Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi Godd Media təşkilatının “Bakı-2015 Birinci Avropa Oyunlarına dair təşviqat və məlumatlandırma” layihəsi çərçivəsində Almaniyanın “Berlin TV” kanalı ölkəmizdə elektron hökumət sahəsində yaradılan səmərəli idarəetmə, ASAN Xidmət haqqında iki reportaj yayımlayıb. Lent.az-ın aldığı məlumata görə, reportajda Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimovun ASAN Xidmət modelinin vətəndaşlar üçün yaratdığı yüksək xidmət səviyyəsi haqqında fikirləri də yer alıb. 10 dövlət qurumunun göstərdiyi xidməti özündə birləşdirən ASAN Xidmət mərkəzlərinin imkanlarından vətəndaşlar növbə gözləmədən, istədikləri vaxt asanlıqla yararlana bilirlər. Bölgələrdə yaşayan vətəndaşlar üçün mobil ASAN xidməti mövcuddur. Belə ki, lazımı avadanlıqla təchiz olunan ASAN Xidmətə məxsus nəqliyyat vasitələri mütəmadi olaraq Azərbaycanın bölgələrində yaşayan sakinlərə xidmət göstərir. “Berlin TV”nin reportajının sonunda növbəti materialın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə həsr ediləcəyi ilə bağlı anons da verilib.