Küçədə yaşayan ailə
21 may 2021 18:38 (UTC +04:00)

Küçədə yaşayan ailə

Qan davasına görə didərgin düşən ailə: ”15 gündür küçələrdəyik...”

“Ay qızım, bizim başımıza nə oyunlar, nə bəlalar gəlməyib ki...Elə hadisələr yaşamışıq ki, danışsaq film olar. Bu gün isə küçədəyik. Üç körpə balamla...”

İlqar Həbibov danışır bunları Lent.az-a. Üç körpəsi ilə küçədə qalan ata. Özünün də dediyi kimi başına gəlməyən hadisə qalmayıb İlqar kişinin. “Vaxtı ilə yaxşı biznesim vardı, əlim pulla oynayardı” deyir çarəsiz ata. Bəs, nə oldu? Nə baş verdi? Vaxtı ilə yaxşı pulu olan İlqar bu gün niyə küçədə qalmağa məcbur olub? Həm də ondan asılı olan ailəsi ilə.

İlqar Həbibov

- Düz bir ildir ki, Bakıdayıq. Özüm qubalıyam. Orada evimiz, torpağım var idi. Amma hamısını itirdik, bir düşmənçiliyə görə. Qan düşmənçiliyimiz var. 1997-ci ildə mən ticarətlə məşğul idim. Yük avtomobili ilə Rusiyanın şəhərlərinə - Peterburq, Moskva, Ukrayna və Moldovaya yük aparmışam. Yaxşı pul qazanırdım. Sonra məni pula görə öldürmək istədilər. Bıçaqla vurdular. Mən də bıçağı çıxarıb məni öldürmək istəyən adama vurdum. O, yaralı idi. Sonra hadisə yerindən uzaqlaşdım. Mən gedəndən sonra onu elə oradaca doğrayıblar. Bu cinayət qaldı mənim üstümdə. Vəkili də qardaşım tutmuşdu. Əlbəttə ki, mənim əleyhimə. Nə başınızı ağrıdım. 10 il həbsdə olmuşam. Ordan çıxandan sonra da bu qan düşmənliyi davam etdi. Ölən adamın qohumları rayonumuzdan idilər çünki. Yaşaya bilməzdim daha orda. Evi dəyər-dəyməzinə satdım. Torpaqları da əlimdən almışdılar. Üz tutdum gəldim Bakıya.

İlqar Həbibov və ailəsi

Bakıya gələndən sonra özü fəhləlik edir. Ailəsi isə sığınacaqda qalır. Amma sığınacaqda da uzun müddət qala bilmirlər. 37 yaşlı ana Günay üç uşağı ilə sığınacaqdan çıxmaq məcburiyyətində qalır. 53 yaşlı ata da səhhətindəki problemlərə görə, işdən ayrılır.

- 11 ildir evliyik. Bu, mənim ikinci ailəmdir. Birinci həyat yoldaşım vəfat edib. Ondan olan iki qızımın öz ailəsi var, çox şükür. İndi bunlara da bir gün ağlamalıyam axı. Belə olmaz”.

Hə, olmaz. 8 yaşlı Aynurənin baxışlarından bunu anlamaq olur elə.

Aynurə Həbibova

Həmdullahın isə hələ 3 yaşı var. Tək sevinci əlindəki sarı topudur. Elə onunla oynayır.

Həmdullah Həbibov

Həyat isə...Hələ həyatı, başına gələnləri dərk etməyən Həyat isə 14 günlükdür. Yatıb. Şirin yuxudadır. Amma çox keçmədən yuxudan oyanacaq, heç də xoş mənzərə ilə qarşılaşmayacaq.

Həyat Həbibova

***

Saat- 17:19

Bakıda 53 yaşlı ata üç azyaşlı uşağı ilə küçədə yaşayır.

Lent.az-ın xəbərinə görə, İlqar Həbibov artıq 15 gündür ki, ailəsi ilə birlikdə küçədə qalır. Uşaqlardan ikisi qız, biri oğlandır. Böyük qızın 8, oğlanın 3 yaşı var. Ailənin sonbeşiyi Həyat isə hələ 14 günlükdür. Analarının 37 yaşı var.

Ailə qan davasının qurbanı olub. Mövzunu daha ətraflı Lent.az-da izləyə bilərsiniz.

Az sonra...

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 10839
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar