Dost-tanış yaxşı bilir, Qarabağ savaşında döyüşçü gündəliyi yazmamışam. Yazanlara da həmişə qibtə eləmişəm. Əvvəllər belə bir fikrim olub, amma gündəliklərlə bağlı baş verən bir neçə xoşagəlməz hadisələr bu işdən daşındırıb məni. O günlər elə hey beynimdə canlanıb nəsə yazmağa vadar edir, yəqin yaddaşın elə qatları var ki, orda yaşayan xatirələr mütləq yazılmalıdır. Həyat əsl gündəlikdir, nə vaxt yazılırsa yazılsın... Elə məqamlar var ki, onlar heç vaxt unudulmur.
Digər tərəfdən, düşündüm ki, bu həm də o günləri yaşamış, döyüşlərdə qəhrəmancasına şəhid olmuş, yaralanmış və ya taleyin xoş təsadüfü nəticəsində sağ qalan insanların unudulmaması, gələcək nəslə bizim müstəqilliyimizin ilk illərində yaşadığımız keşməkeşli günləri, ələlxüsus da torpaqlarımızın erməni işğalçılarından müdafiəsi məqsədi ilə çətin şəraitdə milli ordunun yaranması prosesinin şahidi kimi hadisələri olduğu kimi çatdırım. Əlbəttə, mən əsasən 1991-1993-cü illərdə gördüklərimi, çox nadir hallarda isə 3-4 mənbədən təsdiqini tapan eşitdiyim hadisələri qələmə alacam...
Bu da mənim bir vaxtlar yazmaq istəyib yaza bilmədiyim bir gündəliyin bir səhifəsi. İndi bu səhifənin bəzi yerləri o qədər pozulub ki, oxunmaz hala gəlib. Amma hələ gec deyil, nə qədər ki, biz - bu qanlı səhnənin gerçək şahidləri varıq, bu səhifələri bir yerə toplayıb o günlərin xatirəsini əbədiləşdirməliyik. Tamamilə oxunmaz hala gəlmədən...
23-cü yazı
Düşmən mühasirəsində
Artıq qoşunlarımız Vəngin körpüsünə çatıb ora yaxın bir yerdə mövqe tutmuşdular. Ratsiya batareyası tapmaq mümkün olmamışdı, amma əsgərlərdən biri Şirin Mirzəyevdən xəbər gətirmişdi ki, gəldiyimiz yolla geri çəkilək.
Səhv etmirəmsə, ayın on altısında da biz- “Palıd on səkkiz” əvvəlki mövqeyimizdən xeyli geri - “Qız qəbiri” postundan da bir qədər geri çəkildik. Və anındaca ermənilərlə qarşılaşdıq...
Biz İdris kişinin tapşırıqlarına əsasən hərəkət edirdik. Ermənilər meşə ilə çaya tərəf yığışırdı. Düşmənlə üzbəüz dayanıb gözləyirdik. Onlar sıra şəkilində bir neçə cərgə ilə irəliləyirdilər. Qəflətən atəş açıldı. Güllə yağış kimi yağırdı. Nə baş verdiyini anlamaq üçün başımızı qaldırıb baxa bilmirdik.
Ratsiyamızın batareyasının enerjisi bitdiyindən arxa ilə əlaqə saxlaya bilmirdik. 15-20 nəfərlik qrupumuz ermənilərin tam mühasirəsinə düşmüşdü. Sağımız, solumuz, önümüz, arxamız erməni idi. Müdafiə üçün mövqe tutub gözlədik.
Güclü atəş altında qalsaq da, cavab vermirdik. Çayın sol sahilindən də düşmənə cavab atəşi açılırdı. Biz bu iki əsas vuruşan tərəfin tən ortasındaydıq və necə deyərlər, iki odun arasında qalmışdıq. Çox güman ki, ermənilər bizim batalyonun müdafiə xəttini yarıb bütün döyüşçüləri mühasirəyə salmağa çalışırdı. Bizim əsgərlər də onların bu istəyinə mane olurdular.
Göy üzündə yanan düşmən vertolyotu
Mühasirə xeyli davam etdi. Çox güman ki, ermənilər bizim sayımızı bilmirdilər, amma buna baxmayaraq, çıxa biləcəyimiz bütün mümkün istiqamətləri ciddi şəkildə bağlamışdılar. Amma uşaqlar təmkinliydi və ən əsası təşvişə düşməmişdilər. İdris kişinin tapşırığı ilə atəş açmamağımızın əsas səbəbi də düşmənə gücümüzü, sayımızı bildirməmək idi...
Bu zaman ermənilər tərəfdən iki vertolyot qalxdı. Düzü biz bilmirdik, bu vertolyotlar kimindir. Hər ehtimala qarşı biz “havadan hücum” komandasına əməl etdik. Hamımız arxası üstə çevrilib üzümüz göyə tərəf, əllərimiz tətikdə gözlədik.
Vertolyotlar bizim batalyonun Kiçana tərəf mövqelərini atəşə tutanda anladıq ki, bu erməni vertolyotlarıdır. Vertolyotlardan biri bizə tərəf gəldi. Arxasını göyə qaldırıb burnunu bizə tərəf endirdi və pulemyotdan atəş başladı.
İri çaplı pulemyot güllələri meşə torpağını dağıdıb parçalayır, ağacların doğrayıb tökürdü. Vertolyotun altındakı raketlərin bizə tərəf atılmaq üçün şaqqıltı ilə ayağa verildiyinin də səsini eşitdik. Əllərimlə qulaqlarımı tutub üzü yerə uzandım. Və ilk dəfə ucadan dua etdim.
Bu vaxt vertolyot göydə fırlanmağa başladı, burnu bizi tərəf çatanda - çox güman ki, raket atacaqdı, axı, bir neçə saniyə əvvəl raketlər atəş vəziyyətinə gətirilmişdi-qəfildən Yeni Qaralar tərəfdəki postumuzdan qırmızı, kiçik bir obyekt işıq sürəti ilə gəlib altdan vertolyota dəydi... Vertolyot parça-parça olub düz bizim yaxınlığımızda yerə töküldü.
Sonralar eşitdik ki, onu bizim Yeni Qaralardakı postumuzdan “İqla” raketi ilə Ağa adlı bir bakılı balası vurubmuş. Yazıq Ağa heç bunun sevincini əmməli başlı yaşaya da bilməyib. Vurandan sonra əvvəlcə ratsiyada kimsə deyib ki, bu bizim vertolyotdur, onu kim və niyə vurub? Uşaqlar danışır ki, Ağa peşmanlıqdan ayaq üstə ölmüşdü. Sonra xəbər gəlib ki, erməni vertolyotudur. Şirin Mirzəyev öz əmək haqqının 25 faizini Ağaya mükafat kimi verəcəyini elan edib. Əslində, həmin bakılı balasının adının sonluğu da var idi, sadəcə hamı onu Ağa çağırırdı. İndi heç xatırlamıram, onun əsl adı Ağəli idi, Ağamirzə, yoxsa Ağadadaş.
Unutmuşam...
Bu an həm ermənilər, həm də bizimkilər atəşi dayandırdı. Ölü bir sükut yarandı. İdris kişi dedi ki, haydı, uşaqlar, məqamdır, hücuma keçək. Amma elə istiqamət seçməliyik ki, ermənilər buradan bizim mühasirəni yarmaq istədiyimizi gözləməsin. Elə də etdik və ermənilərin gözləmədiyi tərəfə-düz Xankəndi tərəfə qəfil hücuma keçdik.
“Urra” bağırtılarıyla atəş aça-aça düz ermənilərin üstünə yüyürdük. Hələ vertolyotun vurulması şokundan ayılmayan ermənilər özlərinə gəlməmiş bir mühasirəni yarıb keçdik...
(Təəssüf ki, bu səhnəni bir cümlə ilə ifadə edə bilirəm. Çünki o an yadımda elə beləcə surətli qalıb. Nə gördüyüm, nələr hiss elədiyim yadımda deyil)
Mühasirəni yarandan sonra İdris kişi bizi ermənilərin arxasından sağ-salamat keçirdərək Ağdamın Cinli kəndinə gətirib çıxartdı. Oradan birbaşa batalyona gəldik. Şirin Mirzəyevlə görüşüb ermənilərin qüvvələri, onların təxmini sayı barədə məlumat verdik, başımıza gələnləri ona danışdıq. Səhəri gün tezdən Şirin Mirzəyev bizi Ballı Qaya-Kiçan və azad olunmuş digər kəndlərimizə göndərdi. Kəşfiyyat dəstəsinin əksər üzvləri ilə azad olunmuş kəndlərə baş çəkdik. Ərazi ilə tanış olduq. Düşmənin mövqelərində müşahidələr apardıq. Əsir götürülən ermənilərdən birini buraxmışdılar, digərlərini isə alaya aparmışdılar. Ballı Qaya-Kiçanda kəndin ən hündür yerində uşaqlar bayrağımızı asmışdılar. Tez-tez səsgücləndiricilər vasitəsiylə hərbi mahnılar, milli Azərbaycan musiqisi səsləndirilirdi. Səhər və axşam isə himnimiz ətrafdakı meşələrə, dağlara yayılırdı.
Komandiri itirmək qorxusu
Kiçanda minaatanlar dəstəsindən Bəhruz Camalovun idarə etdiyi hərbi maşın minaya düşdü, iki ayağını itirdi. Elə döyüş başlayandan bir saat sonra Şirin Mirzəyev növbəti dəfə ölümlə üz-üzə qaldı. Onun olduğu “UAZ” markalı avtomobilin önünə düşmən mərmisi düşmüşdü. Mərminin qəlpələri avtomobili deşik-deşik etsə də, komandir və onunla birgə olanlardan heç kəs xəsarət almamışdı. Elə həmin gün Şıxbabalı rotasının komandiri Qabil Əsgərov öz “UAZ”-ını Şirin Mirzəyevə vermişdi.
İyunun 17-də ermənilər hər tərəfdən hücuma keçdi, vəziyyət çox ağır idi. Mərmilərin, raketlərin, minaatanların, topların səsindən yer - göy lərzəyə gəlirdi. Onlar üç tərəfdən- Çıldıran, Ballı Qaya-Kiçan və Vəng istiqamətindən hücum edirdilər. Mühasirəyə düşməmək üçün Sırxavənd qəbiristanlığının yanındakı postu mütləq saxlamaq lazım idi. Amma ermənilər oranı güclü atəşə tutmuşdu.
Təəssüflər olsun ki, döyüşün ən ağır vaxtında biz həmin postu itirdik. Ermənilər əsas qüvvələrinin bir hissəsini məhz buradan hərəkətə gətirdilər.
Çətin tapşırıq
Şirin Mirzəyev bizi-kəşfiyyatçıları təcili Qaraşların üstündəki yüksəkliyə çağırdı. Biz ora çatanda komandir əlində durbin çox narahat vəziyyətdə döyüş gedən mövqeləri diqqətlə müşahidə edirdi. Elə bir mövqedə dayanmışdı ki, oradan bütün istiqamətlərdə gedən döyüşləri görə bilirdi.
Bizə mina təmizləyənlərlə Qazançı yolunu açmaq əmr edildi. Mina təmizləyənlərin alay komandiri “Desant” ləqəbli Allahverdi adlı oğlan idi. Çox təhlükəli bir iş idi. Neçə gündür nəzarətsiz qalmış bu yol da ermənilər pusqu da qura bilərdi...
Bu arada onu xüsusi qeyd edim ki, bizim batalyonun (alay yaranana qədər) mina təmizləyənləri də artıq olduqca peşəkar bir komandaya çevrilmişdilər. Kərim Cəlilovun yaratdığı bu dəstədə Elşən, Bakir (“Qarabala”), Namiq və indi adını unutduğum digər mina təmizləyənlər var idi. Onlardan, səhv etmirəmsə, iki nəfəri şəhid oldu.
İndi batalyonun xilası kiçik bir kəşfiyyat və mina təmizləyənlər dəstəsindən asılı idi. Hələ biz Şirin Mirzəyevin yanında olarkən komandir müxtəlif istiqamətlərdə gedən döyüşlər barədə mütəmadi məlumatlar alır və müvafiq qərarlar verirdi.
Xəbər gəldi ki, ermənilər artıq Vəngin körpüsü istiqamətindən çayı keçməyə cəhd edirlər. Elə bu xəbərin ardınca “General Ərşad” ləqəbli başqa bir batalyonun komandiri Ərşad Nadirov “ratsiya” ilə məlumat verdi ki, atəş açmayaq, çayı keçənlər ermənilər yox, onun batalyonun əsgərləridir. Bu yanlış məlumat da ola bilərdi. Ərşadın adından istifadə edilə bilərdi.
Bu səbəbdən Şirin Mirzəyev yenidən batalyonumuzun həmin ərazidə olan zabiti, səhv etmirəmsə Natiq Camalovla əlaqə yaratdı. Düşündüyümüz kimi də oldu. Natiq dəqiqləşdirib məlumat verdi ki, çayı keçən ermənilərdir.
Artıq gec idi, biz erməniləri məhv edə biləcəyimiz fürsəti əldən vermişdik. Taxıllıqda bizim kiçik bir qrup ermənilərin qarşısını almağa çalışırdı. Amma alınmadı, onlar itki verə-verə geri çəkildilər. Çox ağır vəziyyət yaranmışdı. İlk dəfə idi ki, Şirin Mirzəyevi belə görürdüm. Rəngi qaçmışdı, sifətinin əzələləri titrəyirdi. Qəfil əmr verdi:
- Uşaqlar, tələsin!
Komandir qardaşı oğlu Mübarizi də bizə qoşdu. Biz mina təmizləyənlərlə birgə Qazançı tərəfə hərəkətə keçdik.
Arxada isə...
Ardı var...