Bədən çəkisinin gün ərzində dəyişməsi tamamilə normal və fizioloji prosesdir. Çəki göstəriciləri müxtəlif orqan funksiyalarına görə yuxarı-aşağı oynaya bilər və bu dalğalanmaların tam qarşısını almaq mümkün deyil.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, araşdırmaya görə, çəkidəki dəyişikliklər gün ərzində nə vaxt və nə yediyinizdən, nə qədər su içdiyinizdən, tərləyib-tərləmədiyinizdən və tualetə nə vaxt getdiyinizdən asılı ola bilər. Mütəxəssislər daha dəqiq nəticə üçün eyni şəraitdə səhər yuxudan oyandıqdan və tualetə getdikdən sonra, səhər yeməyindən əvvəl çəki ölçməyi tövsiyə edirlər.
Gün ərzində qidalanma
Gündəlik menyu da çəkidə müvəqqəti dəyişikliklər yarada bilər. Karbohidrat və duzla zəngin məhsullar bədəndə mayenin saxlanmasına səbəb olur. Bu halda çəki artımı yağ toxuması ilə deyil, qidanın həzm olunana və bədəni tərk edənə qədər yaratdığı qısa müddətli maye dəyişiklikləri ilə bağlıdır.
Maye balansı
Məlumata görə, insan bədəninin 45–75 faizi sudan ibarətdir. Buna görə də orqanizmdə maye səviyyəsi çəkiyə ciddi təsir edir. Susuzlaşma və ya güclü tərləmə çəkini müvəqqəti azalda bilər, duzun çoxluğu və daha çox suya ehtiyac isə əksinə, çəkini artırır. Bu dəyişikliklər də yağ artımı ilə bağlı deyil, sadəcə bədəndəki su miqdarı ilə əlaqəlidir.
Hormonlar
Hormonların təsiri də gün ərzində çəkidə dəyişiklik yarada bilər. Menstrual dövr zamanı estrogen və progesteronun səviyyəsinin dəyişməsi mayenin tutulmasına və müvəqqəti çəki artımına gətirib çıxarır. Stress hormonu olan kortizol isə həm iştaha, həm də orqanizmdə suyun saxlanmasına təsir edir, bu da çəkidə dalğalanmalara səbəb ola bilər.
Bağırsaqların fəaliyyəti
Bağırsaq fəaliyyətinin ritmi də çəkiyə təsir edir. Normalda insan gündə bir və ya iki dəfə bağırsaqları boşaltmalıdır. Əgər gecikmə olarsa, orqanizmdə mayenin toplanması hesabına çəki müvəqqəti olaraq arta bilər.