Şəhid Səbuhi Əhmədovun qardaşı mediaya açıqlamasında dövlət tərəfindən ona verilən evdən imtina etdiyini bildirib.
Lent.az xəbər verir ki, onun sözlərinə görə, ev bir otaqlı olub və ona şəhid ailəsi yox, SOS uşaq kəndində böyüdüyü üçün verilib. Yəni qardaş şəhidin ailəsi hesab olunmur.
Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədova imtiyazlı şəxs kimi mənzilin verilməsi üçün bir neçə dəfə əyani, bir neçə dəfə telefonla danışılıb və qanunvericilik izah edilib:
"Sənana qanunvericilikdə şəhid ailəsi statusunun kimlərə şamil edildiyi, bu statusun hansı qurum tərəfindən verildiyi izah edilib. Həmçinin həssas qruplardan olan internat məzunlarının mənzillə təmin edilməsi üçün meyarlar haqqında da onunla danışılıb.
Sənanın təlim və tərbiyə aldığı “SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası Nizamnaməsinə görə valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisə statusunda deyil.
Buna baxmayaraq dövlətin qayğısının bir daha təzahürü olaraq Sənan Fuad oğlu Əhmədovun sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün Nazirlik hazırda mümkün olan təklifi – sosial tərəfdaş vasitəsilə təqdim olunan 1 otaqlı mənzili ona təklif edib.
Sənan bundan imtina edərək 2 otaqlı mənzil istədiyini bildirib. Ona qanunvericiliyin tələbləri barədə bir daha ətraflı məlumat verilib".
Qeyd edək ki, şəhidin qardaşı bu barədə "maset.az"a açıqlama vermişdi.