Lent.az-ın “Bir sual, bir cavab” rubrikasında növbəti sual nikah dövründə hədiyyə verilən əmlakın boşanma zamanı birgə mülkiyyət hesab olunub-olunmaması ilə bağlıdır.
Bəzən nikah dövründə tərəflərdən birinin adına hədiyyə yaxud vərəsəlik yolu ilə əmlak keçir. Lakin boşanma zamanı evlilik zamanında alınmış birgə əmlakın bölüşdürülməsi prosesi başlayır.
Bəs görəsən, bu halda hədiyyə yaxud vərəsəlik yolu ilə alınan əmlak bölünürmü?
Lent.az xəbər verir ki, nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir və bölünmür:
“Ümumi birgə mülkiyyətə daxil olan əmlaklara ər-arvadın hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.) daxidir.
Həmçinin ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı əmlak da birgə sayılır”