900 manat maaş alan vətəndaşa 840 manat aliment kəsilib.
Lent.az xəbər verir ki, bu barədə sosial şəbəkədə paylaşım olunub.
Bildirilib ki, boşanma zamanı 900 manat maaş alan valideynə 840 manat aliment məbləği təyin olunub. Lakin maaşın 93,33 faizinin kəsilməsi narazılığa səbəb olub. Boşanan şəxs maaşından hər ay 60 manatın özünə qaldığını bildirir.
Bəs görəsən, aliment üçün əmək haqqından bu qədər kəsilmə normaldır? Uşaq sayı neçə olduqda, aliment məbləği artır?
Vəkil Elyar Həsənov Lent.az-a açıqlamasında bildirib ki, 900 manat maaş alan insandan 840 manat aliment tutulmağı tamamilə qanuni ola bilər:
.jpg_1792055495.jpeg)
“Burada bəzi məqamlar var. Ola bilər ki, aliment verən vətəndaşın gəliri təkcə əmək haqqından ibarət olmasın, yaxud uşaqların sayı çox olsun. Çünki məhkəmə adətən bir uşaq üçün sabit məbləğdə aliment tutarkən uşaq üçün yaşayış minimumu əsas götürür. Beş uşaq varsa, hər uşaq üçün yaşayış minimumu əsas götürülsə, kifayət qədər normaldır ki, bu məbləğ aliment verən valideynin gəlirindən asılı olmayaraq 800-900 manat olsun. Amma təbii ki, heç bir halda gəlirin 70 faizindən çox aliment tutula bilməz.İcra qaydası ilə bu məsələlər nəzərə alınır.
Əgər övlad bir valideynin yanında yaşayırsa, həmin valideyn uşaq üçün digər valideyndən aliment tələb edə bilər. Alimentin tutulmasının ümumi qaydaları, həmçinin xüsusi nəzərə alınmalı hallar var. Ümumi qaydalar odur ki, aliment qazancın bir hissəsi və ya sabit pul məbləğində tutulur. Qazancın bir hissəsi dedikdə - 1 uşağa görə, gəlirin dörddə biri, iki uşağa görə gəlirin üçdə biri, üç və daha çox uşağa görə gəlirin yarısı tutula bilir.
Bundan əlavə valideyn sabit pul məbləğində də aliment tələb edə bilər. Xüsusilə vurğulamalıyıq ki, gəlir dedikdə, təkcə əməkhaqqı nəzərdə tutulmur. Əmək haqqı ilə yanaşı başqa gəlirlər də alimentə cəlb edilə bilir”.