Kənardan baxanda dünyanın müxtəlif ölkələrinə səyahət etmək, hər gün yeni insanlarla tanış olmaq və səmada çalışmaq olduqca cəlbedici görünür. Lakin təyyarə bələdçisinin həyatı yalnız gözəl mənzərələrdən və səfərlərdən ibarət deyil. Bu peşənin sərnişinlərin çox vaxt bilmədiyi qaydaları, çətinlikləri və gözlənilməz məqamları da var.
Bəs təyyarə bələdçiləri uzun uçuşlarda necə istirahət edirlər? Sərnişinlərin ən qeyri-adi istəkləri nələr olur? İllərlə səmada çalışan insanlar bu peşənin çətinliklərinin öhdəsindən necə gəlirlər?
Lent.az-ın əməkdaşı bu peşənin ən maraqlı tərəflərini öyrənmək üçün 20 ildir Azərbaycan Hava Yollarında çalışan Səadət Quliyeva təlimatçı təyyarə bələdçisi ilə həmsöhbət olub.
- Neçə ildir aviasiya sahəsində çalışırsınız. Bu peşəyə gəlməyə necə qərar verdiniz?
- Artıq iyirmi ildən çox bu sahədə çalışıram. Maraqlıdır ki, təyyarə bələdçisi olmağım təsadüfən baş verib. Əslində bacım bu sahədə çalışmaq istəyirdi. Mən də ondan həvəslənərək, vakansiyaya müraciət etdim. Naticədə, mən müsahibə mərhələrindən uğurla keçdim, bacım təəssüf ki, keçə bilmədi. Beləliklə, təsadüfən başladığım bu peşədə artıq iyirmi ildən çox çalışıram.
- İlk uçuşunuzla bugünkü uçuşlarınız arasında hansı fərqlər var?
- İlk uçuşum, təbii ki, daha həyəcanlı idi. İllər keçdikcə təcrübəm artdı və indi müxtəlif vəziyyətlərdə daha təmkinli, çevik və anlayışlı davranıram.
- Uçuş qrafiki, tez-tez səfərlərdə olmaq şəxsi və ailə həyatınıza necə təsir edir? Ailənizlə istədiyiniz qədər vaxt keçirə bilirsiniz?
- Təbii ki, peşəmin xüsusiyyətlərinə görə ailəmlə hər zaman istədiyim qədər vaxt ayırmaq mümkün olmur. Amma çalışıram ki, boş vaxtlarımı ailə üzvlərimlə birlikdə keçirim və iş qrafikimi də mümkün qədər buna uyğun tənzimləyim.
- Bəs ən uzun uçuşunuz neçə saat olub? Haraya?
- Ən uzun uçuşum Yaponiyaya olub və 16 saat davam edib.
- Birbaşa uçuş idi?
- Bəli, birbaşa uçuş idi.
- Uzunmüddətli uçuşlarda, məsələn, 16 saatda istirahət üçün imkanınız olub? Yoxsa həmin müddətdə oyaq qalırsınız?
- Bəzi təyyarə tiplərində ekipaj üzvlərinin istirahəti üçün xüsusi bölmələr nəzərdə tutulur. Biz də uzunmüddətli uçuşlarda həmin bölmələrdən istifadə edirik. Ekipaj üzvlərindən biri istirahət edərkən digərləri onun vəzifələrini yerinə yetirirlər. Beləliklə, növbəli şəkildə istirahət etmək imkanımız olur.
- Bəzi aviaşirkətlərdə ekipaj üzvlərinin uniforma ilə işdənkənar mühitlərdə iştirak etmələrinə icazə verilmir. Bəs Azərbaycan Hava Yollarında uniformanın istifadəsi və işdən sonra onunla ictimai məkanlarda görünməklə bağlı hansısa qaydalar mövcuddur?
- Bəli, bu qaydalar bizdə də keçərlidir. Hər aviaşirkətin öz uniforması var. Təyyarə bələdçiləri müəyyən edilmiş uniforma qaydalarına riayət etməli, eyni zamanda iş uniformasında ilə kənar yerlərə - kafe, restoran və s. tipli ictimai məkanlara getməməlidir. Uniformalar məhz iş üçün nəzərdə tutulub.
- Ekipaj üzvlərinin sosial mediada şəxsi həyatları və iş mühitləri ilə bağlı paylaşımlar etməsinə dair hər hansı etik qaydalar və ya məhdudiyyətlər varmı?
- Bəli müəyyən qaydalar və məhdudiyyətlər var. İş prosesi ilə bağlı heç bir məlumatın paylaşılmasına icazə verilmir. Lakin uniformada foto və ya video paylaşım ediləcəksə, bu zaman rəhbərlikdən icazə alınmalıdır.
- Uzunmüddətli səfərlər zamanı getdiyiniz şəhərləri gəzməyə vaxtınız olur, yoxsa yalnız istirahət edib geri qayıdırsınız?
- Bəli, bir və ya iki günlük uçuşlar zamanı, şəhəri gəzməyə və istirahət etməyə vaxtımız olur.
- Bələdçi kimi dünyanın neçə ölkəsinə səfər etmisiniz?
- Özüm səyahət etməmişəm, işə görə müxtəlif ölkələrdə olmuşam. Ancaq istəyirəm ki, sərnişin kimi də təcrübə qazanım.
- Ən çox bəyəndiyiniz ölkə hansıdır?
- Bu günə qədər səfər etdiyim ölkələr arasında ən çox sevdiyim Lüksemburq olub. Oranın gözəlliyi məni valeh edib.
- Təcrübəli ekipaj üzvü olsanız belə, uçuş zamanı özünüzü həqiqətən narahat və ya qorxmuş hiss etdiyiniz bir vəziyyət olub?
- Bu günə qədər uçuş zamanı qorxduğum bir an olmayıb. Bu peşədə müəyyən situasiyalarda çıxış yolu axtarmaq lazım gəlir. Lakin illərin təcrübəsi ilə həmin anlarda özünü toparlaya bilirsən.
- İş qrafikiniz necədir? Neçə saat işləyirsiniz?
- İş saatları xüsusi qaydalarla tənzimlənir, uçuşun müddətindən asılı olur.
- Uçuş qorxusu yaşayan sərnişinlərlə tez-tez rastlaşırsınız? Belə hallarda onlara necə dəstək göstərirsiniz?
- Uçuş qorxusu olan sərnişinlər adətən bu barədə əvvəlcədən məlumat verirlər. Biz də onların vəziyyətini anlamağa, söhbət edərək fikirlərini yayındırmağa çalışırıq. Hətta elə sərnişinlərimiz olub ki, bizə yaxınlaşıb yanımızda özlərini daha təhlükəsiz və rahat hiss etdiklərini deyiblər.
- Təyyarədə tanınmış şəxs və ya xüsusi qonaq olduqda ekipaj bu barədə əvvəlcədən məlumatlandırılır?
- Tanınmış adamlarla qarşılaşmaq adətən sürpriz olur. Nadir hallarda öncədən xəbər verilir. Bizim üçün sərnişinlər arasında fərq olmadığı üçün onların hər birinə eyni münasibəti göstəririk.
- Sərnişinlərin təyyarə bələdçilərinə münasibəti sizi qane edir?
- Sərnişinlərin əksəriyyəti bizimlə mehriban və anlayışlı davranır. Bəzən narazılığını bildirən sərnişinlərlə qarşılaşırıq, lakin belə hallarda vəziyyəti sakit şəkildə həll etməyə çalışırıq.
- Necə sakitləşdirirsiniz?
- Biz sərnişinlərə bir növ psixoloq kimi yanaşırıq. İyirmi ilin işçisi sərnişinə baxanda dərhal onun hazırkı vəziyyətini hiss edə bilir. Bu zaman düzgün sözlərdən istifadə etməklə həmin sərnişinləri sakitləşdirə bilirik.
- Sərnişinlər tərəfindən gördüyünüz hansısa bir jest olub ki, hələ də onu təbəssümlə xatırlayırsınız?
- Ən gözəl jest sərnişinlərin təyyarəni tərk edərkən dedikləri xoş sözlər, dualardır.
- Sərnişinlərdən eşitdiyiniz ən qeyri-adi və ya yadda qalan xahiş hansı olub?
- Maraqlı xahişlər çox olur. Bəzən sərnişinlər menyuda olmayan yeməkləri istəyirlər. Bir dəfə sərnişinlərdən biri məndən “Sizdə kabab var?” deyə soruşmuşdu. Təxminən beş-altı il əvvəl isə bir sərnişin dondurma istəmişdi. O zaman təyyarədə dondurma təqdim edilmirdi. İndi isə yay aylarında müəyyən uçuşlarda dondurma təklif etmək imkanımız var. Bir dəfə də sərnişinlərdən biri övladı üçün “fast-food” kartof fri istəmişdi.
- Sərnişinlərin belə suallarına necə cavab verirsiniz?
- İlk növbədə sərnişinin istəyinə anlayışla yanaşırıq. Əgər istədiyi yemək menyuda yoxdursa, bunu nəzakətlə izah edir və mövcud seçimləri təqdim edirik.
- İşinizlə bağlı ən çox hansı sualı alırsınız?
- Adətən uçuş gecikəndə, təyyarə və yaxud ekipaj üzvləri dəyişəndə sual verirlər ki, “sizinlə uçacayıq?” Ancaq belə hallarda sərnişinlər bilmirlər ki, bizim iş vaxtımız bitib. Növbəti uçuşda başqa ekipaj üzvləri ilə birlikdə səyahət edəcəklər.
Yaxud uzun uçuşlar zamanı “necə dincələcəksiniz?”, deyə soruşurlar.
- Bələdçi olmağın ən çətin tərəfi nədir?
- Ən çətin tərəfi hamının şirin yuxuda olduğu an sənin oyanmağındır (Gülümsəyir).
- Fikirləşdim, deyəcəksiniz ki, xoş günlərdə ailəmlə birlikdə vaxt keçirə bilməməkdir.
- Bu da var, amma belə günlər üçün öncədən icazə almaq olur. Məsələn, doğum günümüzdə işləməmək üçün öncədən icazə ala bilirik.
- Bu peşəyə yiyələnmək istəyənlərə hansı tövsiyələriniz var? Nələrə diqqət etməlidirlər?
- Bu peşədə ayıq-sayıq olmaq, çevik qərar vermək çox vacibdir. Bunlarla yanaşı insan psixologiyasını anlamaq, sərnişinlərlə dil tapmağı bacarmaq və hər vəziyyətdə təmkinli davranmaq lazımdır.
- Maraqlı söhbətə və vaxt ayırdığınız üçün təşəkkür edirəm.
-Mən də sizə təşəkkür edirəm.
Foto - İlkin Nəbiyev ©️ APA GROUP