Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondu və Belarus Respublikası Fundamental Tədqiqatlar Fondunun birgə təşkil etdiyi 1-ci Azərbaycan-Belarus beynəlxalq qrant müsabiqəsinin nəticələri açıqlanıb. Bu barədə Lent.az-a Fondun icraçı direksiyasından məlumat verilib. Müsabiqə üzrə 7 fundamental-tətbiqi xarakterli layihə qalib elan edilib. Bu müsabiqə üzrə Azərbaycan tərəfi üçün ümumi maliyyələşdirilmə həcmi 490000 manat olub.
Layihələr fizika-riyaziyyat və texnika elmləri, həmçinin humanitar və ictimai elmlər sahələrini əhatə etməklə Azərbaycan Milli Elmlər Akademiyasının Fizika, Radiasiya Problemləri institutlarında, Milli Aviasiya Akademiyasında, Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutunda, Azərbaycan Texniki Universitetində və Bakı Slavyan Universitetində yerinə yetiriləcək. Belarus tərəfdən Belarus Milli Elmlər Akademiyasının Fizika İnstitutu, Metalpolimer Sistemlərinin Mexanikası İnstitutu, Energetika İnstitutu, Belarus Dövlət İnformatika və Radioelektronika Universiteti, Belarus Dövlət Universitetinin Tətbiqi Fizika Problemləri İnstitutu və Belarus Dövlət Pedaqoji Universitetinin əməkdaşları birgə elmi-tədqiqat layihələrində iştirak edəcəklər.
Müsabiqənin nəticələrinə həsr olunmuş tədbirdə Belarusun Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Nikolay Yermolayeviç Paskeviç və səfirliyin əməkdaşları da iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev Azərbaycan və Belarus arasında əlaqələrin davamlı əsaslarla inkişaf etdiyini, digər sahələrdə olduğu kimi elmi əməkdaşlığın da yeni dövrün tələblərinə uyğun olaraq qurulduğunu, elmi prioritetlər nəzərə alınmaqla və tətbiqi sahələrə üstünlük verilməklə qısa müddət ərzində reallaşdırıldığını qeyd edib. Görüşdə Elmin İnkişafı Fondunun dəstəyi ilə Belarus alimlərinin elmi nailiyyətlər sərgisinin və Fondun maliyyələşdirdiyi qrant layihələri üzrə birgə Azərbaycan-Belarus elmi konfransının Azərbaycanda təşkil olunaraq keçirilməsi ideyaları irəli sürülüb.
Elmin İnkişafı Fondu yaxın zamanlarda Koreya Milli Tədqiqatlar Fondu, Rusiya Fundamental Tədqiqatlar Fondu, ABŞ-da yerləşən “Qarabağ” fondu, Almaniyanın Berlin Humboldt Universiteti, Ukrayna Milli Texniki Universiteti, Türkiyənin Erciyes Universiteti və digər qurumlarla əməkdaşlıq əlaqələrini genişləndirməyi planlaşdırır.