Şahlar Əsgərovun 70 illiyi qeyd olunub
08 iyun 2011 14:42 (UTC +04:00)

Şahlar Əsgərovun 70 illiyi qeyd olunub

Lent.az-ın məlumatına görə, iyunun 15-də 70 yaşı tamam olacaq Şahlar Əsgərovun həyat və elmi nailiyyətlərinə həsr edilmiş konfransda YAP siyasi şurasının üzvləri, Azərbaycan Milli Elmlər Akademiyasının bir çox müxbir üzvü, BBU-nun müəllim və tələbə heyəti iştirak edib.

Konfransın aparıcısı YAP İcra Aparatının sədri, deputat Əli Əhmədov çıxış edərək, Şahlar Əsgərovun YAP qurulmasında və güclənməsində xidmətlərindən danışıb, onun 90-cı illərdə Azərbaycan cəmiyyətinin düşdüyü durumdan narahat olan şəxslərdən biri olduğunu qeyd edib. O bildirib ki, Ş.Əsgərov həm elm sahəsində, həm də ictimai siyasi fəaliyyətində həqiqəti tapmış biridir. Ş.Əsgərovun ictimai fəaliyyətindən geniş danışan Ə.Əhmədov bildirib ki, görkəmli alimin həyat yolu və fəaliyyəti partiyanın gənclərinə örnəkdir.

Ə.Əhmədov öz adından və YAP üzvləri adından Şahlar Əsgərovu yubiley münasibətilə təbrik edib, onu hədiyyə və gül dəstəsi bağışlayıb.

Ardınca çıxış edən AMEA-nın müxbir üzvləri Səlahəddin Xəlilov, Arif Bədəlov, Seyid İmamverdiyev və digərləri Ş.Əsgərovun elmə qazandırdığı uğurlardan danışaraq, onun tapıntılarının dünyada qəbul edilən elmi nəticələr olduğunu, bir çox ciddi qurumlar tərəfindən istinad olunduğunu bildiriblər. Onlar da öz növbələrində Ş.Əsgərovu təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzu ediblər.

Tədbirdə YAP üzvləri Fəttah Heydərov, Siyavuş Novruzov, Mübariz Qurbanlı, Məlahət İbrahimqızı, Hadı Rəcəbli və s. iştirak edib.

Çıxışçıların təbriklərini qəbul edən Şahlar Əsgərov konfransın təşkilində əməyi olan şəxslərə və iştirakçılara təşəkkürlərini çatdırıb. O bildirib ki, bundan sonra ömrünün qalan hissəsini də Azərbaycanın dövlət müstəqilliyinin “dönməz, sarsılmaz və əbədi” olmasına həsr edəcək.



Anar GƏRAYLI
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1130

Oxşar yazılar