İsraildə payız yağışları artıq başa çatıb. Lakin dünyanın müxtəlif bölgələrində qış mövsümündə göydən yalnız su deyil, bəzən balıq və hətta qurbağa da düşə bilir.
Lent.az xarixi mediaya istinadla xəbər verir ki, bu təbii hadisə qədimdən məlum olan, nadir, lakin tam real bir fenomendir və “balıq yağışı” adı ilə tanınır. Adətən belə hadisələr dəniz və ya iri su hövzələrinin yaxınlığında qeydə alınır.
Son qeydə alınan hadisələrdən biri
Bu yaxınlarda belə bir hadisə Meksikanın Tamaulipas ştatının Tampiko şəhərində baş verib. Yağış zamanı yerə xırda balıqlar düşüb. Fövqəladə Hallar Xidməti hətta bunun görüntülərini dərc edib. Balıqlar paketdə və səkidə görünür.
Ən məşhur “balıq yağışı” şəhəri
Dünyanın ən məşhur belə məkanı Hondurasın Yoro şəhəridir. Burada balıq yağışı demək olar ki, hər ilin may–iyul ayları arasında “ənənəvi hadisə”yə çevrilib. Şəhərdə hətta xüsusi “Balıq yağışı festivalı” keçirilir, mərasimlər, ildırımlar və küçələrdən balıq “yığımı” ilə müşayiət olunur.
Göydən yalnız balıq düşmür
Ən çox qeydə alınanlar qurbağa yağışlarıdır, lakin iri miqyaslı balıq yağışları da olub. Məsələn, 2014-cü ilin may ayında Şri-Lankadakı bir kənddə göydən düşən balıqlardan 5–8 santimetr qalınlığında qat əmələ gəlib. Yerli sakinlər təxminən 50 kiloqram balıq toplamışdılar.
Elm bu hadisəni necə izah edir?
Alimlərin fikrincə, səbəb güclü atmosfer burulğanları və tornadolardır. Tornado su hövzəsinin üzərindən keçdikdə “su sütunu” əmələ gəlir və o, balıq, qurbağa və digər xırda canlıları özünə çəkə bilir.
Güclü külək onları böyük hündürlüyə qaldırır, canlılar buludların içində daşınır, hava axınının gücü zəiflədikdə isə yağışla birlikdə yerə düşürlər.
Bəzən sağ qalırlar, bəzən soyuq və təzyiq fərqləri onları öldürür.
Bu nəzəriyyəni dəstəkləyənlərdən biri də fransız fiziki André-Marie Ampère olub. O, “heyvan yağışı” fenomeninə elmi izah verən ilk mütəxəssislərdən sayılır.