Baş Dövlət Yol Polisi İdarəsi yeni dərs ilinin başlanması ilə əlaqədar əhaliyə müraciət edib.
İdarədən Lent.az-a verilən xəbərə görə, müraciətdə bildirilib ki, yeni dərs ilinin başlanması təhsilalanların, xüsusilə uşaq və yeniyetmələrin yol hərəkəti ilə bağlı həyat və sağlamlıqlarının qorunması işində daha kəsərli tədbirlərin görülməsini tələb edir:
"Daxili İşlər Nazirliyinin göstərişinə əsasən, bu sahədə keçirilən qabaqlayıcı tədbirlərin effektivliyinin artırılması məqsədilə, cari ilin sentyabr ayının 10-dan oktyabr ayının 10-dək respublika ərazisində təhlükəsizlik aylığının keçirilməsinə başlanılıb.
“Diqqət, uşaqlar!” devizi altında keçiriləcək tədbirlər çərçivəsində təhsilalanların iştirakı ilə baş verə biləcək yol qəzalarının qarşısının alınması istiqamətində nəzarət-profilaktik tədbirlərin gücləndirilməsi, təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə yol şəraitinin müayinə edilməsi, çatışmazlıqların aradan qaldırılması, xüsusilə maarifləndirmə və tərbiyəvi-təbliğat xarakterli işlərin görülməsi nəzərdə tutulur.
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi yeni tədris ilinin başlaması ərəfəsində bütün təhsil ictimaiyyətinə uğurlar arzu edir, bununla yanaşı yollarda uşaq travmatizminin minimuma endirilməsində əhalini, xüsusilə qeyri-hökumət təşkilatlarını, media subyektlərini birgə iştirakçılığa çağırır".