Müəllimlərə dövlət qulluqçusu statusu verilməsi ilə bağlı konsepsiya hazırdır
23 iyun 2011 13:07 (UTC +04:00)

Müəllimlərə dövlət qulluqçusu statusu verilməsi ilə bağlı konsepsiya hazırdır

“Müəllimlərə dövlət qulluqçusu statusunun verilməsi ilə bağlı konsepsiya hazırlanıb, Azərbaycan Nazirlər Kabinetinə təqdim edilib”. APA-nın məlumatına görə, bunu Təhsil Nazirliyin strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinin müdiri Fərzəli Qədirov deyib.

Onun sözlərinə görə, konsepsiyada müəllimlərə dövlət qulluğunun xüsusi növünün şamil edilməsi, buna əsasən onların sosial təminatında, öhdəliklərində bir sıra yeniliklərin olması gözlənilir: “Hələlik konkret təminat və öhdəliklər barədə danışmaq tezdir. Təkliflər müzakirə edildikdən sonra qəbul ediləcək”.

F. Qədirov deyib ki, konsepsiya əvvəllər işləyən və hazırda təqaüddə olan veteran müəllimlərə də şamil ediləcək: “Əgər müəllimlərə status verilirsə, təbii ki, müəllim kimi fəaliyyət göstərmiş və göstərən insanlara şamil edilməlidir və ediləcək”.

Şöbə müdirinin sözlərinə görə, hazırda Azərbaycanın təhsil sistemində 65 yaşı tamam olan 17 000 işçi var. Bu, ümumi müəllimlərin 10 faizini təşkil edir: “Bu o qədər böyük rəqəm deyil. Ölkədə müəllim sıxlığı var. Güman edirəm ki, yaşla əlaqədar atılacaq addım məktəblərdə kadr çatışmazlığına gətirib çıxarmayacaq. Bir qədər ciddi vəziyyət ucqar kənd məktəblərində yarana bilər. Hansı ki, orada hər fənn üzrə bir müəllim çalışır. Amma bu problem də həll ediləndir. Qərar nə zaman təsdiqlənib həyata keçiriləcəksə, o zaman Təhsil Nazirliyi yeni müəllim qəbulu həyata keçirə biləcək. Biz həmin bölgələrə müəllimlər tapıb göndərə biləcəyik”.

F. Qədirov deyib ki, yaşı 65-i keçən təhsil işçilərinin əksəriyyətini sıravi müəllimlər təşkil edir. Lakin məktəb direktorlarının içərisində də yaşı 65-i keçənlər var. Lakin onların ümumi faizi 10 faizdən artıq deyil: “Hazırda bütün müəllimlər məzuniyyətədir. Onlar məzuniyyətdən işlərinə qayıdacaqlar. Nə vaxt hökumət tapşırıq versə ki, bu işə başlanılsın, o zaman proses başlayacaq. İndidən demək olmaz ki, 65 yaşı tamam olmuş müəllimlər birdən, yoxsa mərhələ-mərhələ təqaüdə göndəriləcək. Bu, hökumətin qərarından asılı olacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1180

Oxşar yazılar