Elm adamları və beynəlxalq tənzimləyici qurumlar smartfonlardan yayılan “zərərli şüalanma” ilə bağlı qorxuların əsassız olduğunu bir daha təsdiqləyiblər.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, araşdırmalara görə, "iPhone" da daxil olmaqla bütün müasir mobil cihazlar radiofrekans dalğaları (RF) yayır, bu isə ionlaşdırmayan şüalanma növüdür və DNT-ni zədələmək qabiliyyətinə malik deyil, həmçinin xərçəng xəstəlikləri ilə əlaqələndirilmir.
“iPhone”nin şüalanması təhlükəsizlik normalarına tam uyğundur
Mobil telefonlar rabitə qüllələri ilə əlaqə qurmaq üçün radiofrekans enerjisindən istifadə edir. Bu enerjinin intensivliyi FM-radio siqnalları səviyyəsindədir və insan orqanizminə zərər verəcək səviyyədən çox aşağıdır.
ABŞ Federal Rabitə Komissiyası (FCC) və Qida və Dərmanların Keyfiyyətinə Nəzarət İdarəsi (FDA) vurğulayır ki, tətbiq olunan təhlükəsizlik standartlarına əməl olunduğu halda, mobil telefon istifadəsinin ciddi xəstəliklərlə əlaqəsinə dair heç bir elmi sübut yoxdur.
SAR göstəriciləri iPhone 15-də normadan çox aşağıdır
Smartfonların təhlükəsizliyini müəyyən edən əsas göstəricilərdən biri SAR (Specific Absorption Rate) dəyəridir, bu, cihazla təmas zamanı insan toxumalarının udduğu enerjinin miqdarını göstərir.
ABŞ-da maksimum icazə verilən SAR dəyəri 1,6 W/kq, Avropa İttifaqında isə 2,0 W/kq təşkil edir.
Yeni "iPhone 15" modellərində SAR göstəriciləri bu hədlərdən xeyli aşağıdır, bu isə Apple-ın beynəlxalq təhlükəsizlik standartlarına artıq səviyyədə əməl etdiyini göstərir.
Hansı tədbirlər əlavə qorunma təmin edə bilər
Ekspertlər bildirirlər ki, narahatlıq hiss edən istifadəçilər üçün sadə ehtiyat tədbirləri kifayətdir:
Qulaqlıq və ya “speakerphone” rejimindən istifadə edin, telefonu uzun müddət başınıza yaxın tutmayın, gecələr cihazı yastığın altına qoymayın.
Bu addımlar radio dalğalarının təsirini əlavə olaraq azaldır, baxmayaraq ki, müasir cihazlar artıq sərt təhlükəsizlik tələblərinə tam cavab verir.
Əsl poblem – şüalanma deyil, ekran asılılığıdır
Alimlər qeyd edirlər ki, “telefon radiasiyası” ilə bağlı qorxular terminlərin yanlış anlaşılması və “radiasiya” sözünün narahatedici assosiasiyaları ilə bağlıdır. Əslində, diqqət həddindən artıq ekran vaxtı, yuxu pozğunluqları və texnoloji asılılıq kimi real sağlamlıq problemlərinə yönəldilməlidir.