Dabanlarda və ayaqlardakı döyənəklərdən  qurtulmaq üçün faydalı MƏSLƏHƏTLƏR
14 iyul 2026 16:44 (UTC +04:00)

Dabanlarda və ayaqlardakı döyənəklərdən qurtulmaq üçün faydalı MƏSLƏHƏTLƏR

0

Yay mövsümündə açıq ayaqqabılar daha çox geyinildiyi üçün ayaqlara qulluq xüsusi əhəmiyyət kəsb edir. Daban və ayaq barmaqlarında yaranan döyənəklər bir çox insanın qarşılaşdığı problemdir. Mütəxəssislər bildirirlər ki, bu qalınlaşmış dəri sahələri orqanizmin sürtünmə və təzyiqə qarşı təbii müdafiə reaksiyasıdır. Lakin düzgün qulluq edilmədikdə ağrı, çatlar və hətta infeksiya riski yarada bilər.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, döyənəklər dəri uzun müddət eyni nahiyədə təzyiqə və ya sürtünməyə məruz qaldıqda əmələ gəlir. Ən çox dabanlarda, ayağın alt hissəsində, barmaqlarda və onların kənarlarında müşahidə olunur.

Problemin yaranmasına dar və ya ayağa boş olan ayaqqabılar, hündür dabanlı ayaqqabılar, uzun müddət ayaqyalın gəzmək, qaçış və intensiv fiziki fəaliyyət səbəb ola bilər. Yastıpəncəlik, ayaq baş barmağında sümük çıxıntısı və barmaq deformasiyaları olan insanlarda döyənəklərin yaranma ehtimalı daha yüksəkdir. Adətən döyənəklər sarımtıl və ya ağımtıl rəngdə, kobud səthli olur və ağrı vermir. Lakin qalınlaşdıqca yeriyərkən narahatlıq yarada, hətta yeriş tərzini dəyişə bilər.

Döyənəklərin yaranmasının qarşısını necə almaq olar?

Ən vacib amillərdən biri düzgün ayaqqabı seçimidir. Ayaqqabı ayağa tam oturmalı, sürtünmə yaratmamalı və ayağı kifayət qədər dəstəkləməlidir. Çox dar modellərdən, yüksək dabanlardan və ayaqda bükülən corablardan uzaq durmaq tövsiyə edilir. Lazım gəldikdə ortopedik altlıqlardan istifadə etmək ayağa düşən yükü daha bərabər paylamağa kömək edir.

Mütəxəssislər evdə belə uzun müddət ayaqyalın gəzməməyi məsləhət görürlər. Yumşaq ev ayaqqabıları ayaqları sürtünmədən qoruyur. Döyənəklərin tez-tez yarandığı nahiyələr üçün xüsusi qoruyucu silikon yastıqcıqlardan istifadə etmək də faydalıdır. Bundan əlavə, ayaqları hər gün nəmləndirmək dərinin həddindən artıq qalınlaşmasının qarşısını alır.

Döyənəkləri necə aradan qaldırmaq olar?

Əgər döyənək narahatlıq yaradırsa, düzgün qulluqla onu təxminən 2-4 həftə ərzində azaltmaq mümkündür. Ən yaxşı üsul ilıq duşdan və ya ayaq vannasından sonra dərini yumşaldaraq pemza daşı və ya ayaq üçün xüsusi pilka ilə ehtiyatla təmizləməkdir. Bir dəfəyə çox dəri təbəqəsini təmizləməyə çalışmaq düzgün deyil. Məqsəd qalınlaşmış hissəni tədricən naziltməkdir.

Mütəxəssislər metal alətlərdən və kobud sürtgəclərdən istifadə etməyi məsləhət görmürlər. Çünki bu, dərini zədələyə və infeksiya riskini artıra bilər. Təmizləmədən sonra tərkibində 10-40 faiz karbamid (urea) olan krem çəkmək tövsiyə edilir. Bu maddə qalınlaşmış dərini yumşaldır və onun zamanla nazilməsinə kömək edir. Daha yaxşı nəticə əldə etmək üçün gecə ayağa corab geyinmək də faydalı hesab olunur.

Ayaqlar üçün turşulu pilinqlər isə hər zaman gözlənilən effekti vermir. Onlar əsasən dərinin üst qatını təmizləyir, tərkibindəki spirt isə dərini qurudaraq vəziyyəti daha da pisləşdirə bilər. Pedikür zamanı da ehtiyatlı olmaq lazımdır. Dərinin həddindən artıq təmizlənməsi yara, çapıq və infeksiyaya səbəb ola bilər. Şəkərli diabetdən və ya ayaqlarda hissiyat pozğunluğundan əziyyət çəkən şəxslər döyənəkləri ev şəraitində özləri təmizləməməlidirlər. Bu halda hər hansı prosedurdan əvvəl mütləq həkimlə məsləhətləşmək lazımdır.

Nə vaxt həkimə müraciət edilməlidir?

Əgər ev şəraitində görülən tədbirlər nəticə vermirsə, döyənək böyüyür, ağrıyır və ya tez-tez yenidən əmələ gəlirsə, dermatoloqa və ya podoloqa müraciət etmək lazımdır. Bəzən döyənəyə bənzəyən törəmələr ziyil, başqa dəri problemləri və ya nadir hallarda dəri xərçənginin əlaməti ola bilər. Buna görə də diaqnozu özbaşına qoymaq düzgün deyil.

Döyənəklər kosmetik qüsurdan çox, orqanizmin qoruyucu reaksiyası hesab olunur. Düzgün ayaqqabı seçimi, müntəzəm nəmləndirmə və düzgün qulluq isə ayaqları yumşaq saxlamağa, ağrıların, çatların və iltihabın qarşısını almağa kömək edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 214

Oxşar yazılar