Dövlət Dumasının sədri Vyaçeslav Volodin Rusiyada miqrasiya siyasəti məsələlərinin tənzimlənməsinə yönəlmiş qanunvericilik təşəbbüslərinin hazırlandığını açıqlayıb.
Lent.az-ın xarici KİV-ə istinadla məlumatına görə, o, “Rossiya-24” telekanalına müsahibəsində bildirib ki, “işləməyə özü gələn şəxs özü ilə ailə üzvlərini gətirə bilməz”.
Onun sözlərinə görə, müvafiq qanunvericilik təşəbbüsü hazırlanır və belə bir anlayış var ki, deputatların əksəriyyəti fraksiya mənsubiyyətindən asılı olmayaraq bunu mütləq dəstəkləyəcək.
O, vətəndaşlıq almaq üçün nikah müddətini artırmaq təşəbbüsü barədə də məlumat verib.
“Əvvəllər bir il idisə, indi iki il təklif olunur. Bu məsələni yenə də müzakirə edəcəyik. Bəlkə iki il deyil, bəlkə üç il, bəlkə də dörd il oldu. Bu, yalnız nikahı daha da gücləndirəcək. Əgər bu, nikahdırsa, bu, məhəbbət üçündür, uydurma evlilik deyil”, - Volodin bildirib.
Onun sözlərinə görə, müvafiq qanun layihəsi artıq birinci oxunuşdan keçib.
Dövlət Dumasının sədri onu da bildirib ki, bu il artıq kifayət qədər ciddi standartlar qəbul edilib: “Bunlara uyğun olaraq bütün qanun pozucuları ölkədən çıxarılır və sonra onların ölkəmizə girişi qadağandır. Biz hesab edirik ki, işəgötürənlərə bununla bağlı daha ciddi məsuliyyət verilməlidir".