Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında Prezident İlham Əliyev sərəncam imzalayıb.
Lent.az-ın xəbərinə görə, sərəncamda qeyd edilir ki, ölkə əhalisinin sosial müdafiəsinin gücləndirilməsi aparılan sosial-iqtisadi siyasətin mühüm prioritetlərindən biridir. Son illərdə bu istiqamətdə ciddi irəliləyişlərə nail olunmuş, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, sosial ödənişlərin, əməkhaqlarının artırılması istiqamətində ardıcıl addımlar atılmışdır.
Azərbaycan Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, əhalinin rifahının qorunması sahəsində tədbirlərin davam etdirilməsi məqsədilə qərara alıram:
1. Minimum aylıq əməkhaqqının məbləği 2023-cü il yanvarın 1-dən 345 manat müəyyən edilsin.
2. Nazirlər Kabineti:
2.1. 10 gün müddətində:
2.1.1. əmək pensiyasının minimum məbləğinin 280 manata çatdırılmasına dair təkliflərini Azərbaycan Prezidentinə təqdim etsin;
2.1.2. sosial müavinətlərin və təqaüdlərin məbləğlərinin artırılması ilə bağlı təkliflərini Azərbaycan Prezidentinə təqdim etsin;
2.2. Nazirlər Kabinetinin aktları ilə müəyyən olunmuş dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşlarının məbləğlərinin bir ay müddətində bu sərəncamın 1-ci hissəsinə uyğunlaşdırılmasını təmin edib Azərbaycan Prezidentinə məlumat versin;
2.3. bu sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
3. “Minimum aylıq əməkhaqqının məbləğinin artırılması və “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Prezidentinin 2019-cu il 18 iyun tarixli 1265 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Prezidentinin 2021-ci il 17 dekabr tarixli 3051 nömrəli sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 12, maddə 1464) 1-ci hissəsi ləğv edilsin.
4. Bu sərəncamın 1-ci və 3-cü hissələri 2023-cü il yanvarın 1-dən tətbiq edilir.