Misir Mərdanov Azərbaycan Dillər Universiteti ilə Oslo Universiteti arasında əməkdaşlığın genişləndirilməsini təklif edib
25 may 2011 17:25 (UTC +04:00)

Misir Mərdanov Azərbaycan Dillər Universiteti ilə Oslo Universiteti arasında əməkdaşlığın genişləndirilməsini təklif edib

Bu gün təhsil naziri Misir Mərdanov Norveç Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erlinq Şönsberq və Oslo Universitetinin professoru Vibeke Roggenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Lent.az-ın Təhsil Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə. təhsil naziri Misir Mərdanov son illər Azərbaycan Respublikası ilə Norveç Krallığı arasında mövcud olan əlaqələrin və təhsil sahəsi üzrə əməkdaşlığın daha da inkişaf etdiyini bildirib.

İkitərəfli əlaqələrin səmərəliliyinin artırılması baxımından birgə layihələrin həyata keçirilməsinin əhəmiyyətli olduğunu vurğulayan təhsil naziri Azərbaycan Dillər Universiteti ilə Oslo Universiteti arasında yaradılmış əməkdaşlıqdan söz açıb. Misir Mərdanov Azərbaycan Dillər Universitetində həyata keçirilən pilot layihənin əhatə dairəsinin daha da genişləndirilməsi təklifini irəli sürüb və layihə çərçivəsində görülən işləri Azərbaycanın Avropa təhsil sisteminə inteqrasiyası istiqamətində atılan mühüm addım kimi dəyərləndirib.


Azərbaycanın 2005-ci ildə Norveç Krallığının Bergen şəhərində keçirilmiş konfransda Boloniya prosesinə qoşulduğunu vurğulayan təhsil naziri bu layihənin də Boloniya prinsiplərinin tətbiqi ilə sıx bağlı olduğunu qeyd edib. Misir Mərdanov pilot layihənin ölkəmizdə reallaşdırılmasını Norveç hökumətinin Boloniya prinsiplərinin həyata keçirilməsinə dəstək kimi qiymətləndirib və Norveç Krallığının ölkəmizdəki səfirliyinə, Oslo Universitetinin əməkdaşlarına təşəkkürünü çatdırıb.


Norveç Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erlinq Şönsberq çıxışında ölkələrimiz arasındakı təhsil əlaqələrindən danışıb. Səfir Oslo Universiteti ilə Azərbaycan Dillər Universiteti arasındakı əməkdaşlıq layihəsi çərçivəsində görülən işlərdən razı qaldıqlarını dilə gətirib. Oslo Universitetinin professoru Vibeke Rogger birgə əməkdaşlıq layihəsi istiqamətində əldə olunan uğurlar, nəzərdə tutulan məsələlər və mövcud problemlər haqqında məlumat verib. Azərbaycan Dillər Universitetində həyata keçirilən pilot layihə üzrə yeni metodların tətbiqi, tədrisin strukturunda aparılan dəyişikliklər barədə danışan qonaq, eyni zamanda bu ali məktəbdə tələbələrin yüksək nəzəri biliklərə malik olduğunu diqqətə çatdırıb. Vibeke Rogger layihə çərçivəsində müəllimlər üçün kurslar təşkil edilməsi, təhsil alanların müstəqil işləmək bacarığının inkişaf etdirilməsi və skandinaviyaşünaslıq ixtisası üzrə lazımi mənbələrin Azərbaycan dilinə tərcümə olunması məsələləri barədə fikirlərini açıqlayıb. Misir Mərdanov da lazım olan kitabların və müvafiq mənbələrin Azərbaycan dilinə tərcümə olunması işinə dəstək göstəriləcəyini bildirib.


Görüşdə Azərbaycan Dillər Universitetinin prorektoru Jalə Qəribova da iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 548

Oxşar yazılar