Bu il ali məktəblərə 105160 abituriyent müraciət edib
27 may 2011 12:45 (UTC +04:00)

Bu il ali məktəblərə 105160 abituriyent müraciət edib

Lent.az-ın məlumatına görə, TQDK sədri bildirib ki, jurnal iyun ayının 1-də satışda olacaq. Jurnalda 2010-2011-ci il universitetlərə qəbulla bağlı son qaydalar, ixtisaslara uyğun ballar, həmçinin, bir sıra xüsusi qabiliyyət imtahanı tələb edən fakültələrə qəbulun qaydaları qeyd olunub.


M,Abbaszadə deyib ki, bu il ali məktəblərə qəbul imtahanlarına 105160 abituriyent müraciət edib. Son məlumata görə, bunlardan 98961-i sənədlərini təsdiqlədib. Sənədlərinin hələ də təsdiqlətməyən təxminən 7 minə yaxın abituriyent üçün isə cəmi iki gün vaxt qalıb. Bayram günlərində sənədlərin təsdiqlənməyəcəyini bəyan edən TQDK sədri bu iş üçün abituriyentlərin bu gün və mayın 31-i müraciət etməli olduqlarını söyləyib. Mayın 31-i sənədlərin təsdiqi üçün son gündür.


TQDK sədri qeyd edib ki, hazırda ölkəmizdə elektron imza işləmədiyi üçün sənədlərin qəbulu prosesi nisbətən ləng gedir. Ancaq elektron imza təsdiqləndikdən sonra artıq abituriyentlərin işi də yüngülləşəcək, sənəd qəbulu komissiyalarının da. Belə ki, bu məsələnin həllini tapmasından sonra abituriyentlər sənədlərini öz elektron imzaları ilə təsdiqləyərək, qəbul komissiyalarına təqdim edəcək.



M.Abbaszadə onu da əlavə edib ki, qəbul imtahanlarına düşəcək sualların çətinlik səviyyəsi bu günə qədər keçirilən sınaq imtahanları ilə eyni olacaq: “Sınaq imtahanlarında real nəticə göstərən abituriyentlər qəbul imtahanında da ona yaxın bal toplayacaqlar”.

Rusiya ali təhsil müəssisələrinə 29 bakalavr, 2 magistr tələbəsi göndərdiklərini bildirən TQDK sədri bunlardan yalnız üçünü Xarici İşlər Nazirliyinin təqdimatı əsasında seçdiklərini söyləyib. Bu il 84 nəfərin ali məktəblərə testdən kənar üsulla qəbul ediləcəyini bəyan edən qurum rəhbəri onu da əlavə edib ki, bu günə qədər sınaq imtahanlarında 246189 abituriyent iştirak edib.


Abituriyentlərin təxminən 20 faizinin qəbul imtahanlarına bəxtəbəxt girdiyini deyən M.Abbaszadə əsas rəqabətin dövlət sifarişli ixtisaslar və II, IV qruplar arasında keçəcəyini qeyd edib.

TQDK sədri onu da vurğulayıb ki, abituriyentlərin ixtisaslarını rahatca seçməsi üçün qarşıda hələ bir ay zaman var: “Abituriyent-3” jurnalı vasitəsilə hər kəs ixtisas seçimini asanlıqla aparacaq”.

Anar GƏRAYLı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 540

Oxşar yazılar