Alimlər geniş araşdırma apararaq milyonlarla insanın niyə vaxtından əvvəl öldüyünü öyrəniblər.
Son illərdə alimlər iqlim dəyişikliyinin nəticələrini və onun ətraf mühitə, ekosistemlərə, insan və heyvan sağlamlığına təsirini fəal şəkildə araşdırırlar. Yeni araşdırma milyonlarla insanın ölümünə səbəb ola biləcək gözlənilməz faktorları müəyyən edib.
Lent.az-ın xarici KİV-ə istinadla xəbərinə görə, Karolinsk İnstitutundan bir qrup alimin apardığı araşdırma mühüm kəşfi üzə çıxarıb. Araşdırmaya görə, havanın çirklənməsinə uzun müddət məruz qalma Hindistanda milyonlarla vaxtından əvvəl ölümün əsas səbəblərindən biridir.
Karolinsk İnstitutundan Petter Lyunqmanın rəhbərlik etdiyi araşdırma, Hindistanda havanın incə hissəciklərdən (2,5 mikrondan az) çirklənməsinin milyonlarla vaxtından əvvəl ölümə səbəb olduğunu müəyyən edib. Bu hissəciklər ağciyərlərə və qan dövranına daxil olaraq sağlamlıq üçün ciddi təhlükə yaradır.
Lyunqmanın sözlərinə görə, 2009-2019-cu illər arasında Hindistanın 655 rayonundan alınan məlumatlara əsaslanan araşdırma, hissəciklərin konsentrasiyasında hər kubmetrə düşən hər 10 mikroqram artımın ölüm hallarının 8,6 faiz artması ilə əlaqəli olduğunu göstərib.
Araşdırma 2009-cu ildən 2019-cu ilə qədər Hindistanda təxminən 3,8 milyon ölümün hər kubmetr üçün tövsiyə olunan 40 mikroqramlıq havanın çirklənməsi səbəbindən baş verdiyini müəyyən edib. Ümumdünya Səhiyyə Təşkilatının havanın çirklənməsini hər kubmetr üçün 5 mikroqramla məhdudlaşdıran tövsiyələrini nəzərə alsaq, Hindistanda nəzərdən keçirilən dövrdə ölüm nisbəti 16,6 milyon hadisəyə qədər ola bilər ki, bu da 10 il ərzində ümumi ölümlərin təxminən 20 faizini təşkil edir.
Araşdırma göstərib ki, bütün Hindistan hava çirkliliyi ilə ÜST-nin tövsiyələrini üstələyir və təxminən 1,4 milyard insana təsir edir. Bəzi ərazilərdə hissəciklərin səviyyəsi hər kubmetrdə 119 mikroqrama çatır və bu, sağlamlığa ciddi təhlükə yaradır.
Alimlər belə qənaətə gəliblər ki, Hindistanda mövcud hava keyfiyyəti qaydaları ictimai sağlamlığı qorumaq üçün kifayət deyil. Onlar vurğulayırlar ki, emissiyaların azaldılması üçün daha sərt qaydaların və effektiv tədbirlərin tətbiqi vəziyyətin yaxşılaşdırılması üçün çox vacibdir.