“Sığortalı həyat qəzasız həyat deyil, qəzaya hazırlıqlı həyatdır” - FOTO
27 may 2011 12:18 (UTC +04:00)

“Sığortalı həyat qəzasız həyat deyil, qəzaya hazırlıqlı həyatdır” - FOTO

Lent.az-ın məlumatına görə, bununla bağlı bu gün Beynəlxalq Mətbuat Mərkəzində Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti mətbuat konfransı keçirib.

Tədbirdə xidmətin lisenziyalaşdırma şöbəsinin rəisi Mahiq Abdullayev bildirib ki, Dövlət Sığorta Nəzarəti Xidməti (DSNX) Azərbaycanda sığorta fəaliyyətinə nəzarət edən dövlət orqanıdır. Hazırda xidmət nəinki sığorta fəaliyyətinə nəzarət etməyi, həm də sığorta xidmətlərini təbliğ və təşviq etməyi və insanların sığortadan iqtisadi xidmət kimi maksimal faydalanmasını qarşısına məqsəd qoyub. DSNX rəisi Namiq Xəlilov isə deyib ki, inkişaf etmiş ölkələrin təcrübəsinə görə, sığorta bazarının inkişafı və insanların ondan tam bəhrələnməsi üçün 2 istiqamətdə fəaliyyət göstərmək gərəkdir: sığorta bazarının infrastrukturunun inkişafı üçün “münbit” mühitin yaradılması; əhalinin sığorta sahəsində savadlılıq səviyyəsinin artırılması.

“Azərbaycanda sığortanın inkişafı üçün qanunvericilik üzrə bir çox problemlər həll olunsa da, bazarın inkişafı arzuolunan səviyyədə deyil. Bunun əsas səbəblərindən biri əhalinin sığorta məhsulları haqqında kifayət qədər məlumatlı olmamasıdır. Maliyyə Nazirliyi belə vəziyyəti aradan qaldırmaq məqsədilə vətəndaşların sığorta sahəsində maarifləndirilməsinə diqqətini artırmağı planlaşdırıb” - deyə, N.Xəlilov vurğulayıb. O, Polşanın Maliyyə Nəzarəti Xidməti ilə bununla bağlı razılaşma əldə olunduğunu da bildirib. Xidmət rəisi deyib ki, razılaşmaya əsasən sığorta ilə bağlı Azərbaycanda qanunvericilikdə və praktikada Avropa Birliyinin təcrübəsi tətbiq olunacaq: “Buna əsasən Azərbaycan qanunvericiliyndə sığorta ilə bağlı əlavə və dəyişikliklər də hazırlanacaq. Polşa Avropa Bitrliyinin bir hissəsi kimi bu işdə bizə yardımçı olacaq”.

Artıq bu məqsədlə Dövlət Sığorta Nəzarəti Xidməti AA&M advertising şirkəti ilə birlikdə təbliğat-təşviqat xarakterli TV çarxlar çəkib, video-təlimatlar hazırlayıb, maarifləndirici veb-portal yaradıb. Bu gündən ölkədə maarifləndirici kampaniya başlayır. Konfransda bildirildi ki, bu şüar təsadüfi seçilməyib. Bir çox insanlar gözlənilməz hadisələr nəticəsində çətin maddi duruma düşürlər. Sığorta institutunun bütün dünyada məhz bu durumlar üçün müvəffəqiyyətlə fəaliyyət göstərməsinə baxmayaraq, ölkədə belə problemlər qohumlara müraciət etməklə, bəzən isə əmlakı satmaqla, borc almaqla həll olunur. Nazirliyin fikrincə, insanların bu cür üsullara əl atması onların sığortanın üstünlüklərindən xəbərsiz olması ilə əlaqədardır.

Mübariz Aslanov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 983

Oxşar yazılar