Azərbaycanda 300 km² ərazi sel nəticəsində yararsız hala düşüb
17 iyun 2011 16:23 (UTC +04:00)

Azərbaycanda 300 km² ərazi sel nəticəsində yararsız hala düşüb

Torpaqların ekstensiv istifadəsi, heyvandarlığın kifayət qədər yem bazası ilə təmin olunmaması, mal-qaranın sürətlə artması səbəbindən mövcud otlaqların, meşə ərazilərinin həddən artıq otarılması, suvarma rejiminə düzgün riayət edilməməsi, hidrotexniki qurğuların sıradan çıxması, kimyəvi çirklənmə, şoranlaşma, eroziya proseslərinin sürətlənməsi və sel sularının təsirinin artması səhralaşmaya səbəb olur.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, səhralaşma probleminin qlobal xarakter alacağını başa düşən ekoloqlar bəşəriyyətin gələcək bəlalardan xilas edilməsi üçün təcili tədbirlərin həyata keçirilməsi tələbi ilə çıxış ediblər.


Səhralaşma ilə bağlı qlobal ekoloji problemin ciddiliyi nəzərə alınaraq BMT-nin Bas Assambleyası tərəfindən 1994-cü ilin 17 iyun tarixi Ümumdünya Səhralaşmaya Qarşı Mübarizə Günü elan olunub. Quru iqlim şəraitində yerləşən Azərbaycan üçün də səhralaşma problemi son dərəcə aktualdır. Buna görə Azərbaycan Respublikası ölkənin ekoloji durumunun yaxşılaşdırılmasını, təbii resurslardan səmərəli və ziyansız istifadə olunmasını, o cümlədən milli maraqları nəzərə alaraq 1998-ci il 24 aprel tarixində “Səhralaşmaya qarşı mübarizə” Beynəlxalq Konvensiyasına qoşulub.


Ölkəmizdə eroziyaya 3,7 milyon, şoranlaşmaya isə 1,2 milyon hektara qədər torpaq məruz qalıb. Təxminən 300 km² ərazi sel sularının təsirindən, 30 min hektar torpaq sahəsi isə faydalı qazıntıların istismarı nəticəsində yararsız hala düşüb. Torpaqların yararsızlaşmasının əsas amillərindən biri də onların kimyəvi çirklənməyə məruz qalmasıdır. Bundan başqa, 264 min hektar meşə sahəsi erməni işğalı altındadır və həmin ərazilərin meşə fondu ermənilər tərəfindən intensiv olaraq məhv edilir ki, bu da Azərbaycan ərazisində meşələrin azalmasına, səhralaşma prosesinin sürətlənməsinə səbəb olur.


Ölkəmizdə səhralaşmanın qarşısının alınması məqsədilə müvafiq dövlət proqramları işlənib hazırlanıb və həyata keçirilir. Ölkə rəhbərliyi tərəfindən təsdiq olunmuş “Azərbaycan Respublikasında yay-qış otlaqlarının, biçənəklərin səmərəli istifadə olunması və səhralaşmanın qarşısının alınmasına dair Dövlət Proqramı”na, “Meşələrin artırılması və bərpa olunmasına dair” və “Ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa dair” Milli Proqramlara uyğun olaraq müvafiq işlər görülür. Ümumilikdə hər il ölkə ərazisində 10 min hektardan artıq meşəbərpa işləri aparılır. Proqramlarda nəzərdə tutulmuş normativ-hüquqi sənədlərin təkmilləşdirilməsi və zəruri təşkilati tədbirlərin həyata keçirilməsi, aqrar bölmə üzrə mərkəzi və yerli idarəetmə orqanlarının struktur və funksiyalarının təkmilləşdirilməsi üzrə müvafiq işlər aparılıb. Yay və qış otlaqları massivləri üzrə yaxşılaşdırma tədbirlərinin, bu sahədə elmi-tədqiqat işləri, kadr hazırlığı, idarəetmənin yeni iqtisadi münasibətlərə uyğun aparılmasının təmin edilməsi istiqamətində tədbirlər görülüb.


Ötən müddət ərzində Azərbaycanda bu Konvensiya çərçivəsində müəyyən işlər görülüb. Konvensiyanın Azərbaycanda həyata keçirilməsi üzrə 3 Milli Məruzə hazırlanıb, Respublikanın müxtəlif bölgələrində Konvensiyanın məqsədləri barədə seminarlar keçirilib, problemə dair müvafiq bukletlər, məlumatlar dərc olunub. Yay və qış otlaqlarının mövcud vəziyyətinin araşdırılması, şiddətli eroziyaya və şoranlaşmaya məruz qalmış ərazilərin dəqiqləşdirilməsi və xəritələşdirilməsi, eləcə də torpaq kadastrı və qeydiyyat sisteminin yaradılması üzrə işlər davam etdirilir.


Respublikamızın təbii örtüyünün olduğu kimi, toxunulmaz vəziyyətdə saxlanılması və səhralaşmaya qarşı mübarizənin gücləndirilməsi üçün antropogen təsirlərin azaldılması məqsədilə xüsusi mühafizə olunan təbiət ərazilərinin genişləndirilməsinə xüsusi diqqət yetirilir. Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanları ilə 2003–2011-ci illərdə Respublikada xüsusi mühafizə olunan təbiət ərazilərinin ümumi sahəsi qısa müddət ərzində 478 min hektardan 880,975 min hektara çatdırılıb və bu da ölkə ərazisinin təqribən 10,2 faizini təşkil edir.


BMT-nin İnkişaf Proqramının Azərbaycandakı Nümayəndəliyinin və Qlobal Ekoloji Fondun texniki yardımı əsasında 2006-cı ildən başlayaraq “Torpaqdan birgə və davamlı istifadə üçün potensialın yaradılması” layihəsi həyata keçirilir. Bu isə öz növbəsində Azərbaycan Respublikasında səhralaşma problemlərinin həlli üzrə işlərin canlanmasına təkan verib. Layihə çərçivəsində Kürdəmir və Göygöl rayonlarında qış və yay otlaqlarının vəziyyəti öyrənilib və konkret olaraq Göy-göl rayonunda 200 hektar qış otlağı bərpa olunub. Bu layihənin davamı kimi “Böyük Qafqazda Meşələrin və torpaqların birgə idarə olunması” layihəsinə dair təkliflər BMT-nin İnkişaf Proqramının Azərbaycan üzrə nümayəndəliyi ilə birgə hazırlanır və cari ilin sentyabr ayınadək QEF-ə təqdim olunacaqdır.
Eyni zamanda Abşeron yarımadasında ağacların əkilməsi ölkə ərazisində ümumi səhralaşma probleminin aradan qaldırılmasında mühüm rol oynayır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 794

Oxşar yazılar