

 

3. İmtahanda verilmiş redaksiya tapşırığının bakalavr tərəfindən yerinə yetirilməsi.

Məsələn, Olimpiya yarışlarında qalib gəlmiş idmançı, ali təhsil müəssisələrinə qəbul imtahanında yüksək bal toplamış və universitetə qəbul olunmuş abituriyent, əmək nailiyyətlərinə görə orden və ya medalla təltif edilmiş fəhlə, oğlu Vətən uğrunda şəhid olmuş ana, hüquq-mühafizə orqanının məsul işçisi, “Əməkdar müəllim” adına layiq görülmüş orta məktəb müəllimi, görkəmli alim, tanınmış yazıçı, məşhur sənət adamı və digər şəxslər haqqında yazı hazırlamaq lazımdır. Bunun üçün hansı mənbələrdən istifadə edər, kimlərdən müsahibə alar, müsahibə götürərkən onlara hansı suallarla müraciət edərdiniz? Müsahibənizi harada götürər və hazırladığınız materialı hansı formada və ardıcıllıqla qurardınız?

Bakalavrın imtahan biletinin hər bir bəndi üzrə cavabları 5 ballıq şkala üzrə qiymətləndirilir (maksimum bal: 15). Biletin üç bəndi üzrə 8 və daha çox bal toplamış bakalavrlar imtahandan “məqbul” qiymət almış hesab edilir və jurnalistika üzrə 44 saylı proqramı seçmək hüququ qazanırlar.

TQDK jurnalistika üzrə qabiliyyət imtahanına hazırlaşmaq üçün ədəbiyyat siyahısını da təqdim edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 549
avatar

Oxşar yazılar