Gələcəyimiz üçün əl-ələ verək - FOTO
14 iyun 2011 13:08 (UTC +04:00)

Gələcəyimiz üçün əl-ələ verək - FOTO

Statistika dəqiq elmdir. Burda hər şey sözlərlə deyil, rəqəmlərlə ifadə olunur. Bu rəqəmlərə görə sadəcə 2010-cu il ərzində Azərbaycanda avtomobil qəzasında həlak olanların sayı 1000-ə yaxınlaşmışdır. 1000 yarımçıq kəsilən insan ömrü. Və heç bir statistika ilə ölçülməyən minlərlə övladsız, həyat yoldaşsız, valideynsiz insanlar. Bu insanların hamısını bir faciə birləşdirir. Həyatlarını ondan əvvələ və ondan sonra bölən dəhşətli bir faciə. Onların əksəriyyəti avtomobil qəzasında yalnız ən əziz adamlarını deyil, eyni zamanda gələcəyə olan ümidlərini də itirirlər. Hyundai-ın ölkəmizdəki rəsmi distribyutoru olan Auto Azərbaycan şirkəti artıq 2 ildir ümidlərini itirmiş ailələrə yardım məqsədiylə “Gələcəyimiz üçün əl-ələ” aksiyasını keçirir. “Gələcəyimiz üçün əl-ələ” faciəvi şəkildə valideynlərindən məhrum olmuş uşaqlara təhsil və maariflənmə məsələlərində dəstək olmağa, maddi və məişət problemlərinin həllində yardım etməyə xidmət edir. Ötən il layihə çərçivəsində 10 uşağa yardım olunmuşdur. Əlbəttə, əgər bu fakt ölkəmizdəki qəzalarla düz mütənasib olsaydı elə fakt olaraq qalardı. Ancaq təəssüf ki, həlak olanların sayı ilə müraciət edənlərin sayı arasında böyük bir uçurum var idi. Auto Azərbaycan şirkətinin İctimaiyyətlə Əlaqələr üzrə meneceri Firdovsi Xəlilovun dediklərinə görə bunun bir neçə səbəbi vardı. Onlardan 1-cisi yəqin ki, ilk dəfə belə bir layihəyə imza atıldığı üçün kifayət qədər tanıdılmaması oldu. Çox güman ki, bir çox insanlar ümumiyyətlə aksiyadan xəbərsiz qaldılar. Xəbərdar olanların isə bir qismi mental xüsusiyyətimiz olan utancaqlıq üzündən, bir qismi də bəlkə də inamsızlıq üzündən müraciət etməyə çəkindilər. Müraciət edən bütün ailələrə və uşaqlara isə yardım olundu.

F.Xəlilov bunları da əlavə etdi: “Ötən ilki aksiyada daha çox uşağa yardım edə bilməməyimiz bu il “Gələcəyimiz üçün əl-ələ aksiyasına daha böyük diqqətlə yanaşmağımıza səbəb oldu. Bütün KİV-də aksiya barədə məlumatlar yerləşdirildi, şirkət öz rəsmi internet səhifəsində buna geniş yer ayırdı. Eyni zamanda, aksiyaya ”Yaşıl velosipedçilərlə” birlikdə Bakıda və Gəncədə keçirilən veloturla start verildi. Aprel ayında keçirilən futbol matçında da Qəbələ futbol Klubunun oyunçuları meydançaya aksiyanın rəsmi loqotipi olan transparantla çıxdılar. Və bütün bu fəaliyyətlər öz bəhrəsini verdi”.

2011-ci ildə Hyundai-ın “Gələcəyimiz üçün əl-ələ” aksiyasına 45-dən çox ailə müraciət etdi. Bu ailələrin hər birində uşaqların sayı 2 və daha artıq idi. Onların böyük hissəsi qəzada bir valideynini, bir qismi isə hər iki valideynini və hətta digər yaxın qohumlarını da itirmişdilər. Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Qazax, Qəbələ, İsmayıllı, Salyan, Quba və Ağdaşdan olan 86 uşağa Hyundai-ın Azərbaycandakı rəsmi təmsilçisi Auto Azərbaycan şirkəti 100 000 ABŞ dolları məbləğində büdcə ilə yardım etdi. Onların hər birinin adına bankda hesab açıldı. Bu hesabda olan məbləğdən uşaqlar 1 il boyu aylıq maddi yardım əldə edəcəklər. Bununla birgə bir neçə ailənin məişət problemləri-təmir, evlərin istilik sistemləri ilə təmin olunması və s problemlər həll olundu. Uşaqların bir çoxuna kompüterlər alındı, bəzilərinin səhhəti ilə bağlı problemlərinin aradan qaldırılmasına yardım edildi.

Aksiyanın son etapında isə bütün uşaqlar və onların valideynləri Auto Azərbaycan şirkətinin əməkdaşları ilə birlikdə Vətənimizin dilbər guşələrindən biri olan Qəbələyə səfər etdilər. Qəbələdə keçirilən bu iki gün nəinki uşaqların, hətta böyüklərin də yaddaşından heç vaxt silinməyəcək. Dağlar qoynundakı komfortlu kotteclər, əsrarəngiz təbiət və ən əsası Avropanın istənilən Luna-parkı ilə rəqabətə girə biləcək “Qəbəblənd” əyləncə mərkəzində keçirilən sevinc və əyləncə dolu bir gün. Qeyd edək ki, “Qəbələnd” rəhbərliyinin dəstəyi ilə həmin gün bütün attraksionlar bu uşaqlar üçün təmənnasız xidmət göstərirdi. Və bunun üçün Auto Azərbaycan şirkəti Əyləncə Mərkəzinin həm rəhbərliyinə, həm də fədakar personalına dərin minnətdarlığını bildirir.
Sadəcə uşaqların təbəssümü kifayətdir ki, biz gələcək illərdə də “Gələcəyimiz üçün əl-ələ” aksiyasına davam edək. Ən böyük arzumuzsa odur ki, bizim avtomobillərimiz insanların həyatına rahatlıq və sevinc bəxş etsin-bu Auto Azərbaycan şirkətinin rəsmi amalı və mövqeyidir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 913

Oxşar yazılar