Edinburq Universitetinin alimləri uşaq yaşlarında yüksək intellekt səviyyəsi ilə daha uzun ömür arasında genetik əlaqə olduğunu müəyyən ediblər.
Bu barədə Lent.az xarici mediaya istinadla xəbər verir.
Tədqiqat çərçivəsində 400 mindən çox insanın genetik məlumatları təhlil edilib. Nəticələr göstərib ki, 6–18 yaşında daha yüksək kognitiv göstəricilərə malik olan şəxslərdə uzunömürlülük ehtimalı daha yüksəkdir. Layihənin həmmüəllifi doktor Devid Gill bildirib ki, sözügedən bağlılıq qaçınılmaz deyil. Onun sözlərinə görə, insan ömrünün uzunluğuna yalnız genetika deyil, həm də həyat tərzi və sosial mühit təsir göstərir.
Alimlər bu əlaqəni izah etmək üçün iki əsas hipotez irəli sürüblər:
Sosial faktor: Yüksək intellekt daha yaxşı təhsil və sağlam həyat şəraitinə çıxış imkanı yaradır.
Bioloji faktor: Yüksək IQ ilə əlaqəli genetik xüsusiyyətlər bədənin zərərli təsirlərə daha davamlı olmasına kömək edə bilər.
Nəticələr “Genomic Psychiatry” jurnalında dərc olunub. Müəlliflər qeyd edirlər ki, erkən yaşlarda intellektual inkişafın dəstəklənməsi yalnız akademik uğurla məhdudlaşmır, həm də cəmiyyətin ümumi sağlamlıq göstəricilərinə müsbət təsir göstərə bilər.