Ətraf Mühit Günümüz
03 iyun 2011 13:26 (UTC +04:00)

Ətraf Mühit Günümüz

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, XIX əsrin sonlarından başlayan elmi–texniki tərəqqi, sənayenin sürətli inkişafı nəticəsində ətraf mühitə edilən təsirlər XX əsrin ortalarında öz mənfi nəticələrini büruzə verməyə başlayıb.

Artıq insanlar təbiətə olan münasibətlərini dəyişməyəcəkləri, onun ehtiyatlarından səmərəsiz istifadəyə son qoymayacaqları təqdirdə bu prosesin onların özlərinə qarşı çevriləcəyini və arzuolunmaz nəticələrə gətirib çıxaracağını anlayıblar. Bu problemin gələcəkdə qlobal kataklizmlərə səbəb olacağını başa düşən alimlər, ekoloqlar öz etiraz səslərini ucaltmağa, həyəcan təbili çalmağa başlayıblar.

Problemin ciddiliyini dərk edən beynəlxalq təşkilatlar, tərəqqipərvər dünya ictimaiyyəti məsələni daim diqqət mərkəzində saxlamağa çalışıb.

5 iyun 1972–ci il tarixində Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının İsveçin paytaxtı Stokholm şəhərində keçirilən iclasında ətraf mühitin mühafizəsi məsələsi diqqət mərkəzində olmuş, problemin kəskinliyini, əhali arasında ekoloji şüurun yüksəldilməsinin, ətraf mühitin mühafizəsi problemlərinə diqqətin yönəldilməsinin vacibliyini nəzərə alan iştirakçılar 5 iyunun Ümumdünya Ətraf Mühit Günü kimi qeyd olunmasına qərar vermiş və növbəti ildən başlayaraq həmin gün bütün dünyada təntənəli şəkildə qeyd olunmağa başlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi hər il 5 iyun Ümumdünya Ətraf Mühit Günü ərəfəsində ətraf mühitin qorunması, təbiətdən, yeraltı sulardan, mineral xammal ehtiyatlarından və yerüstü sərvətlərdən səmərəli istifadə edilməsi, onların bərpası və mühafizəsi, bioloji müxtəlifliyin qorunub saxlanılması məqsədi ilə müxtəlif tədbirlər həyata keçirir. Keçən il olduğu kimi bu il də Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu ilə birlikdə 5 iyun Ümumdünya Ətraf Mühit günü ilə əlaqədar jurnalistlər arasında elan olunmuş “Ekologiya mövzusunun kütləvi informasiya vasitələrində işıqlandırılmasına dəstək” birgə layihəsi üzrə ekoloji mövzuda yazılmış ən yaxşı məqalə və telereportajların qaliblərini mükafatlandıracaq. Jurnalistlər və telereportyorlar ekoloji vəziyyətin sağlamlaşdırılması, ətraf mühitin, təbii sərvətlərin, biomüxtəlifliyin mühafizəsi və qorunub saxlanması, təbiətdən davamlı istifadənin təmin olunması, təbliğ edilməsi və əhalinin məlumatlandırılması məqsədi ilə ekoloji mövzuda yazdıqları məqalə və telereportajları artıq müsabiqə komissiyasına təqdim ediblər.

5 iyun Ümumdünya Ətraf Mühit Günü ərəfəsində Bakıda və respublikanın rayonlarında ictimaiyyətlə birgə iməciliklər təşkil olunacaq, yaşıllıqlara qulluq ediləcək, o cümlədən, bir sıra ərazilər məişət tullantılarından təmizlənəcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1401

Oxşar yazılar