Qocalmağın qarşısını almaq mümkündür? -  Alimlər açıqladılar
11 noyabr 2025 18:04 (UTC +04:00)

Qocalmağın qarşısını almaq mümkündür? - Alimlər açıqladılar

0

Müasir tibb və sağlam həyat tərzi qocalmanı dayandıra bilərmi? Yeni beynəlxalq tədqiqat bu sualın cavabını aydınlaşdırıb və qocalmanı “aldatmağın” hələ mümkün olmadığını göstərib.

Tədqiqat 14 ölkədə fəaliyyət göstərən 42 elmi institutun alimləri tərəfindən aparılıb. Onlar son iki əsrdə insan ömrünün niyə uzandığını araşdırıblar və nəticəyə gəliblər ki, orta ömrün artması qocalmanın ləngiməsi ilə deyil, erkən yaşda ölüm hallarının azalması ilə bağlıdır.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, alimlər insanların və 30 növ primatın bioloji məlumatlarını təhlil ediblər və bütün canlıların oxşar bioloji nümunə göstərdiyini aşkarlayıblar.

Məlum olub ki, orta ömrün uzanması yalnız uşaq və gənc yaşlarda ölüm riskinin azalması ilə əlaqədardır.

Yəni, sanitar şəraitin yaxşılaşması, tibbin inkişafı və həyat səviyyəsinin yüksəlməsi erkən ölüm hallarını azaldıb, bu da insanların daha çoxunun yaşlılığa çatmasına imkan verib.

19-cu əsrdən bu günə: ömrün artması və yanlış təəssürat

XIX əsrin ortalarında insanların orta yaşı təxminən 40 il idi, bu gün isə bu göstərici 70 ilə yaxınlaşır. Bu fakt çox vaxt “insanlığın qocalmaya qalib gəlməsi” kimi təqdim olunur.

Lakin tədqiqat göstərir ki, bioloji qocalma mexanizmləri dəyişməz qalıb. Təbiət hələ də insan ömrünə təbii məhdudiyyətlər qoyur və bu sərhədləri nə texnologiya, nə də tibb hələ aşa bilmir.

Vitaminlər və pəhrizlər qocalmanı dayandıra bilmir

Alimlər vurğulayır ki, vitaminlər, sərt pəhrizlər və ya estetik əməliyyatlar qocalma prosesinin özünü dayandıra bilmir. Bu üsullar yalnız sağlamlığı qorumağa və həyat keyfiyyətini yaxşılaşdırmağa kömək edir, lakin bioloji qocalma sürətinə təsir etmir.

“Əbədi gənclik” hələ də elmin hüdudlarından kənardadır

Tədqiqat müəllifləri bildiriblər ki, “əbədi gənclik” ideyası hələ elmi reallıqdan uzaqdır. Müasir həyat şəraiti insanlara sadəcə daha uzun yaşamağa şərait yaradır, lakin qocalma prosesi təbiətin dəyişməz qanunu olaraq qalır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 170

Oxşar yazılar