Səbinə ƏVƏZQIZI
27 noyabr 2024 15:29 (UTC +04:00)

Səbinə ƏVƏZQIZI

14 yaşlı qızın ÖLÜM SEÇİMİ, 51 yaşlı qadının HƏYAT SAVAŞI

Bakıda 14 yaşlı qız özünü binadan atıb. Deyəcəksiniz ki, daha kiçik yaşlı uşaqlar da özünü öldürüblər, bu nədir ki? Bir tərəfdən haqlısınız. Amma bu cür faciələri adi hadisələr kimi qəbul etmək bizim BƏDBƏXTÇİLİYİMİZDİR.

Yasamal rayonunda yeniyetmə, ömrünün ən gözəl çağında olan bir mələk balamız həyatla vidalaşmaq istəyir? Tutalım ki, mən jurnalistəm, hadisənin xəbərini verdim getdi. Bəs bu bizim qeyri hökumət təşkilatları harada qalıb? Niyə üsyan etmirlər? Niyə bir araşdırmırlar ki, çiçəyi yeni çatlayan balamız bizdən niyə küsüb gedir? Dünyadan köçmək istəyi nədən ona güc gəldi?

Binadan özünü atmaq artıq o deməkdir ki, o, qızcığaz dünyadan köçməklə bağlı qərarlıdır. Niyə ona yaşam sevinci verə bilmirik? Bir cəmiyyət nümayəndəsi olaraq bu sualı kim verdi özünə? Necə olur ki, o, gələcəklə bağlı bütün ümidlərini itirib? Bəlkə haradasa ona vəd verib aldatmışıq? O, artıq gələcəyi qaranlıq görür? İnanmır bizə?

Şükür Allaha ki, ölməyib. Sadəcə vəziyyəti ağır olduğu üçün onu dindirmək və nə üçün həyatla vidalaşmaq istədiyini öyrənmək mümkün olmayıb.

Onu da nəzərə alın ki, bu sətirləri sizə xərçəng xəstəliyi ilə sınanan, hələ də bu zəhrimarla mücadiləsi davam edən 51 yaşlı qadın yazır. Onkoloji xəstəxanalara gedəndə minlərlə insanın yaşamaq istəyini, mübarizəsini görürəm. İçi mən qarışıq bu insanlar yaşamaq üçün elə ağır proseslərin altına girirlər ki...

Kimyaterapiya alırsan və hər səhər durub güzgüyə baxanda yenidən dəhşətə gəlirsən. Kirpiklərə, qaşa kimi tökülür, oradan sənə baxan boz sifətli insanı heç tanımırsan. Bu zülmün qarşısında sağ qalacağını da heç kim sənə 100 faiz qarantiya vermir. 7 saat əməliyyat keçirirsən. Sonra məlum olur yenisi də lazımdır. Özün öz ayağın ilə gedib radiasiyalı şüa alırsan. Tibb bacıları səni salır o otağa sonra elə bir qalın divar-qapı ilə aranı kəsib gedirlər ki, nə cür dəhşətli yerdə olduğunu o zaman anlayırsan. Bütün bunlara ona görə dözürsən ki, yaşayasan. Bəs 14 yaşında ölməyi istəmək nə demək?

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2007
avatar

Səbinə Əvəzqızı

Oxşar yazılar