Millət vəkili Qənirə Paşayeva İsraildə BMT Baş katibinin müavini ilə görüşüb - FOTO
31 may 2011 11:33 (UTC +04:00)

Millət vəkili Qənirə Paşayeva İsraildə BMT Baş katibinin müavini ilə görüşüb - FOTO

YUNESKO, MASHAV – İsrailin Beynəlxalq Əməkdaşlığın İnkişafı Agentliyi, İsrailin Xarici İşlər Nazirliyi və “The Golda Meir Mount Carmel” Beynəlxalq Treninq Mərkəzinin təşkilatçılığı ilə keçirilən beynəlxalq konfransda qızların təhsilinin artırılması, təhsilin bütün pillələrində gender bərabərsizliyinin aradan qaldırılması, xüsusilə elm, texnologiya və innovasiyalarda qadınların rolunun artırılması, bu istiqamətdə dünyada hökm sürən gender bərabərsizliyinin aradan qaldırılması yolları ətrafında 4 gün ərzində dünyanın 60-a yaxın ölkəsindən gəlmiş qadın nazirlər, millət vəkilləri, beynəlxalq təşkilatların rəsmiləri, nüfuzlu qeyri-hökumət və ictimai təşkilatların rəhbərləri və mütəxəssislər müzakirələr aparacaq. Sonda bu istiqamətdə görüləcək işləri özündə əks etdirən sənəd qəbul olunacaq.

Beynəlxalq konfransda iştirak edən millət vəkili, Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü, qurumun qadın və kişi bərabərliyi komitəsinin üzvü, siyasi elmlər üzrə fəlsəfə doktoru Qənirə Paşayeva beynəlxalq konfransın açılışı günü YUNESKO-nun Baş direktoru İrina Bokova ilə görüşüb. Baş direktor Azərbaycanla təşkilat arasında yüksək səviyyəli əməkdaşlıq olduğunu, Azərbaycanın birinci xanımı, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın fəaliyyətini yüksək qiymətləndirdiklərini vurğulayıb. Fikir mübadiləsinin sonunda millət vəkili Qənirə Paşayeva YUNESKO-nun Baş direktoru İrina Bokovaya Azərbaycan həqiqətlərini, Azərbaycanın ayrılmaz parçası olan Dağlıq Qarabağda və Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarında vəziyyəti özündə əks etdirən materialları təqdim edib.

Beynəlxalq konfransın açılış günü millət vəkili Qənirə Paşayeva həmçinin İsrailin elm və texnologiyalar naziri Daniel Hershkovitz, MASHAV - İsrailin Beynəlxalq Əməkdaşlığın İnkişafı Agentliyinin rəhbəri, İsrail Xarici İşlər Nazirliyi Baş direktorunun müavini Haim Divon, Hayfa Universitetinin prezidenti Aaron Ben Zeev, “The Golda Meir Mount Carmel” Beynəlxalq Treninq Mərkəzinin direktoru Mazal Renfordla da görüşüb və fikir mübadiləsi aparıb. Xanım Renfordla görüşün sonunda millət vəkili ona və rəhbərlik etdiyi mərkəzə Azərbaycan həqiqətlərini özündə əks etdirən materiallar, kitablar da təqdim edib.

Qənirə Paşayeva konfrans çərçivəsində BMT Baş katibinin müavini Dr.Asha-Roze Miqiro ilə görüşüb. Millət vəkili Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarını, soyqırımları, minlərlə azərbaycanlını qətlə yetirməsini, minlərlə azərbaycanlını əsir və girov götürərək onlara qarşı amansız işgəncələr həyata keçirməsini, bu gün də onlarla azərbaycanlının Ermənistanda əsir və girov saxlanılmasını, Azərbaycanın və dünyanın qədim mədəniyyət beşiyi olan Şuşada və ümumiyyətlə işğal etdiyi bütün Azərbaycan torpaqlarında azərbaycanlılara məxsus tarixi-mədəni, dini abidələri, qəbiristanlıqları məhv etməsini, 1 milyon azərbaycanlını 15 ildən artıqdır ki, öz yurd-yuvasına dönməsinə imkan verməməsini özündə əks etdirən materialları təqdim edib. Millət vəkili bütün azərbaycanlıların BMT rəhbərliyindən təşkilatın Təhlükəsizlik Şurasının 4 qətnaməsinin yerinə yetirilməsi istiqamətində səylərini daha da artırmalarını gözlədiklərini bildirib.

BMT Baş katibinin müavini Dr.Asha-Roze Miqiro qaçqın və məcburi köçkün qadınlarla bağlı fikir mübadiləsinin onun üçün əhəmiyyətli olduğunu bildirib və onların problemlərinin həlli istiqamətində öz səylərini artıracağını deyib.

Beynəlxalq konfrans 4 gün davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 621

Oxşar yazılar