Avropada yayılan təhlükəli bağırsaq infeksiyası ilə bağlı Azərbaycanda yoxlamalar aparılır
09 iyun 2011 12:33 (UTC +04:00)

Avropada yayılan təhlükəli bağırsaq infeksiyası ilə bağlı Azərbaycanda yoxlamalar aparılır

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Respublika Nəzarət Toksikologiya Laboratoriyasının rəhbəri Yaqub İbrahimov APA-ya bildirib ki, hazırda yaranmış situasiya ilə əlaqədar xidmətin müfəttişləri bazarlardakı xiyarlardan nümunələr götürürlər: “Hazırda laboratoriyada bazarlardan götürülmüş çoxlu miqdarda xiyarın ekspertizası aparılır. Digər məhsulları da yoxlayırıq, amma vəziyyətlə əlaqədar ən çox xiyar yoxlanılır. Biz xiyarın tərkibindəki nitratın, daha doğrusu verilən gübrənin qalıq miqdarını yoxlayırıq. Hələlik ciddi bir şey aşkar olunmayıb. Ola bilər ki, bizim xaricdə olan vətəndaşlardan kimsə həmin virusla xəstələnmiş olun və Azərbaycana gəlsin. Belə hallara qarşı da ehtiyatlı olmaq lazımdır”.

Y. İbrahimov bildirib ki, hazırda Azərbaycan bazarlarında yalnız yerli, bir də İran və Türkiyədən gətirilmiş xiyarlar var: “Ümumiyyətlə ölkəyə daxil olan bütün bitki mənşəli yüklər xüsusi zonaya daxil olur, orada isə xidmətin müfəttişləri onlardan nümunələr götürürlər. Bizdə iki laboratoriya - toksikologiya və ekspertiza laboratoriyaları var. Xəstəlikləri ekspertiza laboratoriyası aşkar edir. Məhsulun tərkibindəki baş verən dəyişiklikləri isə biz yoxlayırıq”.

Azərbaycanın Səhiyyə Nazirliyinin sanitar-epidemioloji nəzarət sektorunun müdiri Viktor Qasımov isə APA-ya deyib ki, infeksiya ilə əlaqədar təmsil etdiyi qurum tərəfindən lazımi nəzarət və müayinələr həyata keçirilir: “Hələlik təhlükəli hal aşkar edilməyib. Sərhəddə Dövlət Gömrük Komitəsi və Dövlət Sərhəd Xidmətinin əməkdaşları fəaliyyətədir. Hər hansı şübhəli hal olarsa, bizə xəbər veriləcək”.

Səhiyyə Nazirliyi infeksiya ilə bağlı xaricə səfərləri məhdudlaşdırmaqla əlaqədar əhaliyə müraciət etməyə hələlik lüzum görmür: “Bu infeksiya yalnız çirkli əllər və çirkli tərəvəz vasitəsi ilə yoluxa bilər. Odur ki, əhali “təmiz əllər, təmiz tərəvəz” prinsipinə riayət etməlidir”.

“Azərbaycan Hava Yolları” QSC də Almaniyada yayılan infeksiya ilə bağlı qabaqlayıcı tədbirlərə başlayıb. Cəmiyyətin xidmət rəisi Məhərrəm Səfərli APA-ya bildirib ki, bu günədək Almaniyadan, eləcə də Avropadan gələn sərnişinlərdə hələ ki, virus aşkarlanmayıb: “Qabaqlayıcı tədbirlər davam etdirilir”.

Qeyd edək ki, Almaniyada təhlükəli bağırsaq infeksiyasından ölənlərin sayı 24-ə çatıb. İsveçdə bu xəstəliyə yoluxanlardan biri ölüb. Dünən isə Gürcüstanda xaricdən gəlmiş bir qadın infeksiyadan dünyasını dəyişib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1355

Oxşar yazılar