36613 şagird imtahan verəcək
Dövlət İmtahan Mərkəzi (DİM) 18 mart 2018-ci il tarixində respublikanın 30 şəhər və rayonunda ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsini, 23 şəhər və rayonunda isə ilk peşə-ixtisas təhsili müəssisələrinin sonuncu sinfində təhsil alan şagirdləri üçün buraxılış imtahanı keçirəcək.
DİM-dən Lent.az-a verilən məlumata görə, həmin gün ümumilikdə 36613 şagirdin imtahan verəcəyi nəzərdə tutulur.
Bu imtahanlarda iştirak edəcək şagirdlər “İmtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə martın 11-dən etibarən çap edib götürə bilirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Yaddaş kitabçası” da təqdim olunur. Burada şagirdlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.
İmtahan saat 11:00-da başlanır.
İmtahanların keçirilməsi üçün ümumilikdə 127 imtahan mərkəzi ayrılıb.
9-cu sinif buraxılış imtahanının birinci mərhələsində 32822 şagirdin iştirakı nəzərdə tutulur.
İlk peşə-ixtisas təhsili müəssisələrinin buraxılış imtahanında isə 3791 11-ci sinif şagirdinin iştirakı nəzərdə tutulur.
İmtahanların idarə olunmasına ümumilikdə 285 imtahan rəhbəri, 3278 nəzarətçi-müəllim ayrılıb.
166