Xaricdə təhsil almaq istəyənlər üçün sənəd qəbulu başladı
02 iyun 2011 18:31 (UTC +04:00)

Xaricdə təhsil almaq istəyənlər üçün sənəd qəbulu başladı

Təhsil Nazirliyi elan verib. Lent.az-ın Təhsil Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, nazirlik 2011-2012-ci tədris ilində Azərbaycan Respublikası Prezidentinin 16 aprel 2007-ci il tarixli 2090 nömrəli sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində təhsil almaq məqsədilə xarici ölkələrin ali məktəblərinə informasiya texnologiyaları, mühəndislik, neft sənayesi, tibb, riyaziyyat, fizika, biologiya, kimya, ekologiya, kənd təsərrüfatı, turizm və mühasibat uçotu ixtisasları üzrə qəbul olunanların sənəd qəbulunu elan edib.


Müsabiqədə orta və ali məktəbdə təhsil aldığı dövrdə yüksək nailiyyətlər əldə etmiş, Nazirlər Kabinetinin müvafiq Sərəncamları ilə təsdiq edilmiş “Xarici ölkələrdə təhsil alacaq Azərbaycan gənclərinin seçim Qaydaları”na və “Azərbaycan gənclərinin xaricdə təhsil almaları məqsədi ilə seçilmiş ali təhsil müəssisələrinin siyahısı”na uyğun olaraq xarici ölkələrin ali məktəblərində təhsil alan və ya təhsil almağa dəvət (şərtsiz) almış Azərbaycan Respublikası vətəndaşları iştirak edə bilər.


Bakalavr dərəcəsi üzrə təhsil almaq məqsədilə müsabiqədə iştirak etmək üçün aşağıdakı sənədlər təqdim olunmalıdır:

- elektron ərizə (çap edilərək imzalanmış nüsxə);

- 2011/2012-ci dərs ilində xarici ali təhsil müəssisələrinə qəbul olunanlar üçün qəbul haqqında müvafiq sənədin notariat qaydada tərcümə və təsdiq edilmiş surəti və ümumi orta təhsil haqqında* və ya orta ixtisas təhsili haqqında notariat qaydada təsdiq edilmiş sənədin surəti;

- hazırda xarici ali təhsil müəssisəsində təhsil alanlar üçün müvafiq aliməktəbdə təhsil almaq barədə təsdiqlənmiş sənədin və transkriptin (fənlər üzrə akademik göstəricilər) notariat qaydada tərcümə və təsdiq edilmiş surətləri;

- ölkənin ali təhsil müəssisələrinin bakalavr səviyyəsində təhsil alanlar üçün tələbə qəbulu üzrə aparılan test imtahanında göstərdiyi nəticələri təsdiq edən sənəd;

- tələb olunan tədris dili imtahanının (TOEFL, IELTS və s.) və digər imtahanların verilməsi üzrə müəyyən olunmuş rəsmi sertifikatın notariat qaydada təsdiq edilmiş surəti (mövcud olduğu halda);

- bitirdiyi ümumi orta və ya orta ixtisas təhsili və ya hazırda təhsil aldığı ali təhsil müəssisəsi tərəfindən rəsmi şəkildə təsdiqlənmiş tövsiyə məktubları (2 ədəd);

- fəxri təltiflər, sertifikatlar, diplomlar və digər bu kimi sənədlərin surətləri (mövcud olduğu halda);

- sağlamlıq haqqında arayış (AZS-086 nömrəli tibbi arayış);

- tərcümeyi-hal (CV)

- 3,5x4,5 sm. ölçüdə 6 ədəd rəngli fotoşəkil

- şəxsiyyət vəsiqəsinin surəti

- ümumvətəndaş pasportunun surəti

Qeyd edək ki, 2010-2011-ci dərs ilində orta məktəbi bitirən ərizəçilər orta təhsil haqqında sənəd (attestat) aldıqdan sonra müraciət edə bilərlər.

Magistratura, ordinatura, aspirantura, elmlər namizədi, rezidentura və elmlər doktoru dərəcəsi üzrə təhsil almaq məqsədilə müsabiqədə iştirak etmək üçün aşağıdakı sənədlər təqdim olunmalıdır:

- elektron ərizə (çap edilərək imzalanmış nüsxə);

- 2011-2012-ci dərs ilində xarici ali təhsil müəssisələrinə qəbul olunanlar üçün qəbul haqqında müvafiq sənədin notariat qaydada tərcümə və təsdiq edilmiş surəti;

- hazırda xarici ali təhsil müəssisəsində təhsil alanlar üçün müvafiq ali məktəbdə təhsil almaq barədə təsdiqlənmiş sənədin və transkriptin (fənlər üzrə akademik göstəricilər) notariat qaydada tərcümə və təsdiq edilmiş surətləri;

- işlədiyi müəssisədən və ya təhsil aldığı ali məktəbdən 2 ədəd tövsiyə məktubları (xaricdə təhsilin alan və ya işləyənlər üçün – notariat qaydada tərcümə və təsdiq edilmiş surətləri);

- notariat qaydada təsdiq edilmiş ali təhsil haqqında bakalavr, magistr və ya elmlər namizədi diplomlarının əlavələrlə birlikdə surətləri (xaricdə təhsilini başa vuranlar üçün – notariat qaydada tərcümə və təsdiq edilmiş surətləri);

- tələb olunan tədris dili imtahanının (TOEFL, IELTS və s.) və digər imtahanların verilməsi üzrə müəyyən olunmuş rəsmi sertifikatın notariat qaydada təsdiq edilmiş surəti (mövcud olduğu halda);

- digər təhsil müəssisələrində, kurslarda, ordinatura, aspirantura və magistraturada oxumağı təsdiqləyən sənədlərin notariat qaydada təsdiqlənmiş surətləri (xaricdə təhsilini başa vuranlar üçün - notariat qaydada tərcümə və təsdiq edilmiş surətləri);

- sağlamlıq haqqında arayış (AZS-086 nömrəli tibbi arayış);

- elmlər namizədi və ya elmlər doktoru dərəcəsi almaq üçün xarici ölkədə təhsil almaq istəyən şəxslər üçün müvafiq sənədlərə əlavə olaraq tədris və tədqiqat işinə dair ümumi məlumat, həmçinin, məqalə, tezis, monoqrafiya, digər elmi nəşrlər və tədris-metodiki işlərin siyahısı;

- tərcümeyi-hal (CV)

- 3,5x4,5 sm. ölçüdə 6 ədəd rəngli fotoşəkil

- şəxsiyyət vəsiqəsinin surəti

- ümumvətəndaş pasportunun surəti

Qeyd edək ki, bakalavrdan sonrakı təhsil səviyyəsi üçün müraciət edən, həqiqi hərbi xidmətə çağırışçı olan namizəd müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ aldığını təsdiq edən sənədi və ya hərbi xidmət keçdiyi halda, hərbi biletin notariat qaydada təsdiq olunmuş surətini təqdim etməlidir.

elektron ərizə formasını doldurub, çap edib imzalayaraq, müvafiq müsabiqədə iştirak etmək istəyənlər sənədlərlə birgə Təhsil Nazirliyində qeydiyyatlarını təsdiq etdirməlidirlər. Müraciətlərin təsdiqi, elektron ərizə doldurularkən ərizəçilər tərəfindən seçilmiş qəbul vaxtlarında Təhsil Nazirliyində həyata keçirilir. Təhsil Nazirliyinə təqdim olunmuş sənədlər geri qaytarılmır. Müraciət üçün son müddət 20 avqustdur.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1630

Oxşar yazılar