Lent.az-ın “Bir sual bir cavab” rubrikasında növbəti mövzusu ölüm zamanı tibbi şəhadətnamənin verilməsi ilə bağlıdır.
Maraqlıdır, görəsən, ölüm hadisəsi yaşayış yerində (təcili tibbi yardım gəldikdən sonra və təcili tibbi yardım gələnə qədər) baş verdikdə tibbi şəhadətnamə necə verilir?
Lent.az-ın məlumatına görə, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Hüquq departamentinin Korporativ hüquq şöbəsinin aparıcı məsləhətçisi Gülnar Hacıyeva bildirib ki, yaşayış yerində baş vermiş ölüm hadisələri üzrə ölüm haqqında tibbi şəhadətnamənin verilməsi ilə bağlı görüləcək tədbirlər yaşayış yerinin kənd, qəsəbə və şəhər olmasından asılı olaraq dəyişir.
Onun sözlərinə görə, ölüm hadisəsi yaşayış yerində (kənd və qəsəbə istisna olmaqla) baş veribsə, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (TTTYS) həkimi ölüm hadisəsini təsdiq edir:
"Bu barədə çağırış vərəqəsində qeydiyyat aparmaqla vəfat edənin şəxsiyyətini təsdiq edən sənəd əsasında “Xəbərdarlıq vərəqəsi”ni ölüm haqqında şəhadətnaməni vermək hüququ olan tibb müəssisələrinə təqdim etmək üçün doldurur və ölüm hadisəsi barədə ərazi üzrə polis və ya prokurorluq orqanına (hüquq-mühafizə orqanı) məlumat verir. Ölüm hadisəsi rayonun (şəhərin rayonu istisna olmaqla) kənd (qəsəbə) yerində baş veribsə, kənd sahə xəstəxanasının (həkim məntəqəsinin) həkimi və ya tibb məntəqəsinin feldşeri ölüm hadisəsini təsdiq edir və hadisə barədə hüquq-mühafizə orqanına məlumat verir.
Zorakı ölümə şübhə olduğu hallarda, TTTYS-in həkimi və ya kənd sahə xəstəxanasının (həkim məntəqəsinin) həkimi və ya tibb məntəqəsinin feldşeri hüquq-mühafizə orqanlarının nümayəndəsi gələnə qədər meyitin yanında gözləməlidir".