Böyük qəhrəmanların kiçik nəvəsinə kim sahib çıxacaq? - FOTO
27 may 2011 22:19 (UTC +04:00)

Böyük qəhrəmanların kiçik nəvəsinə kim sahib çıxacaq? - FOTO

Bir neçə gün öncə redaksiyamıza Tovuz şəhər sakini, 37 yaşlı Aqşin Musayev tərəfindən daxil olan müraciət bizi möhkəm təsirləndirdi. Müraciətdə övladının ağır xəstə olduğunu və müalicə etdirmək üçün heç bir imkanının olmadığını yazan ata uşağın həyatını xilas etmək üçün ona heç kim tərəfindən yardım edilmədiyini yazırdı. Lent.az-ın əməkdaşı məktub sahibi ilə görüşüb.


Qəhrəmanların nəvəsi aciz durumda

37 yaşlı Aqşin Musayevlə açıq kafelərin birində görüşüb söhbətə başladıq. Müsahibimizin işsiz və imkansız olduğunu bildirdi. Dediyinə görə, ikinci övladının anadangəlmə ürəyində qüsur var. 9 yaşlı Ülfət Musayev 1 ildən artıqdır ki, daha da şiddətlənən xəstəliyin pəncəsindədir. Ata övladının həyatının risk altında olmasından narahatdır.



Övladının müalicəsi üçün olan-olmazını, evinin bütün dəyərli əşyalarını satdığını deyən Aqşin Musayev bunun bir xeyri olmadığını deyir. Uşağın sağalması üçün daha çox vəsaitə və daha yaxşı müalicəyə ehtiyacı var. Lakin balaca Ülfəti nə müalicə edən var, nə də xəstəliyinə görə ona verilməli olan müavinəti təyin edən.


Qeyd edək ki, Aqşin Musayev Sovet İttifaqı Qəhrəmanı Mərdan Musayevin nəvəsidir. Mərdan Musayevin büstü digər 2 tovuzlu Sovet İttifaqı Qəhrəmanı ilə yanaşı Tovuz şəhərindəki Qəhrəmanlar Parkında ucalır, şəhərdə adına küçə də və rayonda digər obyektlər də var.


Mərdan Musayevin böyük qardaşı Şahinalı isə Türkiyənin xalq qəhrəmanıdır. Türkiyədə Aynalı adı ilə tanınan Şahinalı kişi Qurtuluş Savaşında böyük qəhrəmanlıqlar göstərib və Çanaqqala uğrunda döyüşlərdə ad çıxarıb. Bu qəhrəmanlığına görə Mustafa Kamal Atatürk tərəfindən xüsusi mükafata layiq görülüb.


Qəhrəmanların nəvəsinin 1 ildir ki, döymədiyi qapı, müraciət etmədiyi qurum qalmayıb. Amma heç bir yerdən kömək olmayıb. Yalnız bir ünvandan ümid işığı yanıb, təəssüf ki, bəzilərinin məsuliyyətsizliyi üzündən bu nəcib hərəkət də nəticəsiz qalıb.


Heydər Əliyev Fondundan balaca Ülfətə ümid işığı

2010-cu il dekabr ayının sonlarında Aqşin Musayev həm Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya, həm də Tovuzdan millət vəkili seçilmiş Qənirə Paşayevaya məktub ünvanlayıb. Hər iki məktuba cavab aldığını deyən Tovuz sakini Fonddan verilən tövsiyə məktubu ilə uşağı Bakıya gətirdiyini, amma uşağın göstərişdə olduğu kimi əsaslı müayinə edilmədiyini deyir.
Atanın sözlərinə görə, uşaq yanvarda Mərkəzi Klinik Xəstəxanada həkim Elnur İmanov tərəfindən müayinə olunub, daha sonra Topçubaşov adına Xəstəxanaya aparılıb. Lakin uşaq ciddi müayinə olunmayıb. Daha aydın desək, Topçubaşov adına xəstəxanada Ülfəti rentgen və başqa aparatlar vasitəsi ilə müayinə etməyiblər, sadəcə qulaqcıq vasitəsi ilə ürəyinə qulaq asılıb və diaqnoz qoyulub: “Uşaq adi ürək xəstəsidir”.


Aqşinin sözlərinə görə, mart ayında həmin xəstəxananın həkimi Sevil Tağıyeva sənəd verib ki, uşağa pensiya düşür, həmin sənədi baş həkim R.Zamanova da imzalayıb: “Amma sənədə baxan kimdir? BTEK-də deyirlər ki, bu uşağa pensiya düşə də bilər, düşməyə də. Bu nə deməkdir? Qanunla düşürsə versinlər, düşmürsə verməsinlər.
Tovuz rayon pensiya idarəsində (Sosial Təminat Şöbəsi - red) isə deyirlər, buna pensiya düşmür. Bu idarədə mənə dedilər ki, uşaq şikəst deyil. Mənim dərdim pensiya almaq deyil, ən böyük arzum uşağımın müalicə olunub sağalmasıdır. Lakin pensiya ayrılsa, heç olmasa, dərmanlarının bir hissəsini bu pulla ala bilərdik. Bizim ailəyə ayda 100-150 manat pul gəlir, onun da yarısı kommunal xərclərə gedir”.


“Oğlumun müalicəsinə gücüm yetmədiyindən özümü bağışlaya bilmirəm”

Aqşin Musayevin sözlərinə görə, həkimlər deyib ki, müalicəni Bakıda etdirməlidir: “Müalicəyə isə xeyli pul lazım olacaq. Nə mən, nə də həyat yoldaşım işləmirik, ayda 100 manat sosial yardım alıram, ötən il onun da 5 ayını kəsdilər. Bu pul Ülfətin ən adi dərmanlarının pulunu ödəmir, nəinki ailəmizin ehtiyacını. Kommunal xidmətlərə xeyli borcum var. Oğlumdakı ürək qüsuru elə-belə xəstəlik deyil, buna “parok” da deyirlər. Müalicə almazsa, sonu yaxşı olmayacaq. Son bir həftədə 2 dəfə ürəyi tutub, hər ikisində huşunu itirib, birinci dəfə parkda oynayanda yıxılıb qıçını sındırıb, ikinci dəfə də həyətdə özündən gedib yıxılıb və qolu çıxıb. Son günlərdə tez-tez ürəkkeçməsi olur. İndi elə vəziyyətdədir ki, ona hər baxanda özümü bağışlamıram ki, onu müalicə etdirməyə imkanım yetmir”.


Aqşin son ümid kimi üzünü mətbuata tutub: “Bütün media əhlinə qapım açıqdır, gəlsinlər evimə, şəraitimə və oğlumun durumuna baxsınlar. Babalarımız bu millətin, bu vətənin uğrunda canlarını fəda edib, amma indi onun nəvələrini nə müalicə edirlər, nə də qanuni haqqı olan müavinətini təyin edirlər. Babaları böyük qəhrəmanlar olan bu uşaq da böyüyüb bir gün Vətən üçün canını fəda edə bilər”.



Elçin Bayramlı

P.S. Aqşinlə söhbətimizdə qəhrəman babalarının fotosunu istədik - Sovet İttifaqı Qəhrəmanı Mərdan Musayevin fotosunu gətirdi, digərini isə göndərəcəyinə söz verdi. Dünən redaksiyaya zəng etdi - “yaxın qohumuma nə qədər yalvardım, fotunun surətini götürməyə də imkan vermədilər” - dedi...
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1492

Oxşar yazılar