“Qaçqın və məcburi köçkün həyatı media müstəvisində”  - FOTO
18 iyul 2011 14:32 (UTC +04:00)

“Qaçqın və məcburi köçkün həyatı media müstəvisində” - FOTO

Laçın rayonundan olan məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı Ağcabədi rayonunun Taxta körpü qəsəbəsində “Qaçqın və məcburi köçkün həyatı media müstəvisində” mövzusunda konfrans keçirilib.


Mətbuat Şurasından Lent.az-a verilən məlumata görə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Mətbuat Şurasının və Laçın Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə düzənlənmiş “Qaçqın və məcburi köçkün həyatı media müstəvisində” mövzusundakı toplantı milli mətbuatımızın 136-cı ildönümünə həsr olunub.


Tədbirə Mətbuat Şurasının İdarə Heyətinin üzvləri, hər iki dövlət qurumlarının rəsmiləri, ölkənin tanınan, ictimai rəyə təsir göstərən kütləvi informasiya vasitələrinin rəhbərləri, işğala məruz qalmış rayonların qəzetlərinin təmsilçiləri və ictimaiyyət nümayəndələri qatılıblar. Konfrans çərçivəsində 80 yaşı tamam olan “Laçın” qəzetinin keçdiyi ömür yoluna nəzər salınıb, nəşrin rayonun ictimai-siyasi, sosial-iqtisadi həyatında oynadığı tarixi rol, müasir dövrdəki fəaliyyəti ətraflı təhlil olunub.


Tədbir iştirakçıları öncə Heydər Əliyevin Taxta körpü qəsəbəsində ucaldılmış heykəlini və şəhidlərin xatirə kompleksini ziyarət edərək hər iki abidənin üzərinə çiçəklər düzüblər. Konfransı Laçın Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Cəbrayılov açıb. O, məcburi köçkün həyatının KİV-lərdə işıqlandırılmasını vacib məqam kimi dəyərləndirərək bildirib ki, mövzunun məhz milli mətbuatımızın 136-cı ildönümündə müzakirəyə çıxarılması əlamətdar haldır. O, “Laçın” qəzetinin Laçın rayonu barədə ən geniş informasiya mənbəyi rolunu oynadığını qeyd edib.


Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxışında milli mətbuatımızın 136 illik ömür yoluna nəzər salıb. Müstəqilik illərində ölkə mediasının xarakterik xüsusiyyətlərindən söhbət açan Mətbuat Şurasının sədri “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”nın qəbulunu və həmin sənədə əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun formalaşdırılmasını respublikada KİV-lərə sistemli dövlət qayğısının mühüm göstəricisi kimi önə çəkib: «Mediaya həssas münasibət bir çox sahələrlə yanaşı, qaçqın və məcburi köçkün həyatının məziyyətlərinin işıqlandırılmasına, böyük anlamda isə Azərbaycan həqiqətlərinin təbliğinə böyük stimul verib. Hazırda çətinliklərə baxmayaraq, sakinləri məcburi köçkün həyatı yaşayan rayonlardakı qəzetlərin yaşadılması, tirajının artırılması, çətinliklərinin həlli istiqamətində işlər görülür”.




Əflatun Amaşov “Laçın” qəzetinin Mətbuat Şurası sıralarına qəbul olunduğunu diqqətə çatdırıb və işğal altında olan bölgələrə məxsus KİV-lərin əksəriyyətinin Mətbuat Şurasının aktiv üzvləri olduğunu vurğulayıb. O, təşkilatçılar tərəfindən müəyyənləşdirilən pul mükafatını və kompüter dəstini “Laçın” qəzetinin baş redaktoru Mayıl İlyasova təqdim edib. “Laçın” qəzeti Mətbuat Şurasının və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin diplomları ilə də təltif olunub.



Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təmsilçisi Sənan Hüseynov belə tədbirlərin işğal altında olan rayonlarımızın əhalisinin məskunlaşdığı digər bölgələrdə də təşkilini vacib sayıb və mövcud istiqamətdə Mətbuat Şurası ilə əməkdaşlığın səmərəli cəhətlərinə toxunub. Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev, “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, “Olaylar” qəzetinin baş redaktoru Yunus Oğuz, bölgə KİV-lərinin təmsilçilərindən Füzuli rayonunun “Qayıdış” qəzetinin baş redaktoru Məcnun Namazəliyev, “Xocalının səsi” qəzetinin baş redaktoru Qasım Qırxqızlı, “Xocavənd” qəzetinin baş redaktoru Gültəkin Ağayeva, Laçın rayon ictimaiyyətinin nümayəndələrindən Hacı Xanlarov, Şahlar Xəlilov və başqaları mövzu ətrafında fikirlərini bölüşüblər.

Sonda tədbirdə iştirak edən məcburi köçkün rayonları qəzetlərinin hər birinə 500 manat məbləğində pul mükafatı və diplomlar təqdim olunub. Tədbirdə həmçinin qaçqın və məcburi köçkün həyatının mediada işıqlandırılmasında seçilən paytaxt KİV-ləri – “Xalq qəzeti”, “525-ci qəzet”, “Azərbaycan”, “Yeni Azərbaycan”, “İki sahil”, “Xalq cəbhəsi”, “Ədalət”, “Bakı xəbər”, “Paralel”, “Zaman Azərbaycan” və “Vətənin səsi” qəzetləri, Azərbaycan Dövlət Teleqraf Agentliyi (“AzərTAc”) və “Azadinform” İnformasiya Agentliyi, habelə bəzi telekanallar xüsusi diplomlarla təltif ediliblər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1013

Oxşar yazılar