Azərbaycana Həcc ziyarəti üçün 2 min nəfərlik kvota ayrılıb
07 iyun 2011 12:50 (UTC +04:00)

Azərbaycana Həcc ziyarəti üçün 2 min nəfərlik kvota ayrılıb

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) 2011-ci ilin müqəddəs Həcc ziyarətinə sənəd qəbulunun başlanması ilə əlaqədar məlumat yayıb. Qurumun mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, QMİ Azərbaycan Həcc missiyasının rəhbəri olaraq, Həcc ziyarəti ilə bağlı müqəddəs Məkkə və Mədinə şəhərlərinə səfərləri Səudiyyə Ərəbistanının Həcc nazirliyi ilə imzalanmış protokol əsasında həyata keçirir.

2011-ci ildə Azərbaycandan Həcc ziyarətinə ölkəmiz üçün nəzərdə tutulan kvotaya uyğun olaraq, 2.000 zəvvar avtobus və təyyarələrlə müqəddəs məkanlara yola düşəcək.

Ziyarət səfəri üçün sənəd qəbulu sentyabrın ortalarınadək davam edəcək.

Avtobuslar Azərbaycan-Gürcüstan-Türkiyə-Suriya-İordaniya-Səudiyyə Ərəbistanı marşrutu ilə, təyyarələr isə Bakı-Ciddə, Mədinə-Bakı marşrutu üzrə hərəkət edəcək. 28-31 oktyabr tarixlərində zəvvarlar təyyarələrlə müqəddəs məkanlara yola düşəcəklər. Avtobusların yola düşmə vaxtı barədə, habelə marşrutda dəyişikliklər olarsa, bununla bağlı əlavə məlumat veriləcək. Zəvvarlarımız müqəddəs ziyarətə Türkiyənin tanınmış “Ulusoy” şirkətinə məxsus son model komfortlu avtobuslarla yola düşəcəklər.

Ziyarət səfərləri avtobuslarla 2650 manat (keçən il 2500 manat olub), təyyarə ilə səfər edənlər üçün isə 3750 manat (keçən il 3500 manat olub) dəyərindədir. Bu məbləğə zəvvarların nəqliyyat, mehmanxana, viza xərcləri, torpaqbasdı vergisi, çadırların icarə haqqı daxildir.

Yeniliklər sırasına zəvvarların məcburi həyat sığortası, otellərdə gündə isti yemək və qəlyanaltı daxil olmaqla 2 dəfə yemək, Mina və Ərəfatda isə qəlyənaltıların təklif olunması, habelə Müzdəlifə və Ərəfata zəvvarların dəmiryol qatarı ilə çatdırılması daxildir. QMİ bildirir ki, bütün bu yeniliklərlə bağlı əlavə xərclər, həmçinin Səudiyyə Ərəbistanında otellərin qiymətlərində bahalaşma ziyarət səfərinin qiymətində dəyişikliyə səbəb olub.

Zəvvarları səfər müddətində müqəddəs ziyarətin özəllikləri ilə bağlı məlumatlandıran qrup rəhbərləri, səhhətlərinə nəzarət edəcək həkim briqadaları müşayiət edəcək. Səfər öncəsi zəvvarlara Həcc ziyarətinə dair maarifləndirici ədəbiyyat paylanacaq, habelə mütəmadi təlimatlandırma işi aparılacaq.

QMİ azərbaycanlı zəvvarlara müqəddəs məkanlarda lazımi xidmətin təmini üçün zəruri tədbirləri nəzərdə tutub.

Qeyd edək ki, Həcc ziyarətinə sənəd qəbulu bir həftədən çoxdur, başlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 758

Oxşar yazılar