Sil gözün yaşın, Azərbaycan…
31 mart 2024 18:33 (UTC +04:00)

Sil gözün yaşın, Azərbaycan…

Xocalı işğaldan azad edilsə də xocalıların göz yaşları qurumur. Burda az qalsın hər addımda günahsız insanların sümükləri tapılır. Çox dəhşətli faciədir Xocalı soyqırımı, çox. Təkcə Xocalıdakı cinayətlərinə görə erməni cəlladlarını qiyamətə kimi bağışlamaq olmaz!

Bugünkü mənzərə dünyaya bir dərs olmalıdır. Hələ də Ermənistanı, erməni separatçılarını müdafiə edən Avropa, ABŞ baxıb utansın bu mənzərədən. “Xocalıya ədalət” şüarı ilə Azərbaycan neçə ildir bütün dünyaya səslənir, tədbirlər keçirilir. Ortaya sübutlar qoyulur. Günahsız insanların necə qəddarlıqla öldürüldüyünə dair video, foto, başqa sənədlər var. 32 ildir Xocalı soyqırımının şahidləri danışır. Bu haqda kitablar yazılıb, sənədli filmlər çəkilib. Ermənistanın necə bir dəhşətli cinayətə imza atdığı detallı şəkildə sübut olunub.

Bu gün – 31 mart günü Xocalıda nəşlərinin qalıqları tapılan 7 xocalılının dəfn mərasimi də erməni cəlladlarının cinayətinin bir təsdiqidir. Bütün bunlardan sonra Azərbaycanı ittiham etmək, Ermənistana qahmar çıxmaq yalnız ədalətsizlik deyil, həm də əxlaqsızlıqdır.

Qərb iki ildir Rusiyanı Ukraynaya hərbi təcavüz etdiyi üçün sanksiyalara məruz qoyur, cəzalandırır. Haaqa məhkəməsi Rusiya Prezidenti Vladimir Putinin həbsi barədə order verib. Bəs azərbaycanlılara qarşı soyqırım cinayətlərində birbaşa iştirak etmiş Robert Köçaryan, Serj Sarkisyan, Seyran Ohanyan, Zori Balayan və digər müharibə cəlladları barədə beynəlxalq məhkəmələr nədən susurlar?!

Ermənistanın sabiq prezidenti R.Köçəryan Avropa Şurasının kürsüsündən dünya ictimaiyyətinə xitabən Dağlıq Qarabağda, xüsusən də Xocalıda keçirilən hərbi əməliyyatlarda iştirakından fəxr duyduğunu bildirmişdi.

Zori Balayan 1996-cı ildə çap etdirdiyi kitabda dəhşətli detallardan bəhs edir. Xocalıya hücum əməliyyatından sonra yaxınları ilə həmin qanlı hadisələr törədilən yerdə olduğunu və evlərdən birinin divarına 11 yaşlı bir türk qızının mismarlandığını gördüyünü yazıb. Z.Balayan bədnam kitabında belə bir cümlə işlədib: “Türklərə olan nifrətimi hələ də can verən qızın sinəsindən dərinin qopardılması ilə soyutmağa çalışdım”.

Daha bir erməni terrorçu Serj Sərkisyanın da Xocalı ilə bağlı etirafı var. Sərkisyan hələ müdafiə naziri olduğu 2000-ci ildə britaniyalı jurnalist Tomas de Vaalın Qarabağ mövzusunda suallarını cavablandırmışdı. S.Sarkisyanın “Xocalıya kimi azərbaycanlılar elə bilirdilər ki, biz zarafat edirik. Onlar düşünürdü ki, ermənilər dinc əhaliyə əl qaldıra bilməyəcək insanlardırlar. Bütün bu fikirləri pozmaq lazım idi” cümləsi bəs edir ki, o, beynəlxalq məhkəmədə yarğılansın.

Amma əksini görürük. Hələ də Qərb Ermənistanı himayə edir. Aprelin 5-də Ermənistanın Baş naziri Nikol Paşinyanın ABŞ Dövlət katibi Entoni Blinken və Avropa Komissiyasının sədri Ursula fon der Leyenlə Brüsseldə görüşü planlaşdırılır. Görüşün Cənubi Qafqazda siyasi tarazlığa ciddi şəkildə təsir edəcəyi ehtimal olunur. Brüsseldə Ermənistanın “təhlükəsizliyinin gücləndirilməsi” adı altında keçiriləcək görüşdə hərbi paktın imzalanacağı gözlənir. Azərbaycan torpaqlarını işğal etmiş, azərbaycanlılara qarşı soyqırım cinayəti törətmiş, müharibə cinayətinə yol vermiş, regionda sülhə və sabitliyə ciddi təhdid yaradan bir ölkənin “təhlükəsizliyinin gücləndirilməsi” Qərbə çox lazımdır deyəsən. Ermənistanın qatil, oğru, işğalçı ölkə olduğunu başqa hansı formada Qərbə çatdıraq?! Axı onlar qulaqlarını və gözlərini bağlayıblar. Həqiqəti görmək, eşitmək istəmirlər.

Yeri gəlmişkən, son zamanlar Ermənistan-Azərbaycan şərti sərhədinin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinin canlı qüvvəsi, zirehli texnikası, artilleriya qurğuları, habelə digər ağır atəş vasitələrinin cəmləşdirilməsi və qoşunların intensiv hərəkəti müşahidə olunur. Ermənistan Azərbaycanı müharibə ilə hədələyir. Cənubi Qafqazda 6 aydır yaradılan əmin-amanlığı bu şəkildə pozmağa çalışır. Şübhəsiz ki, bu addımların arxasında Qərbin bəzi ölkələri dayanır.

Ermənistan BMT-nin Qarabağla bağlı qəbul etdiyi qətnamələri də 28 il boyunca saya salmadı.

Boşuna dünyadan ədalət gözləmişik. Azərbaycan Ordusu Haaqa Məhkəməsinin, BMT-nin, ATƏT-in və s. beynəıxalq təşkilatların görməli olduğu işi 44 gün ərzində başa çatdırdı. Qarabağı işğalına, azərbaycanlıların yurd, torpaq həsrətinə son qoyuldu.

Ən böyük təsəllimiz torpaqların işğaldan azad edilməsidir. Taleyin işinə baxın, Xocalı qurbanlarından 7 nəfərin nəşinin qalıqları 31 mart soyqırımı günü torpağa tapşırıldı.

Bir daha kimsə bu millətin soyuna toxuna bilməyəcək, ona əl qaldırmağa cəsarət etməyəcək. Soyqırım bitdi, soyumuza davam dövrü başlayıb.

Sil gözün yaşın, Azərbaycan…

Şəhidlər ölməz, Vətən bölünməz.

Azər Ayxan

# 4218
avatar

Oxşar yazılar