"Uşaq evi"ni tərk edənlərə MƏNZİLLƏR VERİLDİ
25 sentyabr 2021 12:01 (UTC +04:00)

"Uşaq evi"ni tərk edənlərə MƏNZİLLƏR VERİLDİ

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən dövlət uşaq müəssisələrinin məzunu olan, hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum şəxslərdən daha bir qrupu Abşeron rayonunda mənzillərlə təmin edilib.

Qurumdan Lent.az-a verilən məlumata görə, ümumən son günlər bu kateqoriyadan olan 70 şəxs mənzillə təmin olunub. Məzunlara yeni mənzillərin açarlarını təqdim edən Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sədr müavini Faiq Ağayev Prezident İlham Əliyevin həssas əhali qruplarına, o cümlədən dövlət uşaq müəssisələri məzunlarına xüsusi qayğısı nəticəsində həmin insanların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində görülən işlərdən bəhs edib.

Qeyd edilib ki, bu kateqoriyadan olan insanların mənzillə təminatı sahəsində də ölkəmizdə mühüm işlər aparılır. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü olaraq və Heydər Əliyev Fondunun mühüm sosial layihələrindən biri kimi son illərdə Abşeron rayonunda çoxmənzilli yaşayış binaları inşa etdirilərək dövlət uşaq müəssisələri məzunlarının istifadəsinə verilib. Sosial Xidmətlər Agentliyinin “Məzun evi” sosial müəssisəsi kimi fəaliyyət göstərən həmin yaşayış binalarında 365 məzun mənzillə təmin olunub. Müəssisədə onlara sosial məsləhət, sosial-hüquqi və s. xidmətlər də göstərilir.

Son günlərdə dövlət uşaq müəssisələri məzunlarından artıq 70 nəfərinə Abşeron rayonundakı yeni yaşayış binalarından mənzillər verilməsi şəhid ailələri və müharibə əlilləri ilə yanaşı, həssas qruplardan olan digər şəxslərin də mənzillə təminatı işlərinin uğurla davam etdirildiyini göstərir. Bütün bu tədbirlər ölkəmizdə aparılan sosial siyasətin ildən-ilə gücləndirildiyini, eyni zamanda bu siyasətin humanist yanaşmalara əsaslandığını göstərir.
Yeni mənzillə təmin olunan dövlət uşaq müəssisələri məzunları həmişə diqqət və qayğı ilə əhatə olunduqlarına, bu gün mənzillə təmin edildiklərinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

# 1014
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar