Toy gecəsi  ölən 17 yaşlı hamilə gəlincik, xərəkdə “bir ovuc” idi
29 oktyabr 2025 11:58 (UTC +04:00)

Toy gecəsi ölən 17 yaşlı hamilə gəlincik, xərəkdə “bir ovuc” idi

3

Astarada 17 yaşlı qızın ərə getməsi nə yazıq ki, heç kimi təəccübləndirmir artıq. Amma 17 yaşında hamilə olub özü də toy gecəsində ölən qızcığazın faciəsi çoxlarını silkələdi.

Hadisədən belə məlum olur ki, bu qızın 17 yaşında toyu olsa da, ondan əvvəl artıq toxunulubmuş. Kim bilir, bəlkə də elə ona görə tez-tələsik ərə verib “namuslarını təmizləmək” istəyirlərmiş. 17 yaşlı qızının hamilə olduğunu bilən valideynin problemi həlli, vəziyyətdən çıxış yolu tapmağı belə olmalıdırmı?

Bu gəlincik zorakılığın, yoxsa gənclik ehtirasının qurbanıdır? Bu barədə danışan yox. Yeniyetməlik, ilkin gənclik səhv etməyə çox açıq olan bir dövrdür. Ana və atalığın sınandığı anlar var. Sən hər gün övladını bəsləyib, əynini qalın edib, yatağını səliqəyə sala bilərsən. Bunu hər hansı bir yad adam da edə bilər. Ana və ata olmaq isə heç bir yadın edə bilməyəcəkləridir, hər səhvində, yanlışında övladın arxasında dağ kimi dayanmaqdır. Dağ olmalısan ki, o yerə çırpılmasın həyatda qalmaq üçün sənə söykənsin, kimsəsiz olmadığının fərqində olsun. Bəlkə də bu dünyada balanıza valideyn ola biləcəyiniz yeganə bir gün var, onda da onu kimsəsiz buraxırsınızsa...

Yanlış anlamayın, heç kimin atalığını və ya analığını sorğulamaq niyyətində deyiləm. Nə həddimə? Yalnız bir tövsiyəm var. Sezen Aksunun məşhur nəğməsi “Məsum deyilik”də deyildiyi kimi, heç birimiz günahsız deyilik. Övladını anlamaq üçün içindəki uşağa sarıl. Sən çarəsiz vəziyyətdə qalsaydın anandan, atandan nə etmələrini istəyərdin? İçindəki uşaq sənə mövhumatdan, cahillikdən, mənasız ictimai qınaqlardan uzaq olan insanlığı göstərəcək. Özünü övladın yerinə qoymaq bu qədər çətindirmi? 17 yaşlı hamilə gəlincik niyə öldü? Bəlkə günlərlə qorxusundan yatağından qan-tər içində oyanıb, yeri gəldi-gəlmədi gözlərindən yaş axırmış, bəlkə bu  stresslərə onun balaca ürəyi dözməyib dayandı?

Bu gəlinciyin ölümü qarşısında dünya da utanmalıdır. Unutmayın, heç birimiz məsum deyilik. Çünki biz insanıq, mələk yox. Kimin günahının, çirkabının daha ağır olmasını da hər hansı bir insan övladı hesablaya bilməz. Belə bir tərəzi kiməsə verilməyib.

Deməli belə, 17 yaşlı qız ərə verildi, təəccüblənmədən insanlar durub getdilər onun toyuna, 17 yaşlı hamilə gəlincik toy gecəsi öldü... Ayıldınızmı?

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
3
# 2744

Oxşar yazılar