Mən bu qəribə adamı ilk dəfə “Sahil” tərəfdə gördüm. Qarşıda yeyin-yeyin gedən bir gənc xanım büdrəyib yıxıldı, deyəsən, ayağı burxulmuşdu. Dediyim bu qəribə adam qaçıb hamıdan tez çatdı və onu yerdən qaldırdı. Xanıma ayaqqabılarını soyunmaqda yardım elədi, qoluna girib taksiyə apardı. Xanımın israrlı etirazına baxmayaraq taksinin pulunu verib təmənnasız olaraq evinə yola saldı. Ondakı ürəyə bax, fikirləşib ki, çox da israr edir, bəlkə heç xanımın cibində taksi pulu yoxdu.
Sonralar mən bu qəribə adamı gənclərin yaratdığı “Oda” teatrında aktyor kimi gördüm. Boynuna düşən rolu əla oynayırdı.
Nə başınızı ağrıdım, Qurban Məmmədli! Tanınmış vəkil, siyasətçi bir Qurban Məmmədli də var. Xahiş edirəm, onları dəyişik salmayasınız.
Bizim bu Qurbanın qəribə “dizaynı” var. Demək, top qara saqqal, uzun qıvrım saçlar, şortik və krossovka. Bakıda bu görkəmdə hərlənməyin çətinliklərini bildiyimə görə onunla söhbətləşməyi qərara aldım.
(Burada bir məqamı qeyd etməliyəm. Mən Qurban bəylə dünən görüşməli idim. Danışdıq, sözləşdik, ancaq gəlib çıxmadı. Zəng elədim, üzr istəyib dedi ki, ayrı işlərim çıxdı, məni bağışlayasan. Bu gün isə dünən gəlmədiyinin səbəbini dedi. Dedi ki, açığı heç metroya girməyə qəpiyim yox idi. Onun bu sözlərindən sonra gənclərimizin nə qədər acınacaqlı həyat keçirtdiklərini qəlb ağrısı ilə duydum.)
- Qurban bəy, sən hansı bölgədənsən?
- Mən elə Bakının özündənəm. Xutorda doğulmuşam. Sonralar Badamdara köçmüşük. Badamdara köçəndə mənim 2 yaşım olub, indi də orda yaşayıram.
- Oooo! Çox maraqlıdı, bəs sənin bu görkəminə “məələ uşaqları” nə deyir?
- “Məələ uşaqları” səncə nə deyər? “Alə, bu nə vid-fasondu düzüb- qoşmusan?” Gərginlik həmişə olub, sıxılmışam, ancaq imicimdən geri durmamışam. Bir vaxtlar Vaqif Mustafazadəni də lopa bığlarına görə televizora çıxmağa qoymurdular, axırda nooldu? İndi hamısı peşmandı.
- Necə gərginlik yaradırlar, məsələn?
- Məsələn, biri qarşımı kəsib deyir, alə, kişinin kişi saqqalı olar! Mən də deyirəm, qaqaş, bəyəm, saqqalın üstünə yazılmalıdı ki, bu kişi saqqalıdı, bu da qadın? Bu nə məntiqdi? Mən belə saqqal qoymuşam, saqqalın ölkədə bir standartı-zadı var? Olmaya konstitusiyamızda saqqalla bağlı qanun zad yazıblar, mən bilməmişəm?
- Bəs, metroda-zadda necə, sataşırlar?
- Bəs nədi? Bu ölkədə öz istədiyi kimi görünmək istəyən adamı standart insan sürüsü mütləq buynuzlamalıdı. Standart insan sürüsünün də şərtləri çox bayağıdı. Bu yaxınlarda metroda biri yaxınlaşıb qulağıma dedi ki, bu nə saç-saqqaldı, utanmırsan? Mən də onun qulağına dedim ki, sənin bu günə düşməyində mənim saqqalımın nə günahı?
- Yaxşı demisən haa! Qurban bəy, harda təhsil almısan?
- Mən Rəssamlıq Akademiyasının (ADRA) sənətşünaslığını bitirmişəm. Belə demək mümkünsə, təsviri incəsənət tənqidçisiyəm.
- Hazırda harada işləyirsən?
- Kim idi ee, məni işə götürən? Bilirsiz, mən haralarda işləmişəm? Ən yaxşı halda Azərsun şirkətində fəhlə işləmişəm. Orda da tipajlar bütün diqqətini mənim saqqalıma cəmləyirdilər. Biri saqqalımı, biri saçımı söyürdü, bezdirib məni öz cərgələrindən çıxardılar.
- Özgə haralarda işləmisən?
- Deyim dəə! “Gəlin qayası” restoranında zibildaşıyan işləmişəm.
- Zibili necə daşımısan?
- Zibilləri yığıb liftlə endirirdim, sonra arabaya, arabadan da zibilliyə. Elçibəyçi olduğuma görə ordan da bayıra atdılar məni. Həm də əməkhaqqımda 29 manat “atdılar” mənə.
- Sənin bir şəxsiyyət kimi formalaşmağında yəqin ki, tələbəlik illəri böyük rol oynayıb. Baxma, tələbələr arasında unikal adamlar da çoxdu.
- Bəli, birinci elə tələbə kollektivi adamı xeyli formalaşdırır. Ancaq o mühit hərəni bir cür formalaşdıra bilər. Bir də mən “Host” dönəmində özümdə bəzi koturları dəqiqləşdirdim. Sonra “Dalğa” hərəkatına qoşuldum. “Dalğa”da kifayət qədər açıqfikirli gənclər var. Hazırda “Azad Gənclik” təşkilatı ilə əlaqə saxlayıram, başım teatra qarışdığından orada da aktiv görünə bilmirəm. Ancaq paralel olaraq “Kanal-13” televiziyasında maarifləndirici küçə sorğuları aparıram. Bu kanalın da qonorar problemləri var.
- Bəs evdə valideynlərin nə deyir sənə?
- Atam çoxdandı bizimlə yaşamır, anam isə zarafatla mənə keçisaqqal deyir. Mən də deyirəm, olsun. Bir dəfə yaxın bir tanışımla salamlaşıb ona əl uzatdım. O isə üzünü yana çevirib nə desə yaxşıdı? Salamlaşmadı. Gülmək məni tutdu. Demək, mənim kimi saqqal saxlayan adamdan seksual arientasiyasını itirmiş adam kimi şübhələnirlər. Bu faciədi! Özü də onların faciəsidi!
- Bəs yaradıcılığın nə yerdədi? Eşitmişəm replə də məşğulsan.
- Hə, repə çox maraq göstərirəm. Teksti özüm yazıram, özüm də oxuyuram. Mən siyasi
repə üstünlük verirəm. Bir link ataram qulaq asarsan.
- Çox maraqlı olardı, heç sənin repini dinləməmişəm. Bir dənə də şəxsi sual: bəs evlənmək istəmirən?
- Evlənmək üçün şəraitim yoxdu. Azərbaycanda bütün gənclər kimi mən də gənc olmağın məşəqqətini çəkirəm. Hələlik sevdiyimlə vətəndaş nikahında olmağa üstünlük verirəm.
- Ən böyük arzun nədi?
- Azərbaycandan getmək!
- Yox, sən getmə!
- Baş üstə!