- Düz dörd ay axtardım onu. Tapa bilmədim, ay qardaş. 120 gün gəzmədiyimiz yer qalmadı. Möhürə dua elədim, Allaha yalvardım ki, ay Allah, necə gəlsə razıyam, təki tapılsın, qurban kəsəcəm. Qapı-qapı gəzib pul yığacam, o pula qurbanlıq alacam.
Hə. Şükür edir, bircə balasının meyitinin tapılıb dəfn edilməsinə belə şükür edir Gülnaz xanım. Şəhid Tural İsayevin anası.
O Tural ki, Siyəzənin Yenikənd kəndinin Vətən müharibəsindəki ilk şəhididir.
O Tural ki, bu kəndin dəfn olunan son şəhididir.
O kənd ki, Vətən müharibəsində 14 oğulu döyüşüb.
O kənd ki, 6 şəhid verib bu müharibədə...
***
Turalın 29 yaşı tamam olacaqdı aprel ayında. Adi uşaqlığı olub. Amma onu da doyunca, xoşbəxtcəsinə yaşaya bilməyib. On yaşındaykən atası Saməddin faciəli şəkildə həlak olub. Anası Gülnaz təkbaşına, min əzab-əziyyətlə böyüdüb onu və kiçik bacısını.
Yaxın qohumu Rüstəm deyir ki, adi kənd uşağı olub. Zəhmətkeş, istiqanlı, mehriban. Ali məktəbə sənəd verməyib. Orta məktəbi bitirəndən ali təhsil dalınca qaçmayıb. Bir il sonra hərbi xidmətə yollanıb. Qayıdıb gəlib. Kənddə əkin-biçinlə məşğul olub. Bakıda tikintidə fəhlə işləyib. Anasının, ümumiyyətlə, ailənin bütün qayğısı onun üzəridə olub. Bir müddət sonra yenidən hərbi xidmətə yollanıb: Müddətdən artıq hərbi xidmətçi kimi. Düz, dörd il imiş ki, hərbi xidmətdəymiş. Qüsursuz xidmətə görə, dəfələrlə təltif də olunubmuş. Hə, o məşhur filmdə deyildiyi kimi…”müharibə başlayan gün”...
Məhz həmin gün anasına zəng edir. Sentyabrın 27-si, səhər…
- Bircə bunu dedi: “Mama, özündən muğayat ol. Salamatçılıqdı”. Başqa heç nə demədi. Amma yox, mesaj da yazmışdı zəngdən qabaq: “Mama, haqqını halal elə”. Demədi, müharibə başlayıb. Ümumiyyətlə, o heç vaxt hərbi xidmətindən danışmazdı. Sevməzdi danışmağı. Amma ayın 27-si səhər bütün Azərbaycan bilirdi ki, Qarabağda ağır döyüşlər başlayıb. Həmin vaxt mənim əlimdən nə gələrdi ki, ay qardaş. Ancaq dua etmək.
Bu yerdə bir maraqlı məqamdan da söhbət açır Gülnaz xanım. Sən demə, bir gün əvvəl, ayın 26-da bacısıyla da bir-iki kəlmə danışıbmış, Tural. Bacısına son sözü bu olub: “Bizi toya aparırlar. Sabah toy olacaq”. Bacısı, təbii ki, heç nə başa düşməyib...
Döyüşə Füzuli cəbhəsində başlayıb. İki gün sonra onlara zəng olub: “Uşağınız şəhid oldu, qarşılayın”. Amma…
Amma şəhid cənazəsi bu evə bir də dörd aydan sonra gəlir.
Bu dörd ayda haraları gəzməyirlər? Morqlarda, xəstəxanalarda olurlar. Amma Turalı tapa bilməyiblər.
Rüstəm deyir ki, Tural sentyabrın 27-si axşam həlak olub.
- Onlar üç nəfər olublar. Silah-sursat daşıyan maşınları vurulub. Üçü də həlak olub.
Onu deyirdik axı. Turalın axtarışları heç bir nəticə verməyib bu aralıqda. Hətta bir dəfə kəndə şayiə də yayılır ki, guya Tural əsir düşüb.
Gülnaz xanım danışır ki, Füzulidəki yaralıların müalicə olunduğu Mərkəzdə belə olub dəfələrlə.
- Bir dəfə də ağır yanıq xəstələri olan şöbədə oldum. Üz-gözləri sarınmış uşaqlar idilər. İlk baxışdan sifəti tanımaq olmur axı. Həkimlərə deyirdim ki, bir-bir onların əlini ovcuma alacam. Hansı tərpənsə, Tural odur. Həkimlər anlamırdılar məni. Deyirdim mən anayam, mənim əlimi hiss etsə, mama deyəcək. (Qəhərlənir)
Bir gün Yenikəndə növbəti xəbər gəlir. Yenə Füzulidən. Bir şəhid əsgərlə bağlı. Amma Füzuliyə çatanda İsayevlər xəyal qırıqlığına uğrayırlar.
- Biz ora çatanda dedilər ki, həmin əsgərin adamları gəldi, onun nəşini apardı. Mən həmin ailəyə görə də şükür etdim Allaha. Dedim, ilahi, şükür onların şəhidi dəfn ediləcək.
Bu müddət ərzində Gülnaz xanım DNT analizi də verir. Ümidlə gözləyir ki, onun oğlu tapılacaq.
- Hər şeyə razı idim. Evimə necə, hansı vəziyyətdə gətirilməsindən asılı olmayaraq. Quban dedim, qapı-qapı gəzib pul toplayıb qurbanlıq qoyun alacam, kəsib kasıb-kusuba paylayacam dedim. Təki tapılsın, dəfn edim, ziyarət yerim olsun - dedim.
Turalın tapılma xəbəri kəndə yanvarın 31-i gəlib çıxır. Nəinki Yenikənd, bütün Siyəzən İsayevlərin həyətinə axışır.
- Tabutda kəfəni açanda elə bil başıma qaynar su tökdülər. Adama elə gəlirdi ki, yenicə şəhid olub. Döyüş meydanından yenicə tabuta qoyub gətiriblər. Balamdan torpaq ətri gəlirdi. Torpaq ətri, yarpaq ətri. Onu evdən çıxaranda qurban kəsildi. Mən elə oradaca yenə Allahıma dua etdim ki, şükür, dualarmı eşitdin, ay Allah. Sənə şəkk eləyənə min lənət, dedim. Qurbanımı qəbul etdin, sağ ol, dedim...
Hə, İsayevlərin həyətindən minlərlə insanın çiynində son mənzilə yola salınır Tural. Evlərindən isə anasının zərif, əyilməmiş çiynində çıxır...
***
Həyətdə yarımçıq tikili var. Tural ev tikdirirmiş anasıyla özünə. Evləri köhnədir. Deyirmiş, mama, təzə ev tikdirək, köçək. Daha bu köhnə evdə yaşamaq mümkün deyil.
- Soruşurdum, mama qurban, yaşın keçir, niyə evlənmirsən? Gülüb deyirdi ki, eh, ay mama, pampersin biri filan qiymətədir. Evlənməyi neynirəm. Özü yetim böyümüşdü. Yaxşı bilirdi ki, yetim böyümək nə deməkdi. Bəlkə də ürəyinə nəsə dammışdı. Hiss etmişdi. Yox, sevdiyi, bəyəndiyi bir kimsənin olduğunu bilmirəm. Eşitməmişəm. Bəlkə də olub, bacısına deyib. Həm də, indi nə mənası...
Siyəzən-Bakı